Elçin Əlibəyli: “İnstitutun bir çox əməkdaşlarının nitqində qüsurlar var. Maraqlıdır, onlar teleaparıcılara ədəbi dilin qaydalarını necə öyrədəcəklər?”
Dilçilik İnstitutu teleaparıcılar üçün təlim kursları təşkil edəcək
Ekspertlərin bu məsələyə yanaşması birmənalı deyil
Elçin Əlibəyli: “İnstitutun bir çox əməkdaşlarının nitqində qüsurlar var. Maraqlıdır, onlar teleaparıcılara ədəbi dilin qaydalarını necə öyrədəcəklər?”
Elçin Əlibəyli: “İnstitutun bir çox əməkdaşlarının nitqində qüsurlar var. Maraqlıdır, onlar teleaparıcılara ədəbi dilin qaydalarını necə öyrədəcəklər?”
Zeynal Məmmədli: "Bu kurslar aparıcının necə görünməsini, davranışını, düzgün intonasiyasını
incəliklərinə kimi həll edə bilməz”
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu teleaparıcılar üçün xüsusi təlim kursları təşkil edəcək. Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva bildirib ki, təlim kurslar 2 ay müddətində keçiriləcək. Onun sözlərinə görə, təlim kursları televiziya kanallarında təşkil olunacaq.
S.Əliyeva həmçinin bildirib ki, televiziya kanallarında Azərbaycan ədəbi dilinin qaydaları pozulur: "Təlim kurslarına ilk növbədə xəbər aparıcıları və digər verilişlərin aparıcıları cəlb olunacaq. Bütün televiziya kanallarında qüsurlar var. Dilçi olaraq biz həmin qüsurları görürük. Monitorinqlərdən sonra yaxşılığa doğru fərq hiss olunur. Hazırda qeyri-hökumət təşkilatı ilə birgə televiziya kanallarında reklamların dili ilə bağlı monitorinq aparmışıq. Son 10-15 gün ərzində telekanallarda yayımlanan reklamlarda kifayət qədər qüsurlar aşkarlanıb”.
Məsələyə münasibət bildirən tanınmış teleaparıcı Elçin Əlibəyli Dilçilik İnstitutunun özünün bəzi əməkdaşlarının nitqində çox ciddi qüsurlar olduğunu deyib. İnstitutun bu prosesdə teleaparıcılara kömək edə bilməyəcəyini düşünən teleaparıcı bildirib ki, öncə dilimizin mükəmməl orfoepik lüğəti hazırlanmalıdır: "Azərbaycan dilinin orfoepiya qaydaları kütləvi informasiya vasitələrində, xüsusilə televiziyalarda çox pozulur. Nəhayət, Dilçilik İnstitutu bununla bağlı addım atıb. Əlbəttə, bunu müsbət qarşılamaq lazımdır. Amma Dilçilik İnstitutunun bir çox əməkdaşlarının nitqində qüsurlar var. Onlar özləri orfoepik qaydalara əməl etmirlər. Çox kobudcasına nitq mədəniyyətini pozurlar. Maraqlıdır, onlar teleaparıcılara ədəbi dilin qaydalarını necə öyrədəcəklər?”. E.Əlibəyli həmçinin bildirib ki, bu işin öhdəsindən gələ biləcək adamlar varsa, bu da İncəsənət Universitetinin səhnə danışığı müəllimləri ola bilər. Səhnə danışığı ilə televiziya nitqi arasında müəyyən yaxınlıq olduğunu düşünən teleaparıcı bu prosesdə ilk olaraq tədris planının hazırlanmalı olduğunu deyib: "Əgər müəyyən bir tədris planı yoxdursa, bu kurslar hansı plana əsasən keçiriləcək, bu, sual altındadı. Fərz edirəm ki, Dilçilik İnstitutu əvvəlcə dilimizin lüğəti ilə bağlı məsələləri həll eləməlidi. Hər il bir lüğət çıxır. Bu lüğətlərdə eyni bir söz müxtəlif cür yazılır. Artıq Azərbaycanın müstəqilliyinin 25 illiyidi və orfoepiya lüğəti hələ
indi hazırlanır. Ümumiyyətlə, İnstitutun ünvanına bir söz deyən kimi onlar məsələni ibtidai bir formada qarşılayırlar. Adi tənqidə aqressiv münasibət bildirirlər. Hesab edirəm ki, əvvəlcə bu münasibəti dəyişdirməlidirlər. Fikrimcə, bu kursların təşkil olunması həll yolu deyil”. Teletənqidçi Azərbaycanda televiziya işinin inkişafını görmək üçün əvvəlcə Televiziya və Radio Akademiyası yaradılmalı olduğunu düşünür. Onun fikrincə, bu akademiyada televiziya aparıcılığı xüsusi olaraq tədris olunmalıdır: "Akademiyada xüsusi olaraq televiziya işi fakültəsi fəaliyyət göstərməlidi. Yalnız bundan sonra biz hansısa uğuru əldə edə bilərik. 2 aylıq kurs heç vaxt bu işə köməklik göstərə bilməz. Təlim kurslarında hansısa aparıcının nitqinin düzəlməsi mənim üçün absurd görünür. Buna baxmayaraq Dilçilik İnstitutuna işlərində uğurlar arzulayıram”.
Media eksperti Zeynal Məmmədli də bu təşəbbüsün hansısa fayda verəcəyini düşünmür. Onun fikrincə, kursların təşkili sadəcə göstəriş üçündür: "İlk olaraq bunu bilmək lazımdır ki, televiziya dili audiovizual dil adlanır. Yəni, burada eyni zamanda həm görüntü, həm də səs var. Dilçilik İnstitutu isə sırf dil ilə məşğul olur. Ona görə də bu kurslar aparıcının necə görünməsini, davranışını, düzgün intonasiyasını incəliklərinə kimi həll edə bilməz. Sadəcə, teleaparıcıların dil ilə bağlı problemlərini aradan qaldıra bilər. Onlarda müəyyən həvəs yaradar, nitq mədəniyyəti ilə bağlı bilgilərini artırar və zənginləşdirə bilər. Düşünürəm ki, bu kursları peşəkar moderatorlar və spikerlər aparmalıdı. Praktiki situasiyalarla bağlı biliklər öyrədilməlidir. Bu zaman hansısa problem aradan qalxa bilər. Sovet dönəmində Nazirlər Kabinetinin sədrinin bir sözü var idi. O deyirdi ki, biz həmişə istəyirik daha yaxşı olsun, amma nədənsə, hər şey həmişəki kimi alınırdı. Bu o zamanlarda bir lətifə təsiri bağışlayırdı. Qorxuram ki, Dilçilik İnstitutunun da təşəbbüsü həmin lətifəyə oxşasın”.
Yeganə Bayramova