Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva səsvermədə iştirak ediblər



AzərTAc xəbər verir ki, 2013-cü il oktyabrın 9-u Azərbaycanın tarixində növbəti prezident seçkiləri günüdür. Seçki prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da səhər saat 10-da xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi. Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı. Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izlədilər. Mehriban xanım Əliyeva və ailə üzvləri də səs verdilər. Prezident İlham Əliyev beynəlxalq müşahidəçilərlə görüşdü.