“Dağlıq Qarabağ münaqişəsinin həlli düyünə düşüb”

“Elə ki, Qarabağ məsələsi hansısa bir həll mərhələsinə girir, ya Rusiya, ya da ABŞ işləri pozur”



ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşün keçirilməsinə razılıq verəcəklərinə ümid edir. Məlumata görə, bunu Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Həmsədrin sözlərinə görə, hazırda növbəti görüşün vaxtı və yeri müəyyən edilməyib. C.Uorlik qeyd edib ki, həmsədrlər Nyu-Yorkda BMT Baş Assambleyasında Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə ayrılıqda görüşlər keçirdi: "Görüşlərdə Vyana və Sankt-Peterburqda əldə olunmuş razılıqlar, eləcə də gələcək addımlar müzakirə olunub. Ayın sonunda regiona səfərimiz zamanı tərəflərlə görüş keçirməyi və məsələləri müzakirə etməyi planlaşdırırıq”.

Həmsədrin açıqlamasını şərh edən siyasi elmlər doktoru Cümşüd Nuriyev qeyd edib ki, bu görüş baş tutsa belə, ondan real nəticə gözləməyə dəyməz: "Bu da, ənənəvi görüşlərdən biri olacaq. Mən anlamıram prezidentlərdən cavab gözləmək nəyə deyirlər? Onlar işğal edənlə, işğala məruz qalanı eyniləşdirirlər və deyirlər ki, hər iki tərəf güzəştə getməlidir. Ermənistan deyir ki, mən torpağı vermirəm. Azərbaycan da israr edir ki, mən ərazi bütövlüyümü bərpa etmək məcburiyyətindəyəm. Heç bir şərt ola bilməz. Bax, burada həmsədrlər nə gözləyirlər? Onlar sadəcə diqqəti yayındırmaq istəyirlər. Elə ki, Dağlıq Qarabağ məsələsi hansısa bir həll mərhələsinə girir, ya Rusiya, ya da ABŞ işləri pozur. Onsuz da Dağlıq Qarabağ münaqişəsinin həlli yenə düyünə düşüb. Aprel savaşından sonra Azərbaycanın hərbi qüdrətini gördülər və uzaq xristian dünyası Ermənistanı dəstəkləməyə başladı. Erməniləri müdafiə etmək üçün hər cür yalana əl atdılar və yalanın da sonu olmalıdır. Bizi aldada-aldada gedirlər. Ona görə də hesab edirəm ki, C.Uorlikin bu açıqlaması yeni məsələ deyil. Və onlardan da heç bir yenilik gözləmirəm. Azərbaycan ATƏT-dən də üz döndərə bilmir. Bu mənada ki, biz münaqişənin tənzimlənməsini 1993-cü ildə Minsk qrupuna həvalə etmişik. İndiyə qədər də məsələni həll edə bilmirlər. Azərbaycan bu formatı dəyişməlidir. Yəni məlum formata yeni ölkələr və şəxslər gəlməlidir. Bu məsələlərə son qoymaq lazımdır. Nə olursa olsun, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Minsk Qrupu isə ya məsələni həll etsin, ya da proseslərdən əl çəksin. Minsk Qrupu nə yardan doyur, nə də əldən qoyur. Bu səbəbdən onlardan yeni bir addım gözləmirəm. Lap prezidentlər görüşsün, guya nə olacaq ki? 17 dəfə görüşüblər, heç bir dəyişiklik olmayıb. 18-ci görüş nəyi dəyişəcək ki? Bu görüşlər heç nəyi dəyişməyəcək”.

Ayyət Əhməd