Narahatlığa əsas yoxdur

“Hər üç uşağı övladlığa götürən insanlar öz soydaşlarımızdır”
“Əcnəbilərə övladlığa verilən uşaqların taleyi ilə bağlı daimi monitorinqlər aparılır və onlar daimi diqqətdə saxlanılır”


2016-cı ilin 9 ayı ərzində Azərbaycanda əcnəbilər tərəfindən 3 övladlığa götürmə faktı qeydə alınıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin sektor müdiri Seymur Məmmədov bildirib. Hər 3 uşaq xarici vətəndaşa ərə gedən azərbaycanlı xanımlar tərəfindən övladlığa götürülüb: "Xanımlardan biri Türkiyə vətəndaşı, ikincisi Rusiya vətəndaşı, üçüncüsü isə Böyük Britaniya vətəndaşı ilə ailə qurub. Əcnəbilərə övladlığa verilən uşaqlardan 2-si 10 və 13 yaşlı oğlanlar, digəri isə 4 yaşlı qız uşağıdır”.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağayevanın sözlərinə görə, hər üç uşağı övladlığa götürən insanlar öz soydaşlarımız olduğu üçün burada narahatlıq doğuran bir hal yoxdur: "Əcnəbilərə övladlığa verilən uşaqların taleyi ilə bağlı daimi monitorinqlər aparılır və onlar daimi diqqətdə saxlanılır. Prosesə nəzarət edən müvafiq qurumlar həmin uşaqlar barədə heç olmasa ildə bir dəfə müvafiq orqanlar vasitəsilə uşaqların sağlamlığı, səhhəti, yaşayışı və təhsili ilə bağlı məlumat verirlər”.

K.Ağayevanın sözlərinə görə, uşağın cinsini övladlığa götürən tərəf Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin onlara təqdim etdiyi ərizə blankında qeyd edir. Nazirlər Kabineti tərəfindən həyata keçirilən normativlər artıq illərdir ki, həyata keçirilir.

Azərbaycandan əcnəbilərə övladlığa verilən uşaqlara qarşı zorakılıq faktlarının aşkarlanmadığını vurğulayan Birlik rəhbəri deyib ki, o uşaqların nəzarətsiz qalması kimi iddialar da həqiqətə uyğun deyil. Uşaqlar o ölkələrin vətəndaşlarına övladlığa verilir ki, sonradan onların taleyi ilə maraqlanmaq və monitorinqini aparmaq mümkün olsun.

Şəymən