Şəhidimizin nəşini ancaq ordumuzun gücü hesabına qaytarmalıyıq
Ötən ilin sonunda sərhəddə baş verən təxribat zamanı həlak olmuş Azərbaycan əsgəri Çingiz Qurbanovun meyiti hələ də düşmən tərəfdə saxlanmaqdadır. Beynəlxalq qurumların çağırışlarına əhəmiyyət verməyən Ermənistan müxtəlif bəhanələrlə şəhidimizin meyitinin geri qaytarılması ilə bağlı prosedurun başlanması vaxtını qəsdən uzadır.
Məsələ Azərbaycan Prezidentinin və Müdafiə Nazirliyinin diqqətindədir və müvafiq beynəlxalq təşkilatlarla görüşlər çərçivəsində ölkə rəhbərliyi tərəfindən bu məsələ dəfələrlə qaldırılıb. Azərbaycan ictimaiyyəti də öz növbəsində əsgərimizin nəşinin qaytarılması istiqamətində müxtəlif təşəbbüslər göstərirlər. Ermənilər isə sanki özlərini bütün beynəlxalq normalardan üstün tutduqlarını sübut edərcəsinə şəhidimizin qaytarılması ilə bağlı bütün tələbləri cavabsız qoyur.
Bəs, Azərbaycan şəhid əsgərimizin nəşini necə geri qaytara bilər? Yaxud da Ermənistanın mənasız israrının arxasında nə dayanır?
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucun sözlərinə görə, Ermənistan əlinə keçən hər şeydən Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə edir:
"Aprel döyüşlərinin Ermənistanda böyük qorxu və narahatlıq yaratdığı heç kəsə sirr deyil. Ordumuzun əsgərlərinin erməni qüvvələrinin istinad divarlarını məhv etməsi və əldə olunan uğurlarımız fonunda erməni cəmiyyəti böyük bir bədbinliyə qapıldı, anti-Rusiya hərəkatları başladı, vətəndaşlar rejimə qarşı kəskin mövqedə dayandılar. İqtidar isə bu problemdən çıxış yolunu yenidən Azərbaycanla münasibətləri pozmaq və Qarabağ problemini körükləmək siyasətini davam etdirməyə başladı. Hətta problemi Qarabağ çərçivəsindən çıxarıb, bütün Azərbaycan-Ermənistan sərhəddi boyunca genişləndirib regiona və dünyaya ölkə sərhədləri boyunca savaş apardıqları mesajını ötürmək istədi. Guya ki, belə olan halda Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatının qüvvələri bunlara hərbi dəstək verəcək”.
Millət vəkilinin sözlərinə görə, ermənilər Azərbaycan əsgərinin üzərindən, xüsusilə də onun meyiti üzərindən kampaniya keçirməkdədirlər:
"Ermənistan rəhbərliyi Şahbaz Quliyevlə, Dilqəm Əsgərovu ona görə girov saxlayır ki, işğal altında olan rayonlarımızı ziyarət etmək istəyən digər azərbaycanlılara görk olsun. Şəhid əsgərimizin meyitinin qaytarılmamasının arxasında da təxminən eyni yanaşma dayanıb. Ermənilər Azərbaycanı erməni cəmiyyətinin nəzərində təcavüzkar kimi təqdim etmək istəyir. Guya ki, biz Tovuzdan, Qazaxdan İrəvana qarşı hücum planına malikik. Sən demə, Çingiz Qurbanov da kəşfiyyat nümayəndəsi olaraq Ermənistanda terror əməliyyatı həyata keçirəcəkmiş”.
Şəhidimizin nəşinin geri alınması yoluna gəldikdə isə Z.Oruc deyib ki, Azərbaycan buna ancaq ordumuzun gücü hesabına nail ola bilər:
"Sözsüz ki, beynəlxalq təşkilatlara müraciət olunmalıdır. Beynəlxalq Qızıl Xaç Komitəsi və digərləri bu gün ayrı-ayrı dövlətlər arasında baş verən münaqişələr zamanı həmin missiyanı həyata keçirməkdədir. Amma bu Komitənin də Ermənistanla danışıqları heç bir nəticə vermir. Deməli, şəhidimizi ancaq ordumuzun gücü hesabına qaytarmalıyıq. Ordumuza qarşı təxribat törədən erməni əsgərlərinin cəsədini götürmək və Ermənistanı Azərbaycanla sövdələşməyə məcbur etməliyik. Hər nə qədər çoxları üçün ağlasığmaz və qeyri-humanitar tədbir kimi görünsə də, biz müharibənin qaydalarını nəzərə almalıyıq”.
Şəymən