“İslam ölkələri jurnalistlərinin birləşməsi, yaxşı prosesdir”

Bəxtiyar Sadıqov: “İnformasiya bir əldə olanda onu istədikləri istiqamətə əyib, öz maraqlarına yönəldirlər”



(əvvəli ötən sayımızda)

Oktyabrın 3-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı baş tutub. Konfransı İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov açaraq qurumun fəaliyyəti, qarşıya qoyduğu məqsədlər barədə məlumat verib. Sonra F.Abbasovun İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaranma zərurəti, məqsədi və vəzifələri ilə bağlı məruzəsi dinlənilib. O qeyd edib ki, regional, dini baxımdan bir çox jurnalist təşkilatları, birlikləri yaradılıb.

Bu təşkilatlar əsasən onların öz maraqlarını ifadə edir. Bununla da jurnalist peşəkarlığı, doğru, dəqiq xəbər yayılması ilə bağlı hüquqlar pozulur. Bundan ən çox zərər çəkənlərin isə islam ölkələrinin olduğunu desək, səhv etmərik. İslam ölkələrinə yönələn bu siyasətə qarşı fəaliyyət göstərən, haqq səsini ucaldan media qurumu isə yox dərəcəsindədir.

Sözügedən birliyin mahiyyətindən söz açan "Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılmasını mühüm addım və gərəkli bir hadisə kimi dəyərləndirib. Baş yazar qeyd edib ki, Azərbaycan dünyaya inteqrasiya edir. Dünyada çox qarışıq və mürəkkəb proseslər gedir: "Bu proseslər müsəlman dövlətlərinə yaxşı heç nə vəd etmir. Əksinə, o dövlətlərin ciddi problemlər yaşamasına, dağıntılara məruz qalmasına, vətəndaşlarının qətlə yetirilməsinə, şikəst edilməsinə, onların qaçqın, məcburi köçkün vəziyyətinə düşməsinə və sairə şərait yaradan qarşıdurmalardır. Biz baxdıqda görürük ki, "Ərəb bahar”ları müsəlman ölkələrinə bahar deyil, sərt çovğun və qarlı qış gətirdi. Qazandıqları iqtisadi uğurları da, mənəvi dincliyi və rahatlığı da əllərindən aldı. Çox təəssüf ki, bu proses səngimir. Əksinə, davam etməkdədir. Və dünya mediasında həmin proseslər düzgün işıqlandırılmır. Çox vaxt o məsələlər təhrif olunur və yaxud da məlumatlar qəsdən təhrif olunmuş şəkildə dünyaya çatdırılır. Söhbət nədən gedir? Bu "baharları” yaradan qüvvələr, dövlətlər müsəlman ölkələrində sabitliyi pozurlar. Orda terrorizmin çiçəklənməsinə şərait yaradırlar və eyni zamanda dünya xəbər siyasətinə də rəhbərlik edirlər. Baş verən hadisələr həmin qüvvələrin maraqlarına uyğun təhrif olunmuş formada daim elektron və çap mediada dərc olunur. Həqiqəti meydana çıxarmaq, düzgün informasiya vermək və bütövlükdə dünyanı bu cür qarşıdurmadan xilas etmək üçün dünyaya həqiqi, düzgün informasiya verilməlidir. Bu hadisələr düzgün işıqlandırılmalı və düzgün şərh olunmalıdır. Bu cür halların qarşısının alınması üçün dünyanın sülsevər insanları birləşməlidirlər. Bu birlik dündaya sabitliyə, dünyanın 3-cü dünya müharibəsindən xilas edilməsinə xidmət göstərən amil olardı. Buna görə də, İslam Əməkdaşlıq Təşkilatına daxil olan dövlətlərin jurnalistlərinin birliyinin yaradılması çox vacibdir”.

B.Sadıqovun fikrincə, məlum assosiasiyanın yaranması ilə bütün kanallar üzrə dünyaya alternativ informasiya veriləcək: "Bundan başqa, həqiqətlər olduğu kimi çatdırılacaq. Eyni zamanda o "bahar”lara uymayan dövlətlər var. Onlar da hədəfdədir. Onların da vaxtında ayılıb,

bu proseslərin qarşısını almaları üçün lazımi tədbirlər görməsinə köməklik edəcək. Ən nəhayət, bizim istədiyimiz də odur ki, dünya əmin-aman olsun. Hazırda Avropa qaçqınların axınına məruz qalıb. Amma demokratiyadan, humanizm, insanpərvərlik və insan hüquqlarından dəm vuran Avropa həqiqəti gizlədərək, qaçqınların adını miqrant qoyur. 3-5 yaşında miqrant olar? Bunların hamısı ölümün qorxusundan öz yaşadıqları məmləkətlərdən qaçan insanlardır. Xəstəlikdən, işsizlikdən, acından qaçırlar. Övladlarını saxlaya, özləri isə yaşaya bilmirlər. Avropa bu reallıqdan danışmalıdır. Artıq ikili standartlar bu hadisələrdə də ciddi şəkildə tətbiq olunur. İnformasiyanın alternativi olmalıdır. Telekanallar bu həqiqəti göstərməlidir ki, qaçqınları Avropa dövlətləri qəbul etmir. Bir sıra kvotalar müəyyənləşib. Bir həqiqət də odur ki, Avropaya qaçanların neft sərvətləri talanaraq Avropaya daşınıb. Onlar sərvətlərinin dalınca gəlirlər. Onlar ona görə öz vətənlərində yaşaya bilmədilər ki, əvvəlcə, ölkələri dağıdıldı, sonra da neft sərvətləri sabitliyi pozan dövlətlərin əlinə keçdi. Bunlar artıq yaşaya bilmirlər. Adi həqiqətlərdir. Biz bu proseslərin içindəyik. Bizim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ kimi münaqişəmiz var. Uzun illərdir hər bir azərbaycanlı proses barədə hər şeyi öyrənir. İkili standartların, ədalətsizliyin, beynəlxalq təşkilatların ikitərəfli mövqeyinin nə olduğunu bilirik. Onun üçün biz bu proseslərdən yaxşı baş çıxardırıq. Amma hələ elə dövlətlər var ki, nəyəsə inanırlar. Və yaxud da onlar üçün artıq gecdir. Sabitlik pozulub. Bu mənada bu həqiqətlərin dünyaya olduğu kimi çatdırılması üçün həm ziyan çəkənlərə, həm də hədəf olan dövlətlər üçün bu çox vacibdir”.

Baş redaktor hesab edir ki, dünya mətbuatında ikili standartlar çox hakimdir. Onların qarşısını almaq üçün birləşmiş qüvvələrin imkanlarından istifadə edilməlidir: "Bayaq misal çəkdim ki, onların hamısına miqrant deyirlər. Amma onların heç biri miqrant deyil. Onlar qaçqın və məcburi köçkünlərdir. İkincisi, dünya mətbuatında çox qorxulu bir tendensiya var. Bunu da Avropa dövlətləri yaradır. Yəni onlar yaxşı və pis terrorçu anlayışını yaradıblar. Anlamıram, terrorçunun yaxşısı-pisi olarmı? Terrorçu elə terrorçudur... Terrora, terrorçuya birmənalı münasibət olmalıdır. Daha sonra Avropa dövlətləri islamı terror dini kimi təbliğ edirlər. Ancaq islam dininə sitayiş edənlər terrorla məşğul olurlar. Görürsünüz, hətta xüsusi bir terror qruplaşması yaradıb, adını da İraq Şam İslam Dövləti (İŞİD) qoyublar. Burada "İslam Dövləti” sözlərinin yazılması heç də təsadüfi deyil. Amma bu silahlı birləşmədə xristianlar çoxluq təşkil edir. Onları kim silahlandırır? Onları kəşfiyyat məlumatı ilə kim təmin edir? Onları kim məğlubedilməz edib? Bunların hamısı vahid əldən çıxır. Biz bu məsələlərin kökünü yaxşı bilirik. Amma həmin terrorçu dəstənin adına islam sözünü əlavə etməklə həmin silahlı qruplaşmanın müsəlman təşkilatı olması görüntüsünü yaratmaq istəyirlər. Və yaxud da görürük hər yerdə millətlərin öz müqəddəratını təyin müəyyən etmək hüququ, ərazi bütövlüyü ilə götürülür və birinci yerə millətlərin öz müqəddəratını təyin etmək hüququ fikrini yayırlar. Əslində isə, millətlər ancaq dövlətin ərazi bütövlüyü şərti ilə öz hüquqlarını təmin edə bilərlər. İnformasiya bir əldə olanda onu istədikləri istiqamətə əyib, öz maraqlarına yönəldirlər. Bəzən qərəzli şəkildə başqa səmtə istiqamətləndirirlər. Ona görə də, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının vasitəsilə biz də öz həqiqətlərimizi meydana qoya biləcəyik. Ağıllı insanlar da müqayisə edib, həqiqəti görəndən sonra həqiqəti yalandan ayırmağı bacaracaqlar. Ona görə də, mən bu birliyi alqışlayıram. Niyyət konfransı baş tutdu, güman edirəm ki, təsis konfransı olacaq və əməli işə başlayacağıq. Bu, bütün dünyaya lazımdır. İnsanların öz vətənindən, ev-eşiyindən didərgin düşməsi, dənizdə boğulması, tikanlı məftil və itlərlə qarşılanması, ləyaqət və şəxsiyyətlərinin aşağılanmasının qarşısının alınması yönündə atılmış çox vacib bir addımdır. Hesab edirəm ki, qısa müddət ərzində bu əməkdaşlığın bəhrəsini, nəticəsini dünya mətbuatında görəcəyik”.

"Sözügedən assosiasiya dünyada başladılan islamafob meyilləri zəiflədə biləcəkmi” sualına gəlincə, parlamentari diqqətə çatdırıb ki, islamafobiya, ksenofobiya, antisemitizm kimi məsələlər şüurlu şəkildə müəyyən qruplar, təşkilatlar tərəfindən məqsədyönlü şəkildə yayılır: "Bu məsələlər ictimai fikrə məqsədyönlü şəkildə yerləşdirilir. Bunu anlamaq elə də asan deyil. Birinci və İkinci dünya müharibələrində sərhədlər məlum idi. Kimin kimlə vuruşduğu bilinirdi. Hazırda isə həmin qarşıdurmanı dini müstəviyə köçürüblər. İndi dinlərarası müharibə gedir. Dinlərarası müharibədə isə sərhəd olmur. Hər ölkənin daxilində müxtəlif dinə etiqad edən çoxsaylı insanlar olur. Bizim xalqımız böyük qəlb və geniş dünyagörüşü sahibidir. Biz multikulturalizm dəyərlərini dəstəkləyirik. Əvvəldən birgə yaşamışıq. Sən mənim dinimə hörmətlə yanaş, mən də sənin dininə hörmət edim. Biz bunu dərk etmişik. Amma onlar anlamırlar ki, sən islamafobiya yaradırsansa, öz dövlətinin daxilində, yaşadığın cəmiyyətdə nifaq toxumu səpirsən. Toqquşmalara əsas yaradırsan. Sabah insanları biri-birinə qarşı terrakt törətməyə təhrik edirsən. Ona görə də məlum təşəbbüsün multikulturalizmin özünə yer etməsində, monokulturalizmə qarşı mübarizədə böyük köməyi, təsiri olacaq”.

(davamı var)

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb