Sahibkarlar qiymətləri süni qaldırırlar

İqtisadiyyat Nazirliyi: “Gömrük rüsumları dəyişdirilən idxal məhsullarında qiymət dəyişikliyi ola bilər. Yerli məhsullarda isə qiymət dəyişikliyi olmamalıdır”
“Bu gün bizim meyvə-tərəvəz yerdə çürüyürsə və bu meyvə-tərəvəzin bizdəkindən qat-qat keyfiyyətsizini ölkədən valyuta çıxarmaqla idxal ediriksə, bu sadəcə absurddur”


Dollar qalxdıqca, ərzaq məhsulları, məişət malları, gündəlik istifadə məhsullarının qiyməti də onunla birlikdə qalxır. Amma dolların qiyməti endikcə, qiyməti qalxan məhsulların qiymətində ucuzlaşma müşahidə olunmur. Bir müddət əvvəl də dolların rəsmi məzənnəsi 1.65 manata qədər bahalaşdı, qiymətlər də adekvat olaraq artdı.

Ancaq son günlərdə dolların məzənnəsində müəyyən qədər ucuzlaşma müşahidə olunsa da, bahalanan qiymətlər olduğu kimi qalıb. Hətta bəzi marketlərdə ərzaq məhsullarının bahalaşdığına dair məlumatlar da yayılıb. Bu da deməyə əsas verir ki, qiymət artımının xarici valyuta ilə heç bir əlaqəsi yoxdur, sahibkarlar qiymətləri süni qaldırırlar.

Qeyd edək ki, süni qiymət artımının qarşısını almaq üçün Nazirlər Kabineti ölkəyə gətirilən bəzi məhsullar üçün yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirib.

Ekspertlərin qənaətincə, rüsumu artırmaqda məqsəd idxal olunan məhsulların ölkədə istehsalına şərait yaratmaqdır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin sözlərinə görə, hökumətin gömrük rüsumunun artırılması ilə bağlı son qərarı yerli istehsalın güclənməsinə, sahibkarlığın inkişafına, rəqabət qabiliyyətli ixrac yönlü məhsul istehsalının güclənməsinə, xüsusilə də yerli istehsalın dəstəklənməsinə yönəlik bir addımdır: "Gömrük rüsumunun dəyişdirilməsi ilə bağlı qərar o mallara aid edilib ki, onların Azərbaycanda istehsalı genişdir və özünü təminat səviyyəsi yüksəkdir. Gömrük rüsumları dəyişdirilən idxal məhsullarında qiymət dəyişikliyi ola bilər. Yerli məhsullarda isə qiymət dəyişikliyi olmamalıdır”.

Sabiq maliyyə naziri, hazırda "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov "Şərq”ə açıqlamasında deyib ki, burada söhbət ölkəyə idxal edilən bəzi ərzaq məhsullarına tətbiq ediləcək yeni rüsumlardan gedir: "Bu rüsumların artırılması ölkədə real sektorun inkişafına yönəlik növbəti addımdır. Dövlətin bu addımını yalnız qiymət artımı kimi başa düşənlərə isə bildirmək istəyirəm ki, bu, yeni bir məsələ deyil. Sərhəd anlayışı yarandığı zamandan dövlətlər gömrük rüsumları vasitəsilə təkcə öz xəzinələrinə vəsait yığmaqla məşğul olmayıblar. Onlar eyni zamanda bu rüsumlardan daxili bazara təsir etmək, onu öz istəklərinə uyğun şəkildə tənzimləmək aləti kimi istifadə ediblər. Bu alətdən eyni zamanda daxili istehsalı stimullaşdırmaq vasitəsi kimi də istifadə edilir. Gömrük rüsumlarının artırılıb-azaldılması yolu ilə daxili istehsalı stimullaşdırmaq yolunu müasir dövrümüzdə bir çox dövlətlər tutublar. Bir misal. Qonşu Rusiya, İran və Türkiyə avtomobil sənayesini inkişaf etdirmək məqsədilə xaricdən alınıb gətirilən avtomobillərə yüksək rüsumlar müəyyən ediblər. Bu rüsumlar İran və Türkiyədə daha yüksəkdir. Bu siyasətin nəticələri kifayət qədər müsbətdir. Eyni qaydada belə addım başqa məhsullara münasibətdə də atılır. Burada ərzaq məhsulları da istisna deyil. Belə addım ilk baxışda qiymətlərin artmasına yönəlik addım kimi görünə bilər. Real olaraq başlanğıcda rüsumları artırılmış ərzaq məhsullarının qiymətlərində artımların baş verməsi mümkündür. Ancaq bir həqiqəti bilmək lazımdır. Bu addım o məhsullara münasibətdə atılır ki, biz onları son
nəticədə, burada, yerli xammal əsasında istehsal edib vətəndaşlarımıza daha ucuz sata bilərik. Burada məqsəd idxalla məşğul olub, asan yolla qazanc əldə edən iş adamının fəaliyyət sferasını dəyişərək onu yerli istehsala istiqamətləndirməkdən ibarətdir. İndi idxalla məşğul olan iş adamları qazanc əldə etmək baxımından idxalın və ya yerli istehsalın daha sərfəli olması seçimini edəcəklər. Şübhə yoxdur ki, bu seçim yerli istehsalın xeyrinə olacaq. Bu gün bizim meyvə-tərəvəz yerdə çürüyürsə və bu meyvə-tərəvəzin bizdəkindən qat-qat keyfiyyətsizini ölkədən valyuta çıxarmaqla idxal ediriksə, bu sadəcə absurddur. Ona görə də hökumətin bu addımını qətiyyətli bir addım kimi dəyərləndirirəm və hesab edirəm ki, bu addım ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılaraq real sektora transfer edilməsi yolunda son bir ildə atılan qətiyyətli addımların davamıdır. Yeri gəlmişkən, vaxtı ilə, 1990-cı illərin ikinci yarısında, biz bu addımları ataraq daxili bazarı qorumaq, yerli istehsalı stimullaşdırmaq istəsək də, buna nail ola bilməmişdik. Çünki hökumətin bu təkliflərini həmin illərdə əməkdaşlıq edib, maliyyə dəstəyi aldığımız beynəlxalq maliyyə qurumları hər dəfə rədd edirdi. İndi bizim ortaya yeni iqtisadi siyasət qoyduğumuz və heç kimdən maliyyə asılılığımız olmadığı bir dönəmdə bu addımların atılması mümkündür. Məqsəd qiymətləri artırmaq deyil, əksinə, yerli istehsalı artırmaq yolu ilə onları aşağı salmaqdır”.

Şəymən