2 qəpiklik bahalaşma...
Benzinin qiymətinin artması digər məhsulların qiymətinə təsir edəcək
Azərbaycanda gözlənilmədən benzinin və dizelin qiymətinin qalxması günün mövzusuna çevrilib. Hətta yanvarın 12-si axşam saatlarından etibarən benzinin bahalaşması ilə bağlı yayılan xəbərlər ölkədə narazılıq doğurub. Dünyada neftin qiymətinin iki dəfəyə yaxın aşağı düşdüyü halda Tarif Şurasının benzinin qiymətini qaldırmasına etiraz edən insanlar haqlı olaraq bu siyasətin yolverilməz olduğunu iddia edirlər. Təbii ki, bahalaşmanın bu qədər ajiotaj yaratmasına səbəb 2 qəpiklik artım deyil. Bəllidir ki, benzinin qiymətinin artırılması məmur-oliqarxların inhisarında olan bütün ərzaq mallarına da dərhal təsir edəcək və ölkədə total bahalaşma başlayacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Tarif Şurasının iclasında müvafiq qərar qəbul edilib və yol vergisi əlavə olunmaqla "Aİ-92” markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiyməti 2 qəpik bahalaşıb. Bahalaşmadan sonra "Aİ 92” 72 qəpiyə, dizel yanacağı isə 62 qəpiyə olub.
Mütləq qaydada nəqliyyat sahəsində qiymət artımı qaçılmaz olacaq
2 qəpiklik artımın ilk baxışda ümumi vəziyyətə elə də ciddi təsir göstərməyəcəyini düşünməyin tamamilə yanlış olduğunu vurğulayan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehdiyev bildirib ki, məsələyə baş verən proseslərin kontekstində baxmaq lazımdır: "Dünya bazarında neftin qiymətinin düşdüyü bir zamanda vətəndaşlar Azərbaycanda yanacağın ucuzlaşmasını gözlədiyi bir vaxtda hökumət əks qərar verdi. Təbii ki, əhalinin narazılığı haqlıdır”.
Ekspertin sözlərinə görə, qiymət artımına səbəb kimi yol vergisinin ləğv olunmasının göstərilməsi əsassızdır: "Ona görə ki, yol vergisinin ləğv olunması şəraitində belə itirilən məbləği indiki qiymətlərdən götürmək mümkün idi.
İndiki təqdirdə yanacaq və dizelin bahalaşması ilk növbədə kənd təsərrüfatına ciddi təsir edəcək. Yəqin ki, hökumət sonrakı mərhələdə dizelin qiymətinin qalxması ilə bağlı kənd təsərrüfatına verilən kompensasiyaların artırılmasına qərar verəcək. Hər halda, bu ilin "kənd təsərrüfatı ili” elan edilməsi bunu deməyə əsas verir. Bütövlükdə bu il qiymətlərin artırılması istiqamətində atılan bir sıra addımlar içərisində buna kompleks baxmaq lazımdır. Xüsusilə, ölkəyə gətirilən, böyük həcmli mühərrikə sahib avtmobillərin qiymətinin qalxması və bu konktekstdə təbii ki, böyük həcmdə benzin istifadə edən avtmobillərə daha çox təsir edə bilər”.
Azər Mehdiyev bildirib ki, indiki halda vətəndaşların haqlı narazılığının əsas səbəbi dünyada neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycanda yanacağın bahalaşmasıdır: "Söhbət artımı göstərən rəqəmin 2 qəpik olmasına baxmayaraq, həmin qəpiklərin yığılması hesabına toplanan 200 milyondan çox vəsaitdən gedir. Bu vəsait bütün hallarda əhalinin cibindən çıxacaq.
Mütləq qaydada nəqliyyat sahəsində qiymət artımı qaçılmaz olacaq. Eyni zamanda, inzibati qaydada qiymətin aşağı salınması və ya bunun qarşısının alınması göstərilən xidmətlərin keyfiyyətinin çox-çox aşağı düşməsinə gətirib çıxaracaq”.
Benzinin qiymətində bir daha artım görməyəcəyik
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban isə deyib ki, iki qəpiklik artım hər şeyin qiymətini artıracaq. O da qiymət artımının büdcədə yaranmış kəsiri doldurmaq üçün həyata keçirildiyini bildirib: "Gürcüstanla Azərbaycanda benzinin qiymətilə bağlı situasiyalar fərqlidir. Gürcüstan bazarında çox sayda oyunçular var. Həmçinin, Gürcüstanın büdcəsi yanacaq bazarından formalaşmır. Azərbaycandakı məsələ isə sırf 2015-ci ilin büdcə kəsiri ilə bağlıdır. Bu mənim düşündüyümdür. Çünki iki qəpik artımın SOCAR-ın büdcəsinə və onun emal müəssisəsinə heç bir aidiyyəti yoxdur. Bu, aksiz vergisidir. Yəni bu, birbaşa Vergilər Nazirliyinə daxil olan bir məbləğdir, amma çox kiçik məbləğdir. Bununla büdcəyə hər hansı xeyir vermək olmaz. Çünki Azərbaycanın 2015-ci ildə büdcə kəsiri 1,7 milyard manatdır. Bu büdcə kəsiri neftin 90 dollar qiymətinə hesablanıb. Bu gün brend markalı neft 45 dollardır və bu rəqəm büdcədən nəzərdə tutduğumuz məbləğdən iki dəfə aşağıdır. Neft hələ də ucuzlaşır və bədbin proqnozlar verilir. Büdcəmizin 65 faizi neftdən asılıdır. Hökumət bunu nəyinsə hesabına doldurmaq haqqında fikirləşir. İndi bu 2 qəpik artım multi-effektə hesablanmış addım olacaq. Bunun ardınca nəqliyyat və digər sahələrdə müsbət artım olacaq. İki aydır Nəqliyyat Nazirliyi özünü öldürür ki, biz rentabelli deyilik. Digər bir tərəfdən də neçə milyonluq avtobus alıblar. Bunun nəticəsində ictimai nəqliyyatda qiyməti artıracaqlar. Qiyməti artıran kimi multi-effektli hər şeydə qiymət artacaq. Əgər hər şeyin qiyməti artırsa, vətəndaş öz kisəsindən bu artımları ödəyir. O artımların hesabına ümumi daxili məhsul, həm də büdcəyə yığımlar artır. Həmçinin bununla bir qisim vergiləri və büdcə gəlirlərini kompensasiya etmiş olursan. Benzinin qiymətində bir daha artım görməyəcəyik”.
Yol vergisinin ləğv edilməsinin benzinin qiymətinin qalxmasının üzərinə transfer olunduğunu təsdiqləyən İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, parlamentin tənzimlənən qiymətlərin pərakəndə satış qiymətinə təsir imkanı yoxdur:
"Strateji məhsulların qiyməti yalnız Tarif Şurası tərəfindən dəyişdirilə bilər. Strateji məhsulların qiyməti Tarif Şurasında müəyyənləşdirildiyi üçün Tarif Şurası topdansatış qiymətlərinə tətbiq etdiyi 2 qəpiyi, pərakəndə satış qiymətlərinə transfer edib. Həmin 2 qəpiyi sahibkarlar deyil, vətəndaşlar ödəyəcək”.
Hazırda neft alan ölkələrdə benzinin qiymətinin aşağı düşdüyünü deyən ekspertin sözlərinə görə, neftin dünya bazarında qiyməti aşağı düşdükdən sonra Almaniyada benzinin qiyməti 12 faiz, ABŞ-da isə 15 faiz azalıb. Bir sıra ölkələrdə qiymət azalmaları müşahidə olunur. Əksinə, neft satan ölkələrdə benzinin qiyməti artıb: "İndoneziyada benzinin qiyməti 20 faiz, Malayziyada 10 faiz artıb. Bu əks mənzərənin yaranmasının əsas səbəbi onunla bağlıdır ki, neft alan ölkələr daha ucuz neft alır və onlarda istehsal olunan benzin ucuz başa gəlir. Neft satan ölkələrdə neft çıxardan və benzin istehsal edən şirkətlər əsasən eyni şirkətlərdi. Azərbaycanda 1 barrel neftin qiyməti 15 dollardı, indiki halda belə ARDNŞ mənfəət əldə edir. Neftin dünya bazarında qiymətinin aşağı düşməsi səbəbindən ölkəyə daxil olan vəsaitlərin həcmi azaldığına görə bəzi ölkələr aksiz vergilərini artırmaqla büdcədə yaranan boşluğu doldurmağa çalışırlar. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi səbəbindən bir çox ölkələr dövlət büdcəsinə təsirlərini daha çox aksiz vergilərlə ödəməyə çalışıblar ki, bu da neft istehsal edən ölkələrdə benzinin qiymətinin artımına, benzin alan ölkələrdə isə qiymət azalmasına səbəb olub”. Ölkəmizdə baş verən 2 qəpiklik artımın il ərzində dövlət büdcəsinə 60 milyon manat əlavə gəlirin daxil olmasına gətirib çıxaracağını deyən V.Bayramov bildirib ki, bu artım birmənalı olaraq neftin dünya bazarında qiymətinin aşağı düşməsi fonunda dövlət büdcəsinə mənfi təsirləri kompensasiya etmək məqsədi daşıyır. Hökumət çalışır ki, büdcəyə qeyri-neft sektorundakı daxilolmaları artırsın. Bununla da neftin dünya bazarında qiymətinin aşağı olması səbəbindən dövlət büdcəsinə təsirləri minimuma endirmək mümkün olsun”.
Şəymən