Cocuq Mərcanlıya qayıdış gündəm olub

Artıq bütün köçkünlər hiss edir ki, torpaqlarımıza qayıdacağımız gün uzaqda deyil




"Cocuq Mərcanlı kəndinin yenidən qurulması çox böyük rəmzi məna daşıyır. Bu, tarixi hadisədir”. Bunu Prezident İlham Əliyev dünən keçirilən konfransda çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, qısa müddət ərzində Cocuq Mərcanlı kəndi yenidən qurulacaq: "Kənd sakinlərini işğaldan azad edilmiş kəndə qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, maraqla yanaşırlar. Əminəm ki, onlar indi səbirsizliklə o günü gözləyirlər.

Hazırda minalardan təmizləmə işləri aparılır. Televiziyada kəndin görüntüləri göstərilib. Bir neçə ay o kənd işğal altında olub. Ondan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı keçirilib və işğalçılar, düşmənlər o kənddən qovulub. Bir neçə ay ərzində onlar o kəndi yerlə-yeksan ediblər. Əlbəttə ki, ilk növbədə orada minalardan təmizləmə işləri, sonra isə infrastruktur layihələrinin icrası olmalıdır. Mən göstəriş vermişəm ki, beynəlxalq təşkilatlara da müraciət olunsun. Onlar da öz nümayəndələrini kəndə göndərsinlər. Görsünlər ki, erməni vəhşiliyi nədən ibarətdir”.

"Cocuq Mərcanlıda gələcəkdə 200 ev tikiləcək”

Dövlət başçısı deyib ki, indi digər işğal edilmiş torpaqlara erməni işğalçıları beynəlxalq müşahidəçiləri buraxmırlar: "Ağdamın, Füzulinin və digər şəhərlərimizin dağıntılarını beynəlxalq mətbuatda az-az görə bilirik. Niyə görə? Çünki onları buraxmırlar. Amma Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin canlı şahididir. Gəlsinlər görsünlər ki, özlərini "mədəni” xalq kimi təqdim etməyə çalışanlar hansı vəhşiliklər törədiblər. Ona görə orada bu işlər görülməlidir. Sonra isə bütün sənədləşmə işləri aparılmalıdır. Pasportlaşdırma, erməni vəhşiliklərinin sənədləşdirilməsi, video, foto, bütün dağılmış binaların ölçüləri, dəymiş ziyan hesablanmalıdır. Yəni, bu işlərə çox əsaslı yanaşmalıyıq. İlk növbədə infrastruktur - yollar, qaz, su, işıq xətləri çəkilməli, ondan sonra isə mütləq məktəb, uşaq bağçası, tibb məntəqəsi və fərdi evlər tikilməlidir. İlkin mərhələdə 50 ev tikiləcək, amma göstəriş vermişəm ki, kəndin master planı hazırlansın. Əminəm ki, burada gələcəkdə 200 ev tikiləcək. Əlbəttə ki, burada yaşayacaq insanlar üçün iş yerləri açılmalıdır. Əkin sahələri və digər iş yerlərinin təmin edilməsi üçün tədbirlər görüləcək və beləliklə, biz vətəndaşlarımızı uzun fasilədən sonra öz doğma ata-baba yurdlarına qaytaracağıq”.

"Prezidentin sərəncamı beynəlxalq aləmdə səs salıb”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, Cocuq Mərcanlı kəndində planlaşdırılan bərpa işlərinin müzakirəsi bütün beynəlxalq aləmdə səs salıb. Sədr deyib ki, ölkəmizdə fəaliyyət göstərən səfirlərin, beynəlxalq təşkilatların nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil olunacaq: "Aprel döyüşləri bizim həyatımızda şanlı tarixdir. Bu döyüşlərdə bizim də şəhidlərimiz oldu. Ancaq bu gün onların ruhları şaddır. Çünki onların qanı bahasına alınan torpaqlara insanlar böyük ruh yüksəkliyi ilə, həvəslə qayıdırlar”. Komitə sədri deyib ki, dövlət başçısının tapşırığına əsasən, bu kənddəki hər bir ev təcili şəkildə araşdırılmalı, hər evin sənədi təcili tərtib olunmalıdır. Hələlik torpaqlarda ANAMA tərəfindən mina axtarışları davam etdirilir”.

"Sərəncam bütün Azərbaycan xalqını, eləcə də biz veteranları sevindirdi”

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib ki, Cocuq Mərcanlıya qayıdış hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaradıb. Sərəncamın ermənilərə siyasi mesaj olduğunu deyən polkovnik qeyd edib ki, bununla Azərbaycan işğal altında olan torpaqlarını heç zaman güzəştə getməyəcəyini bir daha sübut etmiş oldu: "Prezidentin Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncamı aprel döyüşlərində qazandığımız zəfərin nəticəsidir. Aprel döyüşlərində qəhrəman Azərbaycan əsgərinin işğaldan azad etdiyi strateji yüksəkliklər cəbhə xəttində ordumuza üstünlük qazandırmaqla yanaşı, bir neçə istiqamətdə yaşayış məntəqələrimizi düşmənin aramsız atəş zərbələrindən qurtardı. Hazırda bu strateji yüksəkliklərin ordumuzun nəzarətində olması həmin ərazilərdəki yaşayış məntəqələrinin yenidən bərpasına, məcburi köçkün həyatı yaşayan insanlarımızın öz doğma torpağına qayıdaraq məskunlaşmasına imkan verib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi belə yaşayış məntəqələrindəndir. Qarabağ müharibəsində və ondan sonrakı dövrlərdə ermənilər tərəfindən dağıdılmış kəndin sakinləri buranı tərk etmək məcburiyyətində qalmışdı. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprel döyüşləri zamanı əldə etdikləri qələbədən sonra tarixən kənddə məskunlaşmış dinc əhalinin öz doğma kəndlərinə qayıtmaları üçün lazımi şərait yarandı. Azərbaycanın tam nəzarətinə keçmiş həmin ərazilərdə təhlükəsizliyin təmin olunması əsaslı yenidənqurma işlərinin başlanmasına imkan yaratdı. Sərəncam bütün Azərbaycan xalqını, eləcə də biz veteranları sevindirdi. Bu, tarixi torpaqlarımıza qayıdacağımız günün uzaqda olmadığını bir daha göstərdi”.

"İnanırıq ki, işğal altında olan torpaqlarımız tezliklə düşmən tapdağından azad olunacaq”

Cocuq Mərcanlı kənd tam orta məktəbinin müəllimi Əzizə Abbasova deyib ki, Cəbrayıl rayon sakinləri və Cocuq Mərcanlı kənd tam orta məktəbinin pedaqoji kollektivi Vətənimizin müstəqilliyi, inkişafı və onun daim çiçəklənməsi üçün həmişə ön sıralarda olub: "Dədə-baba torpaqlarımızdan ayrı düşsək də, kəndimizin orta məktəbinin fəaliyyətini davam etdirmişik. Yetişməkdə olan gənc nəslin milli ruhda tərbiyə olunması üçün yorulmadan daim çalışmışıq. Hələ köçkün həyatı yaşadığımız ilk illərdə ümummilli liderimiz Heydər Əliyevin rayonumuzun sakinlərinə göstərdiyi qayğını, məcburi köçkünlərlə çoxsaylı görüşlərini, hətta bir ailənin toy mərasimində bizimlə rəqs etməsini çox gözəl xatırlayırıq”. Əzizə Abbasova bildirib ki, dövlət başçısının Cocuq Mərcanlının bərpası ilə bağlı imzaladığı Sərəncam bütün cəbrayıllılara böyük sevinc bəxş edib: "Biz inanırıq ki, doğma Qarabağımız və işğal altında olan digər bölgələrimiz də Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə düşmən tapdağından azad olunacaq”.

İsmayıl