Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Xarici İşlər Nazirliyi ilk üçlükdə yer alır
2014-cü il artıq geridə qaldı. Ötən il müxtəlif sahələrdə fəaliyyət göstərən mətbuat xidmətlərinin rəhbərlərinin fəaliyyətini nəzərdən keçirərək qiymətləndirmək qərarına gəldik. Çünki, biz jurnalistlərin operativ olaraq dəqiq məlumatlar əsasında çalışmağımız aidiyyatı üzrə dövlət qurumlarının mətbuat xidmətlərinin bilavasitə həm də işindən asılıdır. Sualına cavab aldınsa, istədiyin mövzu ilə bağlı yazı və xəbər hazırlaya bilərsən. Bu mənada onlar necə mətbuata açıqlamalar verir və suallarımızı cavablandırırsa, o qədər də cəmiyyət xəbərə, baş verənlərə yaxın olur. Nəticədə aidiyyatı dövlət qurumlarının necə çalışmasını mətbuat xidmətləri fonunda KİV-lər göstərir.
Lakin bəzi hallarda cəmiyyəti maraqlandıran məsələlər
barəsində olan sorğularımız bəzi nazirlik, dövlət komitəsi və idarələrin mətbuat xidmətləri tərəfindən operativ sürətdə şifahi və yazılı formada cavablandırılması müşkül məsələyə çevrilir. Yola saldığımız il ərzində müxtəlif saytlar, xüsusilə çap mətbuatı nümayəndələri arasında keçirilən sorğulardan da məlum olur ki, həmkarlarımızın əksəriyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuatla əlaqələrini koordinasiya edən Yaqut Əliyeva, Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komtəsinin müvafiq şöbəsinin iş prosesindən narazıdır. Yeri gəlmişkən xatırladım ki, yola saldığımız ilin elə son günlərində bir mövzu ilə bağlı Yaqut xanımdan açıqlama almağa çalışdım, sualımızı cavablandıracağına söz verdi. Ancaq sonradan bizə məlum olmayan səbəblərə görə, zənglərimizə cavab

verməyərək sualımızdan yayındı. Bakı Şəhər İcra Hakimiyyətinn ictmaiyyətlə əlaqələr və mətbuat xidməti ilə əlaqə saxlamaq isə ümumiyyətlə müşkül məsələdir. Ona görə ki, BŞHİ-yə dəfələrlə zəng etsək də ya telefon işləmir, ya da cavab verilmir. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri ilə isə ümumiyyətlə danışmaq mümkün deyil. Hətta uzun illər jurnalist fəaliyyəti ilə məşğul olan şəxslərin bir qismi də bu şəxsin kim olduğunu bilmirlər.
Ancaq bununla yanaşı vəzifəsini daha yaxşı bilən və öhdəsindən gələn KİV-lə münasibətlərini daim diqqətdə saxlayan mətbuat katibləri də var. Bunların sırasında Diasporla İş üzrə Dövlət Komitəsindən Esmira Xəlilova, Gənclər və İdman Nazirliyindən Səmayə Məmmədova, Xarici İşlər Nazirliyindən Hikmət Hacıyev, Bakı Şəhər Təhsil İdarəsindən Arzu Tairquliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İradə İbrahimova, Kənd Təsərrüfatı Nazirliyindən Murtuzəli Hacıyev, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Müşfiq Əmirov, Səhiyyə Nazirliyindən Anar Qədirli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Elman Babayev, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən Vaqif Əsədov, Bakı Metropolitenindən Nəsimi Paşayev və Dövlət Baytarlıq Xdmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin adını çəkmək olar. Onlarla bəzi hallar istisna olmaqla əlaqə yaratmaq, istədiyin suala cavab almaq cox asandı. Bundan əlavə, adıçəkilən dövlət təşkilatlarının mətbuat sözçüləri baş verən hadisələr barədə məlumat aldıqdan sonra cavab vermək imkanları xaricində olan zaman təyinatı üzrə tabeliklərindəki şöbə və idarələrlə jurnalistləri əlaqələndirir və açıqlama alma imkanı yaradırlar.
Əhalini hər zaman maraqlandıran məsələlərdən biri də kommunal ximətlər olub. Bu istiqamətdə çalışan qurumlardan "Bakıelektrikşəbəkə” ASC-dən Tanrıverdi Mustafayev hətta iş saatlarından kənarda belə ona ünvanlanan sualları cavablandırmağa çalışıb. "Azəriqaz” İstehsalat Birliynin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev səlahiyyətləri çərçivəsində sulları cavablandırmaqdan çəkinməyib. "AzərSu” ASC-nin departament rəhbəri Anar Cəbrayılı isə hər zaman təmsil etdiyi qurumla KİV-lər arasındakı münasibətləri tənzimləyərək əhalinin məbuat vasitəsilə bildirilən problemlərinin həllinə çalışıb və aydınlıq gətirib.
Ali təhsil müəsissələrinə gəldikdə isə Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova, Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin kecmiş rəhbəri Zeynəb Kazımovanı xüsusilə qeyd etmək yerinə düşərdi. Bu şəxslər hər zaman adıçəkilən universitetdəki yeniliklər haqqında KİV-vasitəsilə ictimaiyyətə informsiya verməyə önəm veriblər.
2014-cü ilin yekunları olaraq ilin xüsusi aktiv olan mətbuat xidmət rəhbərləri sırasında Diasporla İş üzrə Dövlət Komitəsindən Esmira Xəlilova, Gənclər və İdman Nazirliyindən Səmayə Məmmədova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Elman Babayev, "Bakı Metropoliteni”dən Nəsimi Paşayev nümunə göstərilə bilər.
P.S. Hər kəsə növbəti ildə işlərində uğurlar arzu edirəm. İnşallah, bəzi qurumların mətbuat xidmətləri də mətbuata bundan sonra açıq olarlar və bizimlə sıx əməkdaşlıq edərlər.
Vüqar Şahinoğlu