Çıxış yolu var...

Vahid Əhmədov: “Kredit verən banklarda faiz dərəcəsi 17-20 faizdən yuxarı olmamalıdır”


Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə hazırda ölkədə ən çox müzakirə mövzusu olan banklarda kredit faizləri məsələsindən danışıb. "Banklar faiz dərəcələrini azaltmalıdır” - deyən, komitə sədrinin fikrincə, kredit faizlərinin aşağı salınması ilə bağlı Mərkəzi Bankla birgə müzakirələr aparılmalıdır.

Millət vəkili hesab edir ki, ölkə iqtisadiyyatı inkişaf etdikcə, sahibkarlıq fəaliyyətini yaxşılaşdırmaq üçün istər hüquqi, istərsə də fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlıq subyektlərinin kredit bazarına müraciətlərini asanlaşdırmaq üçün həyata keçirilən çoxsaylı kompleks tədbirlər nəzərə alınmalıdır. Bu istiqamətdə isə atılacaq ilk addımlardan biri bank faizlərinin aşağı salınmasıdır.

Z.Ziyadzadə həmçinin əlavə edib ki, MM-in yaz sessiyasında 2014-cü ilin İqtisadi siyasət komitəsi büdcə paketinin müzakirəsindən əvvəl banklarla görüş keçirəcək və görüşdə bu məsələlər müzakirə ediləcək.

Banklarda faiz dərəcələrinin həddindən artıq yüksək olması məsələsinin bundan əvvəl məhz onun tərəfindən qaldırıldığını vurğulayan iqtisadçı, millət vəkili Vahid Əhmədov bildirib ki, dəfələrlə parlamentdə məsələ qaldırıb ki, Milli Məclisdə ayrıca bir komissiya yaradılsın və ciddi araşdırmalar aparılsın:

- Fakt budur ki, Azərbaycan banklarında vətəndaşlara verilən kreditlərin faiz göstəriciləri həddindən artıq yüksəkdir. Hesab edirəm ki, bu məsələyə ciddi yanaşmaq lazımdır. Az qala hər ailənin banklara borcu var. Bank faizləri 30-32 faizə yaxın olduğu üçün vətəndaşlar banklara borcunu ödəməkdə çətinlik çəkir. Nəticədə də problemli kreditlərin sayı artır.

- Sizcə, kredit faizlərinin belə yüksək həddə olmasına səbəb nədir?

- Baxmaq lazımdır ki, bu niyə yaranıb, hansı səbəblər buna gətirib çıxarıb. İkincisi, Azərbaycanın kifayət qədər valyutası var. Bizim dövlət bu baxımdan çox irəlidədir. Əgər kredit faizlərini aşağı salmaq mümkün deyilsə, bu zaman dövlət öz valyuta ehtiyatından müəyyən qədər maliyyə ayıra bilər. Başqa sözlə, banklara kreditlər verilə və deyilə bilər ki, dövlət sizə 2-3 faizə kredit verir, siz də bunun üzərinə 3-4 faiz qoyub paylaya bilərsiz. Amma məsələ bunu deməklə həll olunmur. Oturub müzakirə aparmalı və hansı variantın effektiv olması müəyyən edilməlidir.

- Çıxış yolunu nədə görürsünüz?

- Banklarda bu qədər yüksək faizlə kredit verilməsinin səbəbləri araşdırılmalıdır. Bu məsələni ötən sessiyada da qaldırmışdım ki, problem mütləq müzakirəyə çıxarılmalıdır.

- Müzakirələrdən sonra bank faizlərinin aşağı salınma ehtimalı gözləniləndirmi?

- Niyə də azalmasın? Əgər bank, vətəndaşlardan 10-12 faizlə depozit götürürsə, niyə 30-32 faizlə kredit verməlidir. Belə çıxır ki, bankların kredit verəndə 20 faiz xərci çıxır? Bütün bunların hamısı şişirtmə faizlərdir. Biz də tələb edirik ki, müzakirələr açılsın və banklar bizə başa salsınlar ki, hansı əsasla bu qədər yüksək faizlə kredit verirlər. Əgər doğrudan da bankların aşağı faizlə kredit vermək imkanı yoxdursa, ehtiyat fonddan onlara vəsait ayrılsın. Xatırlayırsınızsa, 2008-ci ildə dünyada iqtisadi böhran başlayanda dövlət başçısı xaricdəki 3 milyard manat ölkə vəsaitinin gətirilib banklara verilməsi barədə göstəriş verdi ki, onlar vətəndaşlara kreditləri aşağı faizlərlə versinlər. Amma müxtəlif səbəblərdən həmin vəsaitlər ölkəyə gətirilmədi. Yenə deyirəm ki, əhaliyə bu cür yüksək faizlə kredit vermək düzgün deyil. Bunun qarşısını mütləq almaq lazımdır. Faiz dərəcələri əgər bu cür vəziyyətdə qalarsa, əhalinin əksər hissəsinin mənzilləri, maşınları banklarda qalacaq. Bu qədər insafsız bank faizləri olmaz. Bizim məqsədimiz bankların işinə müdaxilə etmək deyil. Biz istəyirik ki, banklar bu qədər yüksək faizin səbəbini bizə əsaslandırsınlar. Əgər sən 30 faizlə kredit verirsənsə, niyə əmanətləri 12 faizlə götürməlisən? Bir sözlə, burada bir neçə iqtisadi məsələlər var, yığışıb onları yoluna qoymaq lazımdır. Bu zaman bankların maddi ehtiyacları, dövriyyə vəsaiti və imkanları diqqətdə saxlanmalıdır. Bundan sonra isə kredit faizlərinin nə qədər endirməyin mümkünlüyünü demək olar

- Azərbaycan reallığında banklar neçə faizlə kredit verə bilər?

- Bizdə iqtisadi inkişaf var, şəraitimiz yaxşıdır, ehtiyatımız mövcuddur. Yəni problemləri aradan qaldırmaq mümkündür. Azərbaycanın iqtisadi gəlirləri və inkişaf göstəriciləri imkan verir ki, banklarda kredit faizləri 15-20 faizdən yuxarı olmasın. Ən yüksək faizlə kredit verən banklarda faiz dərəcəsi 17-20 faizdən yuxarı olmamalıdır. Amma bu gün banklar 30 faizdən aşağı faizlə kredit vermir.