Güclü təsirə malik preparatların reseptsiz satışının qarşısı alınmalıdır
Paytaxtda 2 qardaş dərmandan zəhərlənib. Dərmanlar sıradan da deyil. Narkotik tərkibli anti-depressiv dərmanlardır. Bu barədə KİV-də rəsmi məlumatlar yer alıb.
Bildirilir ki, Bakının Nərimanov rayonu ərazisində məkunlaşmış Ağami və Dadaş İsmayılov qardaşlarının yaşadıqları evdə yüksək dozalı və narkotik tərkibli anti-depressiv dərman qəbul etdiyi məlum olub. Təxminən 5-6 saat evdə huşsuz vəziyyətdə qalan qardaşlardan daha ağır vəziyyətdə olan Dadaş İsmayılov təcili olaraq yaxınlıqdakı 5 saylı xəstəxanaya aparılıb.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ağami Dadaşov isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Bu hadisə həm də ona görə diqqətimizi çəkdi ki, güclü təsirə malik dərman preparatlarının satışı ilə bağlı Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov dünən açıqlama verib.
Mərkəz direktoru Lent.az-a açıqlamasında qeyd edib ki, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin və zəhərli maddələrin siyahısına daxil olan dərman vasitələrinin satışına xüsusi icazə almaq üçün Səhiyyə Nazirliyinə müraciət edilib və bu istiqamətdə hazırda müvafiq işlər görülür.
T.Məmmədhəsənov bildirib ki, güclü təsir edən maddələrin və zəhərli maddələrin siyahısına daxil olan dərman vasitələrinin satışı Prezident İlham Əliyevin müvafiq 292 saylı fərmanı ilə təsdiqlənmiş həmin dərmanların mülki dövriyyəsini məhdudlaşdıran və dövriyyəsinə xüsusi icazələrin verilməsi qanunu ilə tənzimlənir: "Fərmana əsasən, narkotik vasitələrə və psixotroplara aid olmayan güclü təsir edənlər və zəhərli maddələrin siyahısına daxil olan dərman vasitələrinin satışı üçün xüsusi icazə Daxili İşlər Nazirliyi tərəfindən verilir. DİN bu işdə Səhiyyə Nazirliyinin də rəyini nəzərə alır”.
T.Məmmədhəsənov deyib ki, bu dərmanların satışı üçün bütün əczaçılıq şirkətlərinə icazə verilməyəcək: "Qanunda da qeyd edilib ki, xüsusi icazələr yalnız aptek lisenziyası olan hüquqi və yaxud fiziki şəxslərə veriləcək. Yəni bütün əczaçılıq məntəqələrinə satış üçün icazə verilmir. Bu istiqamətdə Səhiyyə Nazirliyinə müraciət ediləcəyi təqdirdə nazirliyin rəyi nəzərə alınmaqla DİN tərəfindən xüsusi icazə veriləcək”.
Mərkəz direktoru əlavə edib ki, hazırda Bakı şəhəri üzrə 2 aptek və 4 topdansatış əczaçılıq mərkəzi bu dərmanların satışı ilə məşğuldur: "Onlara xüsusi icazə verilib. Apteklərin hər ikisi də Nərimanov rayonu ərazisində yerləşir”.
Dərman preparatlarından zəhərlənən qardaşlar da Nərimanov rayonu ərazisində yaşayırdılar. Biri həyatını itirdi. Digərinin vəziyyəti ağırdır. O da məlumdur ki, paytaxtda güclü təsirə malik və narkotik tərkibli dərman preparatları reseptsiz satılmır. Bəs onlar narkotik tərkibli dərmanları necə əldə ediblər?
Məsələ ilə bağlı "Şərq”ə danışan Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov qeyd etdi ki, dərman preparatları ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən yeni siyahı tərtib edilib və orada reseptlə və ya reseptsiz satılan dərman vasitələri, həmçinin dərman preparatlarının vahid qiyməti də əksini tapıb. Apteklər də bu barədə xüsusi təlimatlandırılıb:
- Kimyəvi tərkibli dərman vasitələrinin reseptsiz satışı qadağandır. Yalnız tərkibində bioloji aktiv əlavələr olan, bitki mənşəli dərmanlar reseptsiz satılır. Səhiyyə Nazirliyinin bununla bağlı qərarı var. Narkotik tərkibli, güclü təsirə malik dərman vasitələri isə xüsusi icazə ilə satılır. Hesab edirəm ki, bütün apteklərdə Səhiyyə Nazirliyinin təlimatı yazılı formada lövhəyə vurulmalıdır. Aptekə müraciət edən vətəndaşlar bu barədə məlumat almalıdırlar. Eləcə də, reseptsiz satışına icazə verilən və verilməyən dərman vasitələrinin də siyahısı apteklərdə görünən bir yerdə olmalıdır. Düzdür, bir çox vətəndaşlarımız elektron vasitələrdən istifadə etməklə məlumat əldə edə bilir. Səhiyyə Nazirliyinin rəsmi saytında da bu barədə geniş məlumat yerləşdirilir. Lakin gərək əhalinin elektron resurslarla təmasda olmayan kəsimi də nəzərə alınsın. Ən doğru vasitə dərman preparatları ilə bağlı məlumatların apteklərdə olmasıdır.
Nərimanov rayonu ərazisində yaşayan 2 qardaşın anti-depressiv dərman preparatlarını necə əldə etməsinə gəlincə, Ş.Məmmədov bu məsələnin hüquq-mühafizə orqanlarının səlahiyyətində olduğunu söylədi:
- Biz deyə bilmərik ki, onlar bu preparatları necə, haradan əldə edib. Apteklərdə güclü təsirə malik ağrıkəsici dərmanlar satılır. Psixotrop və analgitik dərmanlar isə xüsusi icazə ilə satılır. Amma sizə deyim ki, elə ölkələr var, orada hətta adi antibiotikləri də reseptsiz satmırlar. Məsələn, qonşu Gürcüstanda, Türkiyədə belədir. Həkim göstərişi olmadan antibiotik qəbuluna icazə verilmir. Çünki antibiotiklər orqanizmdə fəsadlar yaratmaq gücündədir. Çox zaman insanlar qrip əleyhinə dərmanları apektdən alır və həkim məsləhəti olmadan qəbul edir. Amma bəzən adi "Qrip-hot” da ziyanlı ola bilir. İnsanlar həkimlə məsləhətləşmədən, xəstəliyin növünü, dərəcəsini bilmədən aptekdən dərman alır və qəbul etməyə başlayır. Xəbər verildiyi kimi, 2 qardaş dərman vasitələrinin qəbul dozasını aşıb. Faciə də bundan yaranıb. Güclü təsirə malik dərman vasitələrinin reseptsiz satışının qarşısı mütləq alınmalıdır.
Məlahət Rzayeva