Qurban bayramının vaxtı yaxınlaşdıqca, qurbanlıq heyvanların qiyməti də qalxır. Adi vaxtlarda 120-130 manata satılan diri qoçların qiyməti artıq 150 manata çatıb. Bu gedişlə bayram günü diri heyvanın qiymətinin 150-dən də yuxarı qalxacağını ehtimal etmək olar. İşbazlar qurbanlıq heyvanları paytaxta daşıyır. Gözlənilir ki, nisbətən ucuz olması səbəbindən Gürcüstandan da xırda buynuzlu heyvanlar gətiriləcək.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi isə bayramöncəsi xüsusi əmr imzalayıb. Əmr oktyabrın 15-16 tarixlərində Qurban bayramının keçirilməsi ilə əlaqədar Bakı şəhərinə gətirilən qurbanlıq heyvanların ticarət üçün xüsusi ayrılmış, baytar-sanitariya tələblərinə cavab verən yerlərdə kəsilməsini təmin etmək məqsədi daşıyır. Nazirliyin 08 oktyabr 2013-cü il tarixli 379 saylı əmrində bir sıra məsələlər, o cümlədən heyvan kəsimi üçün ayrılmış xüsusi yerlərin ünvanları da qeyd edilib.
Əmrə əsasən, Qurban bayramı ilə əlaqədar olaraq Bakı şəhərinə gətirilən heyvanların sağlam olması, həmçinin baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytar-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətinin gücləndirilməsi məqsədilə zoobaytar mütəxəssisləri heyvanların kütləvi halda kəsim yerlərinə təhkim olunublar. Eyni zamanda, qurbanlıq heyvanların saxlanılmasında və kəsilməsində baytar-sanitariya qaydalarına ciddi əməl edilməsi, rayonlardan gətirilən mallara və qoyunlara onların sağlamlıqları barədə 1 nömrəli şəhadətnamənin yoxlanılması və bunun nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülməsi barədə nazirlik aparatının Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinə və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə göstərişlər verilib.
Bakı şəhərində qurbanlıq heyvanların kəsilməsi üçün müəyyən edilmiş ünvanlar isə bunlardır:
- Zabrat qəsəbəsi, Kürdaxanı yolu, Zabrat dairəsi;
- Lökbatan qəsəbəsi "Meyvəli” bazarının qarşısı, Sahil qəsəbəsi;
- Nərimanov r-nu, Əliyar Əliyev küçəsi, Keşlə bazarının qarşısı;
- Yasamal, Şərifzadə küçəsi, "İdeal” şadlıq sarayının yaxınlığında;
- Binəqədi r-nu, 3-cü Balıqçılar küçəsi;
- Binəqədi r-nu, 8-ci mikrorayon, Rəsulzadə qəsəbəsi;
- Binəqədi r-nu, Biləcəri qəsəbəsi;
- Xətai r-nu, Nobel prospekti, "Nargilə” kafesinin qarşısı”
- Xətai r-nu, Gəncə prospekti, "Fərid” şadlıq evinin yaxınlığında;
- Xətai r-nu, Gəncə prospekti;
- Xətai r-nu, Əhmədli qəsəbəsi;
- Sabunçu r-nu, Bakıxanov qəsəbəsi;
- Suraxanı r-nu, Zığ qəsəbəsi;
- Suraxanı r-nu, Bülbülə qəsəbəsi;
- Suraxanı rayonu, Əmircan qəsəbəsi;
- Suraxanı r-nu, Qaraçuxur qəsəbəsi;
- Suraxanı r-nu, Hövsan qəsəbəsi;
- Səbail r-nu, Bibiheybət yolu, 20-ci sahə, ticarət cərgələrinin arası;
- Nizami r-nu, R.Rüstəmov və M.Əliyev küçələrinin kəsişdiyi yer;
- Xəzər r-nu, Binə qəsəbəsi;
- Xəzər r-nu, Qala qəsəbəsi;
- Xəzər r-nu, Mərdəkan qəsəbəsi;
Dövlət Baytarlıq Xidməti mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli "Şərq”ə açıqlamasında bildirdi ki, göstərilən ünvanlardan kənarda icazəsiz kütləvi kəsimlə məşğul olanlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 25 manatdan 150 manatadək cərimə olunacaqlar:
- Nazirlik heyvan kəsimi üçün xüsusi yerlər ayırıb. Bu yerlərdən kənarda kütləvi kəsimlə məşğul olanlar cərimə ediləcək. Nazirlik bu tədbirləri əhalinin sağlamlığını nəzərə alaraq həyata keçirir. Alıcılar da istər diri heyvan, istərsə də ət məhsulları alarkən forma 1 tələb etsinlər. Paytaxta gətirilən bütün diri heyvanlar baytar yoxlamasından keçirilməlidir. Yoxlamadan keçirilmiş heyvanlara Forma 1 sənədi - baytar şəhadətnaməsi verilir. O sənəddə heyvanın haradan gətirildiyi, peyvənd olunduğu, sağlam olub-olmaması, hər şey yazılır. Alıcılar da təhlküəsizliklərini təmin etmək məqsədilə satıcılardan baytar şəhadətnaməsini tələb etsinlər. Ötən illərdə baytar sənədi olmadan heyvanların satış üçün paytaxta gətirilməsi faktları olmuşdu. Nazirliyin baytar həkimləri həmin heyvanları yerindəcə yoxladı, yararlı olduğunu müəyyənləşdirdikdən sonra satışına icazə verdi. Bu il də nazirlik güclü nəzarət həyata keçirəcək. Amma əhali də ayıq olmalıdır.
Y.Xanvəli qeyd etdi ki, bu il qurbanlıq heyvanlar əsasən Aran zonasından - Bərdə, İmişlidən gətiriləcək. Qonşu ölkələrdən (Gürcüstan, Rusiya) diri heyvan gətirilməsi faktlarına isə hələ ki, rast gəlinməyib.
Qeyd edək ki, qonşu ölkələrdən diri heyvanların gətirilib-gətirilmədiyini Kənd Təsərrüfatı Nazirliyindən də soruşduq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirdi ki, qonşu ölkələrdən diri heyvanların gətirilməsi haqda məlumatlara sahib deyillər:
- Hələ ki, bizə belə məlumat daxil olmayıb. Bizim daxili ehtiyatlarımız var. Bu da tam kifayət edir. Qonşu ölkələrdən mal-qara gətirməyə heç ehtiyac da yoxdu.
Nazirlik rəsmisi də bildirdi ki, diri heyvanlar paytaxta əsasən Aran bölgəsindən gətirilir.