Rusiya Ermənistanda hakimiyyəti dəyişəcək?

“Ölkədə belə bir əhval-ruhiyyə formalaşıb”



"Hamı düşünür ki, həm parlament, həm də prezident seçkilərində Sarkisyan və ətrafı birmənalı uduzacaq”

Aprelin 2-də Ermənistanda parlament seçkisi keçiriləcək. Məlumdur ki, referendumla edilən dəyişikliyə görə, parlament yalnız proporsional əsaslarla formalaşacaq. Yəni, seçkidən sonra Ermənistan parlament üsul-idarəsinə keçəcək. Bu səbəbdən işğalçı ölkədə keçiriləcək parlament seçkisi böyük maraq doğurur.

Seçki yaxınlaşdıqca siyasilərin həyəcanı da artır və meydanda yeni fiqurlar peyda olmağa başlayır. Məsələn, keçmiş müdafiə naziri Seyran Ohanyan bu günlərdə sabiq xarici işlər naziri, "Birlik” Partiyasının sədri Vardan Oskanyanla görüşüb. "Üçüncü Respublika” partiyasına rəhbərlik edəcək Ohanyan seçkidə iştirak etmək niyyətini açıqlayıb. Yeni partiyanın prezident Serj Sarkisyana qarşı müxalif mövqe tutacağı bildirilir. Sarkisyana qarşı müxalifətə keçən şəxslərdən biri də keçmiş Baş nazir Ovik Abramyandır. Bu günlərdə hakim partiyadan istefa verən oliqarxın, Robert Koçaryanın biznes tərəfdaşı sayılan Qaqik Sarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan” Partiyasına üzv olacağı bildirilir. Bütün bunlar yaxın vaxtlarda Ermənistanda gərgin seçki prosesinin yaşanacağından xəbər verir. Ekspertlərə görə, klassik və yeni müxalifəti qarşısına alan Sarkisyanın seçkidən məğlub çıxma ehtimalı böyükdür. Hətta iddia edilir ki, Kremldə etimadını itirmiş Sarkisyanın əvəzlənməsi barədə müzakirələr gedir. Onların fikrincə, Moskva Ermənistanda hakimiyyət dəyişikliyinə "göz yuma” bilər. 


Düşmən ölkədə yaşanan prosesləri "Şərq”ə dəyərləndirən siyasi şərhçi Qabil Hüseynli deyib ki, Sarkisyanın siyasi manevrləri əhalidə ciddi şübhə yaradıb. Ekspertin fikrincə, xalq Sarkisyanın siyasi sistemi dəyişmək fikrini müdafiə etmir: 

"Əhali hesab edir ki, bir ovuc Qarabağdan çıxmış erməni oliqarxı siyasi və iqtisadi sahələrdə hökmranlıq edə bilməz. Erməni camaatı bunun fəlakət gətirəcəyini dərk edir. Seçki ərəfəsində ciddi siyasi proseslər müşahidə olunur. Proseslərin ən diqqət çəkən məqamı isə müxalifətin Sarkisyana qarşı birləşməsidir. Artıq klassik müxalifətlə yeni yaranmış müxalif təşkilatlar eyni mövqedən çıxış edir. Ohanyan kimi Qarabağdan olan erməni siyasətçilər də Prezident Sarkisyana qarşı aqressiv mövqe sərgiləyirlər. Buna görə də onların Dəmirçiyan, Koçaryan kimi şəxslərlə birləşməsi asanlaşır”.

Politoloq bildirib ki, indiyədək keçirilən bütün rəy sorğularında Sarkisyan rəqiblərinə məğlub olub: 

"Ölkədə belə bir əhval-ruhiyyə formalaşıb. Hamı düşünür ki, həm parlament, həm də prezident seçkilərində Sarkisyan və ətrafı birmənalı uduzacaq. Rusiyanın Ermənistandakı dəyişikliyə icazə verdiyini iddia edənlər də var. Guya Moskva bu seçimi erməni xalqının öz "ixtiyarına” buraxıb. Şübhəsiz ki, Rusiya düşmən ölkədəki prosesləri yaxından izləməkdədir. Kreml Sarkisyanla əlaqələrini tam kəsməyib. Amma əhalinin kütləvi etirazları, sosial bazanın müxalifət ətrafında toplaşması Rusiyanı geri çəkilməyə məcbur edə bilər. Bir çox ekspertlər bunun məhz belə olacağını, nəticə etibarı ilə Ermənistanda hakimiyyət dəyişikliyinin baş verəcəyini bildirirlər”. Analitikin sözlərinə görə, erməni diasporası da Sarkisyanın əleyhinə işləməkdədir: "Son vaxtlar diasporaya ayrılan pullar xeyli azalıb. Bu səbəbdən xaricdəki erməni təşkilatların rejimə münasibəti dəyişib. Fikrimcə, Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, Qarabağ klanı idarəetmədən uzaqlaşdırılarsa, münaqişənin həlli istiqamətində də müəyyən irəliləyiş olar. Sarkisyan rejimindən fərqli olaraq, irəvanlı siyasilər münaqişə ilə bağlı daha real və təsirli görüşlərə malikdirlər. Düzdür, həmin qüvvələrin də kompramisə getmək niyyəti yoxdur. Ən azından onların dövründə Qarabağ danışıqlarının yenidən canlanmasının və prosesin intensivləşməsinin şahidi olarıq”.

İsmayıl