
Korrupsiya barədə xəbər verən şəxs qorunacaq
Tahir Kərimli: “Azərbaycan böyük dövlət olmadığı üçün müəyyən çətinliklər olacaq”Zahid Oruc: “Korrupsiya öz mahiyyətinə görə gizlilik tələb edir”

Azərbaycanda korrupsiya halları barəsində müvafiq qurumlara məlumat verən şəxslər dövlət tərəfindən qorunacaq. Bu əlavə "Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna təklif edilən yeni maddədə öz əksini tapıb. Bu maddəyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidirlər. Bu məlumat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanır. Şəxsin konfidensiallığının pozulmasında təqsirli olanlar qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Həmin maddəyə görə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ləyaqətini alçaltmaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Qanunda məlumat verən şəxsin gizliliyinin qorunmasına zəmanət verilsə də, hər hansı məmurun öz işlədiyi qurumda baş verən korrupsiya halları barədə məlumat verib-verməyəcəyi isə mübahisə doğurur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Tahir Kərimli "Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna təklif edilən əlavələrin kifayət qədər faydalı olduğunu və bu dəyişikliklərin ölkədə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə hesablandığını deyib: "Ancaq mən Komitənin iclasında da bu məsələyə toxunmuşam ki, kiçik büdcə təşkilatlarında belə bir Komissiyanın yaradılması bir o qədər də effektli olmayacaq. Bu cür vəzifələr ancaq baş idarələrdə müəyyənləşdirilməlidir. Amerikada marşal xidməti var. Hüquqpozmalarla bağlı məlumat verən insanların hətta üzləri də dəyişdirilərək başqa ünvanlara köçürülür ki, korrupsionerlərin təqiblərindən kənarda qalsınlar. Amma Azərbaycan böyük dövlət olmadığı üçün müəyyən çətinliklər olacaq”.
Millət vəkilinin sözlərinə görə, bütün çətinliklərə rəğmən hüquqpozmalarla bağlı məlumat verən şəxslərin təhlükəsizliyinin təmin olunması dövlət strukturlarında çalışan insanlar üçün stimul rolunu oynayacaq ki, onlar rastlaşdıqları korrupsiya halları ilə bağlı aidiyyəti qurumları məlumatlandırsınlar: "Sözsüz ki, burada ən çox məsuliyyət subyektlərin üzərinə düşəcək. Çünki qanunda nəzərdə tutulub ki, qəsdən hüquqpozmalarla bağlı yalan məlumatlar verən şəxslər məsuliyyətə cəlb olunacaqlar. Ona görə də, sözügedən əlavələrin effektiv olması üçün vətəndaşların qanuna hörmət hissinin olması və hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müraciətlərinin nəzərə alınması və onların təhlükəsizliklərinin təmini mexanizmi dəqiq işlənib hazırlanmalıdır”.
Millət vəkili Zahid Oruc isə deyib ki, müvafiq dəyişikliklərdən sonra müxtəlif dövlət qurumlarında olan rəhbər şəxslər korrupsiya cinayətlərinin ilkin araşdırılması üçün müvafiq qurumlar yaradacaq: "Bu da vətəndaşlara imkan verəcək ki, hər hansı məsələni ilk ünvanda müzakirə etsinlər. Bununla cinayət faktlarının qarşısını zamanında almaq imkanları yaranacaq. Burada həmin şəxsin gizliliyinin, əmlakının qorunması nəzərdə tutulur. Bu, mexanizm olaraq nəzərdə tutulur.
Ancaq hökumət bütövlükdə o inama malik deyil ki, korrupsiya cinayətlərinin tam aradan qaldırılmasının ən ümdə yolu budur. Onsuz da son illər dövlət başçısı hansı qurumlarda işlərin
korrupsiya yolu ilə həyata keçirilməsini görürsə, o orqanın səlahiyyətlərini "ASAN Xidmət”ə verir”.
Onun sözlərinə görə, qanuna təklif edilən əlavələrdə söhbət təkcə rəhbər şəxsin məlumat verməsindən getmir: "Əksər hallarda millət vəkillərinə də hansısa qurumda baş verən neqativ hallarla bağlı məktublar daxil olur. Belə ki, hansısa idarədə malların alınması şişirdilmiş rəqəmlərlə müşayiət olunur, vəsaitlər düzgün xərclənmir. Korrupsiya öz mahiyyətinə görə gizlilik tələb edir. Artıq bu qanun layihələrinin ortaya çıxması ona dəlalət edir ki, hər hansı müəssisədə baş verənlər ictimailəşəcək. Əgər tədbir görülməyəcəksə, məsələ daha yuxarı instansiyalarda müzakirə olunacaq. Qanunun zəifliyi isə ondan ibarətdir ki, burada hər bir şəxsin öz iş yerini itirmək qorxusu amilinə görə məsələni anonim saxlayaraq yalnız yuxarı orqanlara müraciət tendensiyaları özünü daha çox göstərə bilər. Bu da öz-özlüyündə həmin qurumların da yaradılmasını formallaşdıra bilər”.
Şəymən