18 yaşlı yetim bəxtəvərlər...
Kimsəsiz uşaqlara tikilən binalardan biri yekunlaşmaq üzrədir
İnternat evlərdə böyüyən uşaqların 18 yaşdan sonra internat evlərindən məcburən uzaqlaşdırılması və sonrakı talelərinin necə olması hər kəsə bəllidir. Erkən yaşlarında uşaq evinə sığınanlar digər həmyaşıdlarından fərqli olaraq valideyn qayğısı dada bilmədikləri azmış kimi 18 il uşaq evlərində dövlət onlara qayğı göstərdikdən sonra yenidən gənc yaşlarında küçədə qalmaq təhlükəsi ilə üzləşirlər.
Bax, bu zaman vəziyyət həqiqətən də, daha acınacaqlı olur. Kiçik yaşlarında valideynləri, gənc yaşlarında isə dövlət onları saxlamaqdan, yuva verməkdən imtina edir. Uşaq evindən çıxarkən gənclərin əksəriyyətinin gedəsi yeri olmadığı üçün də onlar həyatın ən böyük "şillə”sini küçələrdə dadırlar. Ancaq bundan sonra internat evlərinin nakam sakinləri 18 yaşdan sonra küçələrdə qalmayacaq. Gələn ildən "detdom” uşaqlarının da bir evi olacaq, çünki Azərbaycanda kimsəsiz yeniyetmələr üçün sosial evlər tikilir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib ki, internat məktəblərini bitirən kimsəsiz yeniyetmələrin mənzil təminatı ilə bağlı binaların tikilməsi məsələsi Nazirlər Kabineti tərəfindən həll edilir. Artıq həmin binalardan birinin tikintisinin yekunlaşmaq üzrə olduğunu vurğulayan nazirin sözlərinə görə, mövcud qanunvericiliyə uyğun olaraq, həmin binaların yerləşdiyi ərazi üzrə rayon və şəhər icra hakimiyyətlərinin balansına verilməsi gözlənilir. Çünki onlar normal sosial evlərdir. İnsanlar onlardan öz mənzilləri kimi istifadə edəcəklər. Sadəcə, həmin insanlar o mənzillərə mülkiyyət hüququna, onları satmaq və ya bağışlamaq hüququna malik olmayacaqlar. Bundan əlavə, daha iki binanın da tikilməsinin planlaşdırıldığını vurğulayan S.Müslümov deyib ki, ümumilikdə 360 nəfərlik məkanın yaradılması nəzərdə tutulur. Nazir hesab edir ki, bu binalar hər il həmin kateqoriyaya aid orta təhsilini başa vuran və özünə yaşayış yeri tapa bilməyən insanların məskunlaşması üçün kifayət edəcək.
Kimsəsiz uşaqlar üçün sosial evlərin tikilməsi və artıq internat uşaqlarının da bir evinin olması cəmiyyət tərəfindən təqdir olunub.
Kimsəsizlər üçün sosial evlərin tikilməsini müsbət qiymətləndirən Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə, bu prosesi həyata keçirmək Azərbaycan üçün o qədər də çətin məsələ deyil. Sadəcə, tikilən sosial evlərin vətəndaşların mülkiyyətinə keçməsini önləmək lazımdır. Burada başqa bir problem, çətinlik yoxdur: "Biz sosial ölkə olduğumuz üçün bu cür evlərin tikilib, mənzilə ehtiyacı olan insanlara, kimsəsizlərə verilməsi gərəkdir. Məncə, çox ağıllı təklifdir. Azərbaycanın da bugünkü maliyyə imkanları bu cür evlərin tikilməsinə imkan verir. Asfalta, körpülərə ildə bir dəfə pul ayırıb, havayı xərcləməkdənsə, bir bina tiksinlər. Və bir neçə ailənin mənzilə olan ehtiyacını təmin etsinlər. İnandırım sizi ki, yollara ayrılan milyardların 5 faizini bu sahəyə ayırsalar, mənzilə ehtiyacı olan insanlar üçün böyük bir mikrorayon salmaq olar. Bizdə bu model bu gün məcburi köçkün və qaçqınlara münasibətdə işləyir. Həmin modelin digər vətəndaşlara, xüsusən də kimsəsiz insanlara, internatdan məzun olan uşaqlara qarşı da reallaşdırılması təqdirəlayiqdir. Binaların tikintisinə başlanıldığı üçün artıq demək olar ki, bu sahədə hər şey hazırdır”.
Uşaq hüquqları üzrə ekspert Kəmalə Ağazadə isə açıqlamasında qeyd edib ki, uşaq evləri məzunlarının evlə təmin olunması sevindiricidir: "Həmin uşaqlar müstəqil həyata qədəm qoyarkən artıq kiminsə evində yaşamayacaq və ya heç kimdən asılı olmayacaq. Onlar öz evlərində rahat şəkildə yaşayacaq”.
Uşaq evləri məzunları üçün inşa olunan evlərin hansı meyarlar əsasında məzunlara veriləcəyinə gəlincə, ekspert vurğulayıb ki, əmlak yalnız arzu olunmayan uşaqlara veriləcək: "Arzu olunmayan valideynləri tərəfindən istənilməyən uşaqlar sayılır. Belə ki, o uşaq dünyaya göz açan kimi valideyn körpəni ya internata, ya doğum evi, ya da müxtəlif yerlərə verməklə doğma balasından imtina edir. Həmin uşaq körpəlikdən uşaq evində böyüyür və dövlətin himayəsində olur”.
K.Ağazadənin sözlərinə görə, valideyni olub, amma müəyyən səbəblərdən internata qoyulan uşaqlar gələcəkdə evlə təmin olunmayacaq. Çünki həmin uşaqların valideyni və ya bir doğması olur: "18 yaşı tamam olanda həmin yeniyetmə öz doğmasının yanında yaşaya bilər. Amma atılmış uşaqların bir kimsəsi olmadığı üçün onlar adıçəkilən binada yaşaya biləcək”.
Sosial evlərin zəruri olduğunu vurğulayan ekspertin sözlərinə görə, indi internat evlərində uşaqların taleyi həmin müəssisələrin rəhbərlərinin insafından asılıdır. Onun fikrincə, cəmiyyətdə onlar üçün lazımi şərait yaradılmadığına görə internatların rəhbərləri 18 yaşı tamam olandan sonra da həmin yeniyetmələri internat evlərində saxlamağa məcbur olurlar. Halbuki bu, qanunla qadağan olunub və onlar uşaqların sonrakı taleyinə cavabdeh deyillər. Uşaq evlərindən uzaqlaşan qızların taleyinin daha narahatedici olduğunu vurğulayan K.Ağazadə onların iş tapa bilmədikləri üçün təhlükəli yollara düşdüklərini xüsusi qeyd edib: "Həm oğlanlar, həm də qızlar iş tapa bilmir və cinayətkar qruplar onları öz dairələrinə cəlb edirlər. Məsələn, onlar narkotik alverçilərinin toruna düşə, silah alverinə qoşula, dilənçiliyə, oğurluğa, fahişəliyə cəlb edilə bilərlər. Qızların qadın alverçilərinin qurbanına çevrilmək qorxusu isə daha böyükdür”.
Şəymən