Böyük torpaq sahələrini zəbt edən məmurların “qara günləri” gəlir
Azərbaycanda əkinə yararlı iri torpaq sahələrini zəbt edən məmurların siyahısı hazırlanır. Məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi belə torpaq sahələri ilə bağlı araşdırma aparırlar. Deyilənə görə, əksəriyyəti yüksək vəzifəli şəxslər olmaqla, əkin sahələrini ələ keçirib orada dəbdəbəli villalar ucaldan xeyli şəxs var.
Hazırda yüzminlərlə hektar əkinə yararlı torpaqlar faktiki olaraq ya təyinatı üzrə tamamilə istifadəsizdir, ya da orada şəxsi mülklər, imarətlər inşa olunub. Başda bəzi nazirlər, nazir müavinləri, icra başçıları olmaqla zəbt olunan iri torpaqların əhəmiyyətli qismi əkilib-becərilmir. Baxmayaraq ki, onlara məhz əkin adı ilə yiyələniblər. Xatırladaq ki, torpaq sahələri ilə bağlı məsələyə son vaxtlar ölkə başçısı İlham Əliyevin çıxışlarında da tez-tez toxunulur. Sonuncu dəfə bu il sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edərkən böyük torpaq sahələrinin daha da səmərəli şəkildə dövriyyəyə buraxılacağını bildirib. Ölkə başçısı bəyan edib ki, məsələ ilə bağlı bu il çox ciddi təftiş aparılır: "Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir”. Prezident bundan əvvəlki çıxışlarında da böyük torpaq sahələrini zəbt edənlər arasında məmurların olduğunu, hətta onlardan bir çoxunun adlarının aşkarlandığını demişdi. Ona görə də bu mühüm məsələ konstitusiyaya edilən dəyişikliklərdə nəzərə alındı. Ekspertlərə görə, konstitusiyaya dəyişikliklər edilməsi məqsədi ilə keçirilən ümumxalq səsverməsi ölkədə torpaq islahatlarının aparılması üçün qanunverici baza yaratmağa imkan verəcək. Xatırladaq ki, qanunvericiliyin 29-cu maddəsində əks olunan dövlət vərəsəlik hüququna iki hissə əlavə edilib. Onlardan birində nəzərdə tutulub ki, torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Məsələyə münasibət bildirən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri "Şərq”ə açıqlamasında deyib ki, əhali referendumda təklif olunan bu dəyişikliyə çox müsbət reaksiya verib: "Şübhəsiz ki, dəyişikliklər qanunla qüvvəyə minəndən sonra yararlı torpaqların məmurlar tərəfindən zəbt olunması ilə bağlı mühüm addımlar atılacaq. Məlumdur ki, bir sıra hallarda mülkiyyət hüququna müdaxilə yol veriləndir. Bu məqam həm Azərbaycan Konstitusiyasında, həm də ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalarda öz əksini tapmış məsələdir. Mülkiyyətin əsas növlərindən biri də torpaq üzərində mülkiyyətdir. Torpaq isə əvəzi olmayan bir nemətdir. Ona görə ərazilərimizdən, xüsusən münbit, əkinə yararlı torpaqlardan mümkün qədər faydalı şəkildə istifadə etmək lazımdır. Əgər kimsə böyük əraziləri əkib-biçmək məqsədi ilə özəlləşdirib, əksinə, ondan başqa məqsədlər üçün istifadə edirsə, bu, yolverilməzdir. Konstitusiyadakı dəyişikliklər sırf bu məsələni yoluna qoymaq üçün nəzərdə tutulub”. Ekspert bəyan edib ki, dəyişiklikdə söhbət kimisə mülkiyyət hüququndan məhrum etməkdən yox, mülkiyyət hüququnun məhdudlaşdırılmasından gedir: "Azərbaycan qanunvericiliyində bu cür məsələlər daha əvvəldən olub. Məsələn, qanuna əsasən xarici ölkələrin vətəndaşları ölkəmizdə torpaq sahibi ola bilməzlər, sadəcə torpaqları icarəyə götürə bilərlər. Yəni elə məsələlər var ki, orada ölkənin milli maraqları nəzərə alınmalıdır. Dünyanın bir çox inkişaf etmiş ölkəsində torpaqların mülkiyyət hüququ ilə bağlı ciddi çərçivələr müəyyən olunub”.
İsmayıl