Murad Əliyev: “Bizim agentlikdə heç bir xəbər korrekturadan kənarda qalmır”
İnternet mediada dil xətaları artıb
Hikmət Babaoğlu: “Azərbaycanın leksik fondunda 56 min söz var, ancaq jurnalistin yazısında və nitqində istifadə etdiyi sözlərin ümumi sayı 5 mindən çox deyil. Bilirsiz, bu, artıq faciədir”
Murad Əliyev: “Bizim agentlikdə heç bir xəbər korrekturadan kənarda qalmır”
Murad Əliyev: “Bizim agentlikdə heç bir xəbər korrekturadan kənarda qalmır”
Vüsal Məmmədov: "Ən düzgün yol budur ki, Azərbaycan orfoqrafiyası üçün xüsusi korrektə proqramları hazırlansın”
Cavid İsmayıl: "Çox şükür, indi hərf səhvlərini göstərən texniki proqramlar icad olunub. Azca əziyyət çəkib o proqramlardan alsınlar və sayta qoyduqları yazıları diqqətlə oxusunlar”
İlham Quliyev: "İstənilən halda, medianı, xüsusilə də yazılı medianı korrekturasız təsəvvür etmək mümkün deyil”
Azərbaycanda medianın dili ilə bağlı fərqli fikirlər mövcuddur. Xüsusən də bu sahədə ciddi problemlərin mövcudluğunu iddia edənlər çoxluq təşkil edir.
Yeni yaranmaqda olan internet media vasitələrində dil xətalarının çoxluğuna diqqət çəkən mütəxəssislər belə hallara münasibətdə ictimai qınaq tədbirlərinin artırılmalı olduğunu vacib hesab edirlər.
Qeyd edək ki, bir müddət əvvəl AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Saytların dil mənzərəsi” mövzusunda "dəyirmi masa” keçirilib. Tədbirdə dilçi-alimlər, sayt rəhbərləri iştirak ediblər. Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Şahlar Məmmədov bildirib ki, bu gün əksər saytlarda Azərbaycan ədəbi dil qaydaları pozulur: "Saytlarda dil normaları pozulur, əlifbamızda olmayan hərflər yazı prosesində müşahidə olunur”.
Sözsüz ki, Azərbaycan mediasında dil problemlərinin ortaya çıxmasını şərtləndirən amillər çoxdur. Mediada dil qüsurlarının qloballaşmasının əsas səbəblərindən biri kimi də korrektura şəbəkəsinin sıradan çıxması göstərilir. Ekspertlərə görə, internet media qurumlarının əksəriyyətində korrektorlar olmadığı üçün müxbirlər redaksiyaya nə göndərirsə, redaktor onu olduğu kimi sayta yerləşdirir. Yazıların çoxunda cümlələr baş-ayaq gedir. Fikirlər biri-birini tamamlamır. Mətbuata açıqlama verən korrektorlar isə Azərbaycan dilçiliyindəki qarışıq vəziyyətdən də şikayət edirlər və vurğulayırlar ki, ilk baxışda xırda görünən məsələlər iş prosesində gərginlik yaradır. Elə buna görə də bəzi redaksiyalarda korrektəyə ciddi diqqət yetirilmir. Çünki korrektorlar çox vaxt müasir dilin yenilikləri ilə ayaqlaşa bilmirlər və işlərində xətalara yol verirlər. Onda belə bir sual ortaya çıxır. Ümumiyyətlə, indiki dövrdə media qurumlarında ayrıca korrektura şöbəsinin olması nə qədər zəruridir?
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu hesab edir ki, korrektura problemi çap mediasında o qədər dərin olmasa da, elektron və sosial mediada daha qabarıqdır:
"İnternet mediada dilimiz daha çox təhrif olunur. Az-çox dil ənənələrini qoruyan, korrekturaya önəm verən elə çap mediasıdır. Məsələn, "Yeni Azərbaycan” qəzetində bu günə qədər korrektorlar çalışır. Bizim iki korrektorumuz var. Amma məsələ ondadır ki, yaxşı korrektor tapmaq ciddi problemə çevrilib. Çünki son dövrlərdə elektron KİV-lər vasitəsi ilə təbliğ olunan Azərbaycanın danışıq dili get-gedə məhdudlaşır və əsas etibarı ilə Bakı ləhcəsinə motivasiya olunur. Filmlərimizdə, seriallarımızda aktyorlar da bu ləhcədən, yerli dialektdən istifadə edirlər. Ədəbi dilin normaları unudulur, yaddan çıxır. Yetişən yeni nəsil ədəbi dillə özünü ifadə imkanlarından kənarda qalmış olur. Əsas problem budur və çox ciddi məsələdir”. H.Babaoğlunun sözlərinə görə, hər keçən gün Azərbaycanın leksik fondu bir qədər də azalır: "Bu gün Azərbaycanın leksik fondunda 56 min söz var, ancaq jurnalistin yazısında və nitqində orta statistik hesablamalara görə, istifadə etdiyi sözlərin ümumi sayı 5 mindən çox deyil. Bilirsiz, bu, artıq faciədir. Problemdən yaxa qurtarmağın yeganə yolu korrekturanın bərpasıdır. Burda söhbət təkcə qəzet və sayt korrekturasından getmir. Eyni zamanda radio və televiziya aparıcıları, müxtəlif mövzularla bağlı efirlərdə ictimaiyyətə təqdim olunan ekspertlər də dilin tələblərinə əməl etməlidir. Yəni bu prosesi kütləviləşdirmək lazımdır. Bununla həm dilimizin leksik fondu zənginləşəcək, həm də yazılarda və niqtlərdə düzgün ifadə tərzi formalaşacaq”.
Baş redaktorun fikrincə, dövrdən, şəraitdən asılı olmayaraq, KİV-lərdə ədəbi dilin tələblərinə ciddi şəkildə riayət olunmalıdır:
"Qramatik qaydalar, sözlərin leksik və semantik mənası, məzmunu mütləq gözlənilməlidir. Burda məsuliyyət həm redaktorun, həm də korrektorun üzərinə düşür. Bu iki şəxs həm də sözün etimoloji mənasını bilməlidir. Ancaq bəzi hallarda dil sahəsində ali təhsilli mütəxəssislər belə xətalara yol verirlər. Dil hər bir xalqın varlığıdır. Dilimiz varsa, biz də varıq, yoxdursa, biz də yoxuq. Dilin qorunmasının yolu isə müvafiq qayda-qanunlara əməl etməkdən keçir”.
"Report.az” informasiya agentliyinin baş redaktoru Murad Əliyev istər çap, istərsə də elektron mətbuatda korrekturanın əsas işlərdən biri olduğunu deyib:
"Səlis mətnlər hər bir mətbuat nümunəsinin güzgüsüdür. Hesab edirəm ki, məqalənin informasiya yükü ilə onun səlis dildə yazılması eyni dərəcədə əhəmiyyətlidir. Yəni, qramatik səhvlər olan bir xəbər oxuyanda artıq həmin xəbərin doğru-düzgün olmasına da şübhə yaranır. Xüsusilə də elektron KİV vasitələrinin sayının son illərdə kəskin artması informasiya sahəsində olan boşluqları doldurmaqla yanaşı, bəzi problemlərə də yol açıb. Belə ki, məhdud kadr resursları ilə fəaliyyət göstərən bir çox media orqanları korrektor işini ixtisara salır, xəbərin üzərində yalnız bir redaktor işləyir. Korrektor həm qramatik cəhətdən, həm cümlə quruluşunun dil qaydalarına uyğunluğunu yoxlayır. Misal üçün, "Report” agentliyində heç bir xəbər korrekturadan kənarda qalmır. Hətta təcili xəbər olanda belə saytda tez yerləşdirilir, lakin korrektor mütləq şəkildə onu oxuyur”.
Baş redaktorun sözlərinə görə, korrektorlar öz üzərində işləməlidirlər:
"Müasir qloballaşan dünyada hər gün yeni terminlər istifadəyə daxil olur. Bəzilərinin qarşılığı tapılmalıdır, bəzilərinin səslənmə qaydası düzgün verilməlidir. Bəzən müxbirlər xarici mətbuatdan tərcümə etdikləri yazılarda bir sıra texniki terminləri elə olduğu kimi saxlayırlar. Xəbər rəqabətində çalışarkən həmin terminlərin qarşılığının tapılması üçün vaxt sərf etmək istəmirlər. Məhz korrektorlar belə məsələlərə diqqət ayırmalı, həmin terminin ölkə mətbuatına, oradan isə cəmiyyətin geniş istifadəsinə çıxmasına imkan verməməlidirlər. Çünki sonradan səhv şəkildə dildə oturmuş termini dəyişmək uzun proses olacaq”.
"Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov da korrekturasız medianın anormal olduğunu deyib: "KİV-də dərc edilən istənilən mətn mütləq korrektə olunmalıdır. Sual bu prosesin necə təşkil edilməsilə bağlı ola bilər. Mən ayrıca korrektor saxlamağın tərəfdarı deyiləm. Birincisi, informasiya texnologiyalarının indiki inkişaf səviyyəsində buna ehtiyac yoxdur, israfçılıqdır. İkincisi, onlayn mediada hər şey o qədər sürətlə baş verir ki, mətni sayta qoymazdan qabaq bir də korrektora oxutmaq bağışlanmaz vaxt itkisi olardı. Ən düzgün yol budur ki, Azərbaycan orfoqrafiyası üçün xüsusi korrektə proqramları hazırlansın. Rus və ya ingilisdilli mediada problem bu şəkildə birdəfəlik aradan qalxıb. Bizdə də müxtəlif cəhdlər olub. Amma şəxsən məni tam qane edən korrektə proqramı hələ də yoxdur. Maraqlıdır ki, nə əcəb heç kim bununla ciddi şəkildə məşğul olmur? QHT layihəsi olaraq maliyyə tapmaq və bu məsələni birdəfəlik çözmək mümkündür axı”.
APA TV-nin Xəbər müdiri Cavid İsmayıl da hesab edir ki, çap mediasında korrektora tarixən ehtiyac olub və bundan sonra da olacaq: "Onlayn media ilə bağlı bunu demək bir qədər çətindir. Çünki informasiya əsrində hamı xəbəri birinci verməyə çalışır. Düşünmürəm ki, onlayn mediada korrektora o qədər ciddi ehtiyac var. Çünki indi onların yerini redaktorlar tutub. Təbii ki, söhbət peşəkar redaktorlardan gedir. "Qoy desinlər mənim də saytım var” prinsipi ilə media aləminə dürtülənlərdən söhbət getmir. Çox şükür, indi hərf səhvlərini göstərən texniki proqramlar da icad olunub. Azca əziyyət çəkib o proqramlardan alsınlar və sayta qoyduqları yazıları diqqətlə oxusunlar. Oxucuya bu qədər hörmətsizlik etməyə gərək yoxdur”.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də söyləyib ki, mətbuatdakı dil qüsurları müstəqillik illərində xüsusilə geniş yayılmağa başlayıb: "Etiraf etmək lazımdır ki, Sovet dövründə qəzetlərdə dil qüsurlarına nadir hallarda rast gəlmək mümkün idi. Çünki o vaxt qəzetlərdə ayrıca korrektura şöbələri fəaliyyət göstərirdi. İndi isə təəssüf ki, dil qüsurlarından xali olan mətbuat orqanı tapmaq çətin bir problemə çevrilib. Yeni medianın gündəmə gəlməsi, internetin xəbər yayımında rolu artdıqca, standartlar da dəyişməyə başladı. Media qurumları
xəbəri daha səhvsiz, dil qüsurları olmadan təqdim etməkdən çox, operativliyə diqqət etməyə başladılar. Bu zaman korrektura işi tamamilə arxa plana keçdi. Ümumilikdə bu gün korrektura institutu, əsasən qəzetlərdə - yazılı mətbuatda qalıb. Amma korrektorların olması belə, qəzetləri dil qüsurlarından yan keçməyə sövq edə bilmir. Bu da səbəbsiz deyil. İlk növbədə, peşəkarların yetişməsini təmin edən ənənələrin tamamilə itməsini qeyd edə bilərik”.
İ.Quliyevin sözlərinə görə, sanki bu peşə sıradan çıxmaqdadır:
"İndi biz qəzet rəhbərləri bu işi əsasən Azərbaycan dilinin qrammatik qaydalarını yaxşı bilən şəxslərə həvalə edirik. Maddi imkanlarımız geniş olmadığından bu sahədə yaxşı peşəkar vərdişləri olanları da uzun müddət saxlaya bilmirik. Yaxşı bir təklif gələn kimi korrektor kimi formalaşdırmağa çalışdığımız şəxslər qəzetdən gedirlər. Əksər hallarda korrektorluq insanların ikinci işi olur. Bütün günü başqa yerdə çalışan şəxslər işdən sonra redaksiyalara gəlib korrektura ilə məşğul olurlar. Təbii ki, bu da işin keyfiyyətinə mənfi mənada təsir edir. Başqa bir işdən yorğunluq içində redaksiyaya gələn işçidən maksimum keyfiyyət tələb etmək elə də asan deyil. Amma istənilən halda, medianı, xüsusilə də yazılı medianı korrekturasız təsəvvür etmək mümkün deyil. Nə qədər ki, qəzetlər çap olunur, korrektor sənəti də yaşamalıdır”.
(Davamı olacaq...)
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb