"20 ölkədən 56 deputat Azərbaycanın mövqeyini müdafiə edib"






Avropa Parlamentində "Azərbaycanın Dostları Klubu” yaradılıb”.

Bu barədə "Sherg.az”a millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov"20 ölkədən 56 deputat Azərbaycanın mövqeyini müdafiə edib" məlumat verib.

Fevral ayının 5-dən 9-a qədər Strasburqda Avropa Parlamentində səfərdə olduqlarını söyləyən parlamentari qeyd edib ki, onlar Azərbaycan-Avropa İttifaqı Parlamentlərarası Əməkdaşlıq Komitəsi çərçivəsində təmsil olunublar:

"Bu komitənin həmsədri də deputat həmkarımız Cavanşir Feyziyevdir. Biz 5 nəfərlik heyət komitəyə getmişdik. Səfər çərçivəsində hədəfimiz o idi ki, Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsində dostlarımız formalaşsın və mövqeyimizi müdafiə etsinlər.

Ötən ildən bu istiqamətdə işlər aparılırdı. Çoxsaylı görüşlərimiz, Avropaya səfərlərimiz olmuşdu. İndiyə qədər görülən işlər artıq müəyyən bağ yaratdı və nəticədə bu qurumu tərtib etdik. Bu səfərimiz çərçivəsində də çoxsaylı görüşlərimiz oldu. Hər birimiz gün ərzində Avropa Parlamentinin 9-10 deputatı ilə görüşlər keçirdik. Bəzən nəticə əldə edir, bəzən isə görüş istədiyimiz kimi yekunlaşmırdı. Fevralın 7-də Azərbaycanın mövqeyini müdafiə etməyə, dost olmağa razı olan deputatlar üçün rəsmi ziyafət təşkil edildi. 40-a yaxın deputatın qatıldığı görüşə 20 dövlətin təmsilçisi qoşuldu. Görüş sayəsində "Azərbaycanın Dostları Klubu” təsis edildi. Bütövlükdə, 56 deputatın mövqeyimizi müdafiə etməsinə nail olduq. Həmin deputatlar Azərbaycanın üzləşdiyi problemlər, Ermənistanın təcavüzkar siyasəti, onun nəticələri barədə məlumatlandırılıblar və Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyirlər. Hesab edirəm ki, bu, çox uğurlu addımımız idi. Əldə edilmiş nailiyyətlə kifayətlənmək istəmirik və növbəti hədəfimiz Avropa Parlamentində dostlarımızın sayını 100-ə çatdırmaqdır”.

Deputatın sözlərinə görə, Azərbaycana qarşı tənqidi mövqedə dayanan deputatların qarşısından geri çəkilmək, münasibətlərdə soyuqluq yaratmaq fayda vermir:

"Hansısa avropalı deputat haqlı işimizə qarşı qərəzli yanaşma ortaya qoyursa, münasibətləri dayandırmaq səhvdir. Həmin deputatlarla keçirilən çoxsaylı görüşlər, onların Azərbaycana səfərləri, buradakı vəziyyətlə tanış olması onların mövqeyini dəyişməsinə səbəb oldu.

"Azərbaycanın Dostları Klubu”nun formalaşmasında Azərbaycan Prezidenti Cənab İlham Əliyevin çox böyük nüfuza malik olması işimizi asanlaşdırdı. Ölkə başçısının ötən il Avropa Parlamentindən gələn 20 deputatı qəbul etməsi, səmimi söhbətləri, onların qərəzli mövqeyini faktlarla təkzib etməsi böyük siyasi rezonansa səbəb olub. Azərbaycan prezidentinə yüksək hörmət və ehtiram var.

Görülən işlər nəticəsində Azərbaycana qarşı çox hallarda qərəzli yanaşma sərgiləyən deputatlar "Azərbaycanın Dostları Klubu”nun üzvü olub, mövqeyimizi dəstəkləyiblər”.

Aysel Aslan