Con Kerrinin erməni sevgisinin tarixi kökləri...

“O, 30 ilə yaxındır ki, ABŞ-ın xarici siyasətində Amerika ermənilərinin maraqlarını prioritet kimi müdafiə edir”



Amerika Birləşmiş Ştatları müasir dünya nizamında öz siyasi və iqtisadi çəkisinə, hərbi qüdrətinə görə aparıcı rola malikdir. Bu rol həm də ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı yeri, NATO-nun aparıcı qüvvəsi olması, habelə ATƏT-dəki çəkisi, digər beynəlxalq təşkilatlara təsir imkanları ilə təsbit olunur. Mövcud status beynəlxalq hüququn təmin olunması məsələsində Amerikanın üzərinə xüsusi məsuliyyət və dünya ictimaiyyəti qarşısında öhdəliklər qoyur.

Sovet İttifaqının dağılmasından sonra fövqəldövlət missiyasını üzərinə götürən ABŞ-ın beynəlxalq ictimaiyyət qarşısında məsuliyyəti artsa da, son illərin təcrübəsi açıq göstərir ki, rəsmi Vaşinqtonun həyata keçirdiyi siyasət ikili standartların bariz nümunəsinə çevrilib. Ötən gün ABŞ dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi "liderlər buna hazır deyillər” açıqlaması ikili standartların açıq təzahürüdür və ABŞ-ın münaqişənin həllində üzərinə götürdüyü missiyaya uyğun deyil. ABŞ-ın hazırkı mövqeyini başqa yöndə izah etmək mümkünsüzdür. Supergüc, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətin ikinci şəxsi 25 illik tarixçəsi olan Dağlıq Qarabağ münaqişəsinin həllini 1948-ci ildən bu günə kimi davam edən İsrail-Fələstin münaqişəsindən daha mürəkkəb hesab edir. Ancaq eyni zamanda Serbiya, İraq, Liviya, Ukrayna, Gürcüstanla bağlı tam fərqli mövqe ortaya qoyur. C.Kerrinin iddiası həmsədrlərin ən yüksək səviyyədə verilmiş mövcud status-kvonun qəbuledilməzliyi barədə bəyanatlarına da ziddir. Status-kvo qəbulolunmazdırsa, o zaman münaqişənin həll yolu tapılmalıdır. Bu həll BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, dünyanın aparıcı təşkilatlatlarının qəbul etdiyi çoxsaylı sənədlərə əsaslanmalıdır. Əgər Azərbaycan və Ermənistan liderləri özləri razılaşacaqdılarsa, onda ATƏT-in Minsk Qrupuna nə ehtiyac vardı? 2016-cı ilin aprel hadisələrindən sonra Minsk Qrupu münaqişənin həlli ilə bağlı fəallığını artırdığı halda, ABŞ dövlət katibi belə absurd bəyanatla çıxış etdi. Artıq dövlət katibi postunu tərk etməyə hazırlaşan C.Kerri erməni lobbisinə yaxınlaşmaq xətti tutub və onun qarşısında öz öhdəliklərini sona kimi yerinə yetirmək əzmindədir. Kerri bu bəyanatla münaqişənin həllində Rusiyanın fəallığını zəiflətmək və gündəlikdə olan təşəbbüslərin reallaşmasını sabotaj etmək istəyir. O, 30 ilə yaxındır ki, ABŞ-ın xarici siyasətində Amerika ermənilərinin maraqlarını prioritet kimi müdafiə edir. Hələ 1983-cü ildə, o, Masseçusets ştatının qubernatoru, anti-türk baxışları ilə ad çıxarmış Maykl Dukakisin köməkçisi olub. Senator olduğu dövrdə C.Kerri "erməni soyqırımı” iddiasının tanınmasına ciddi dəstək verib, bununla bağlı Konqresdə qətnamənin hazırlanmasında iştirak edib. 1992-ci ildə erməni lobbi təşkilatlarının dəstəyi ilə Kerri və konqresmen Ueyn Ouens Azadlığı Müdafiə Aktına bədnam "907-ci düzəlişi” irəli sürüblər və onun qəbul edilməsinə nail olublar. Con Kerri 2004-cü ildə Demokratlar Partiyasının prezidentliyə namizədi olanda "erməni soyqırımı”nı tanıyacağını vəd edib. 2005-ci il aprel ayının 23-də ABŞ-ın 32 senatoru və 175 konqresmeni ilə birgə Corc Buşdan aprelin 24-də "erməni soyqırımı”nı tanımasını tələb edib. 2008-ci il sentyabrın 26-da ABŞ senatorları Robert Menendez və C.Kerri ABŞ-ın Türkiyədəki gələcək səfiri Ceyms Cefridən qondarma erməni soyqırımını tanımağı istəyib. 2012-ci il sentyabrın 5-də C. Kerri Ramil Səfərovun azad olunmasını pisləyib və bundan "şoka düşdüyünü” deyib. Həmçinin, Con Kerri də daxil olmaqla bir qrup senator 1990-cı il 20 yanvar hadisələri ərəfəsində M.Qorbaçova müraciət ünvanlayaraq "160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyi”ni önə çəkib. "Mənim çoxlu erməni dostlarım var. Uzun illər mən dostlarımla Ermənistanda bir sıra müxtəlif məsələlər üzərində işləmişik”. Bunu da Kerri 2013-cü il mayın 5-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü zamanı bildirib. Onun erməni lobbisi ilə yaxınlığını və erməni təəssübkeşliyini təsdiq edən digər çoxsaylı faktlar mövcuddur. Bütün bunları nəzərə alaraq Kerrinin Azərbaycan hakimiyyəti ilə mübarizə üçün xüsusi ştab yaratması barədə deyilənlər heç də əsassız görünmür. Kerri və onun yaxın ətrafı erməni lobbisinin imkanlarından və inzibati resurslardan istifadə etməklə, ABŞ-ın nəzarətində olan media və QHT-lərin, müxtəlif siyasətçi və ekspertlərin, habelə Azərbaycandakı radikal müxalifətin və onun da daxil olduğu bütün "5-ci kolon”un Azərbaycan hakimiyyətinə qarşı yönəldilməsi işini həyata keçirib. Başlıca məqsəd Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı güzəştə məcbur etmək olub. İndi görünür ki, ABŞ-ın "demokratiya” oyunlarının arxasında "5-ci kolon” vasitəsilə Azərbaycan hakimiyyətini Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi güzəştlərə məcbur etmək məqsədi dururdu. Bütün cəhdlərə baxmayaraq, Azərbaycan öz düzgün yolundan geri çəkilməyib, Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial və barışmaz mövqeyi sayəsində Ermənistan, erməni lobbisi və onun C.Kerri kimi təəssübkeşləri istəklərinə nail ola bilməyiblər.

Millət vəkili Asim Mollazadə də bildirib ki, Kerri erməni lobbisinə yaxınlaşmaq xəttini tutub: "Con Kerrinin səsləndirdiyi fikirlər təəssüf doğursa da, bu addım onun 907-ci düzəlişin həmmüəlliflərindən biri olduğunu xatırladır. Son vaxtlar ABŞ-ın xarici siyasətindəki vəziyyəti bütün dünya görür və təəssüflənir. ABŞ dövlət katibinin fikirlərindən sonra ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik səslənən fikirlərə müəyyən düzəlişlər edərək ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak etdiyini qeyd etdi. Artıq dövlət katibi postunu tərk etməyə hazırlaşan Kerri erməni lobbisinə yaxınlaşmaq xəttini tutub və onun qarşısında öhdəliklərini yerinə yetirmək əzmindədir. Lakin ümid edirik ki, ABŞ-da keçiriləcək seçkilərdən sonra yeni administrasiya siyasətini daha möhkəm quracaq və Azərbaycanla münasibətlər inkişaf edəcək. Çox təəssüf ki, beynəlxalq təşkilatlar, dünyanın nüfuzlu ölkələri Azərbaycana təcavüz etmiş Ermənistanı sülhə məcbur etməyə hazır deyillər. BMT-nin müvafiq qətnamələrinin icrası ilə bağlı hansısa prosedurlar müəyyənləşməyib. Belə olan halda, təbii ki, Ermənistan sülhdən qaçaraq mövcud status-kvonu qoruyub saxlamağa çalışır”.

İsmayıl