Ağrıkəsicilərin onlarla fəsadları var

Professor hesab edir ki, mütləq tibbi müayinədən keçdikdən sonra dərmanlardan istifadə edilməlidir



Hansısa yerimiz ağrıyanda dərhal ağrıkəsici dərmanlardan istifadə edirik. Bu dərmanlar sanki gündəlik həyatımızın bir hissəsinə çevrilir. Hətta üstümüzdə müxtəlif ağrılar üçün dərmanlar gəzdirir, olmadıqda başqalarına müraciət edirik və bu dərmanlardan istifadə lap adət halını alır.

Davamlı olaraq ağrıkəsici dərman preparatları müəyyən müddətdən sonra əks-təsir göstərə bilər. Əksər insanlarda dərman preparatlarına qarşı müxtəlif allergik reaksiyalar olduğu üçün, onlar bir sıra problemlərlə üzləşirlər. Xüsusilə də həkim təyinatı olmadan qəbul edilən ağrıkəsici dərmanlar istifadə edildikdə orqanizmdə xoşagəlməz fəsadlar yaradır.

Qeyd edək ki, Gəncə şəhərində də dünən ağrıkəsici dərmandan ölüm hadisəsi baş verib. 1949-cu il təvəllüdlü Xanlar Kərimov səhhəti ilə bağlı ağrıkəsici dərman qəbul edib, bundan sonra onun halı pisləşib. Yaxınları dərhal onu xəstəxanaya çatdırsalar da, X.Kərimov orada vəfat edib. Onun astma xəstəliyindən əziyyət çəkdiyi, ağrıkəsicinin şok yaradaraq ölümə səbəb olduğu bildirilir.

Ağrı ilə mübarizədə istifadə olunan preparatlar periferik sinir sisteminə təsir edir. Bəzi analgetiklər isə birbaşa beyinə təsir edərək beynin qalan orqanizmlə əlaqəsini "kəsir” ki, impulslar ağrıyan yerdən beyinə çatmır.

Qastrit, infarkt və insult riski

Mədə və bağırsaq sistemində isə xora, qastrit, qanama, hətta mədə deşiyinədək problemlərlə qarşılaşmaq mümkündür. Beləliklə, fərqində olmadan ciddi problemlərin yaranmasına nail oluruq. Bəzən bu preparatlar tənbəllik, yuxululuq, ruh düşkünlüyü yaradır. Ağrıkəsicilərin tərkibində statin adlı maddə var ki, həmin maddə əzələləri yumşaldaraq keyləşdirir. Yaşlı insanlarda təzyiq, infarkt və insulta səbəb olur. Həmçinin qalın və incə bağırsaqda qanama, qaraciyərdə toksik təsirlər yarada və böyrəklərə ziyan vura bilər.

Təbabətdə istifadə olunan ağrıkəsicilərlə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla ilə də müzakirə apardıq. Professorun sözlərinə görə, güclü təsirə malik preparatlar var ki, onlar yalnız ciddi xəstəliklər üçün istifadə edilməlidir. Bunun üçün də tibbi müayinədən keçmək, daha sonra preparatlardan istifadə etmək lazımdır. Lakin, mədə və digər ağrılar zamanı apteklərə üz tutan insanlar, düşünmədən səhhətlərinə qarşı biganəliklərini göstərirlər: 

"Ağrıkəsicilərin narkotik tərkibli analgetik və qeyri-narkotik analgetik kimi əsas iki qrupu var. Bundan başqa müxtəlif ağrıkəsici təsirləri olan dərmanlar da istifadə olunur. Ən çox istifadə edilənlər isə narkotik və qeyri-narkotik analgetiklərdir. Narkotik analgetiklər dediyimiz preparatlar cərrahiyə əməliyyatı və bəzi monikulyasilardan sonrakı dövrdə ancaq stasionar şəraitində işlənilir. Qeyri-narkotik analgetiklər isə həkim təyinatı ilə anblator şəraitdə qəbul edilə bilər. Bunlar da qeyri-steroid mənşəli analgetiklərdir və geniş istifadə olunmaqdadır. Qeyri-narkotik analgetiklərin ən klassik nümunələri aspirin və analgin hesab olunur”.

Professor həmçinin bildirdi ki, istənilən dərman preparatlarından ağırlaşmalar mümkündür. İnsan orqanizmi bəzi dərmanları qəbul edə bilmir və beləliklə müxtəlif reaksiyalar göstərir:

"Bu təkcə dərmanın özü ilə bağlı deyil. Hər bir dərman preparatının tərkibində müəyyən qatqılar var. Dərman preparatına rəng, dad, sturuktur, forma verən maddələr var. Onların özləri də keyfiyyəti yaxşı olmadıqda müxtəlif allergik reaksiyalar verə bilər. Ona görə də nəinki ağrıkəsicilər, müxtəlif dərmanlar amblator şəraitdə işlədilirsə, xəstədə bu dərmana həssaslığın və allergiyaların olub-olmaması araşdırılmalıdır. Təəssüflər olsun ki, çox vaxt allergik reaksiyalar məsələyə biganə yanaşmaqdan irəli gəlir. Bəzən xəstəyə onun allergik reaksiyalarının olduğunu dedikdə, gələcəkdə ortaya çıxa bilən müxtəlif problemlərin qarşısını almaq mümkün olur. Ona görə də hesab edirəm ki, ağrıkəsicilər daha çox istifadə edildiyi üçün onlarla bağlı ağırlaşmalar daim ortaya çıxır”.

Yeganə Bayramova