Nizami Cəfərovla Aqşin Yenisey fərqli düşünür

İçki adlarına Nizaminin, Füzulinin, Xətainin adının verilməsi qəbahətli deyil





Tovuz şərab zavodunda Azərbaycan şeyxlərinin, irfan nümayəndələrinin adına konyaklar istehsal olunub. "Nizami”, "Şah İsmayıl” konyaklarının fotoları sosial şəbəkələrdə paylaşıldıqdan sonra bu adda spirtli içkilərin olması cəmiyyətdə bir çoxlarının narazılığına səbəb olub və onların bu addımı pislənib.

A24.az bu adlarla spirtli içkilərin istehsalının düzgün addım olub-olmadığını araşdırıb. Millət vəkili, yazıçı Aqil Abbas da məsələyə sərt təpki verib. Yazıçının fikrincə, bu addımlar birmənalı olaraq qəbuledilməzdir:

"İndi Nizaminin, Xətainin hüquqlarını qoruyan bir qurumumuz yoxdur deyə, məsələ belə qalmalı deyil. Qafqaz Müsəlmanları İdarəsi, Dini Məsələlərlə İş Üzrə Dövlət Komitəsi, lap elə Azərbaycan Yazıçılar Birliyi bunlara deməlidir ki, o adlar silinsin. Belə müqəddəslərə toxunmaq olmaz”.

Xalq şairi, AYB-nin I katibi Fikrət Qoca da məsələni birmənalı olaraq tənqid edib: "Bu əməli heç düzgün saymıram. Xətai, Nizami o qədər ucuz adamlardır ki, onun adını götürüb spirtli içkilərə qoyurlar”.

Millət vəkili Nizami Cəfərov isə "Şərq”ə açıqlamasında bir çoxlarından fərqli olaraq konyakın üzərinə Nizaminin, Şah İsmayılın şəkillərinin vurulmasının, onların adının yazılmasının bir o qədər də ciddi qəbahət sayılmadığını deyib:

"Dünya təcrübəsində belə şeylər var. Nizami, Şah İsmayıl kimi insanlar Azərbaycanın tarixinin, ədəbiyyatının aparıcı simalarıdır. Tovuzda istehsal olunan konyak da Azərbaycanın bir nemətidir. Ona görə də mən bu addımda yanlış heç nə görmürəm. Düzdür, islam hər cür spirtli içkini qadağan edir deyə, bu məsələ bu qədər narazılıq doğurub. Amma məsələ burasındadır ki, spirtli içkilərə bu adı verənlər Nizaminin, Şah İsmayılın şeyxliyini nəzərə almayıblar, sadəcə öz məhsullarını Azərbaycanın məşhur nümayəndələrinin adı ilə cəmiyyətə təqdim etmək istəyiblər. Ona görə də bu məsələni gərginləşdirməyə ehyiyac olmadığını düşünürəm. Belə çıxır ki, Nizaminin adını mineral suyun üzərinə yazmaq olar, konyakın yox? Axı hər ikisi bizim nemətimizdir”.

Şair Aqşin Yenisey də "Şərq”ə burada qeyri-adi heç nə görmədiyini deyib:

"İlk içdiyim konyakın adı "Napoleon” idi. 1989-90-cı illərdə Cənubi Azəarbaycanla aramızda olan sərhəd söküldükdən sonra İrana qaçaqmalçılıq yolu ilə ən çox siqaret və içki növləri daşınırdı və içkilərin ən yaxşı satılanı "Napoleon” konyakı idi ki, evimizin zirzəmisi dolu olardı. Əsl Napoleon ilə hələ sonra tarix kitabında tanış olacaqdıq. Daha sonra işığına yığışdığımız araq şüşələrinin üstündə hansı tarixi şəxsiyyətlərin adına rast gəlmədik ki? Qaraciyəri serrozdan xilas olmuş bir şəxs kimi deyə bilərəm ki, Ömər Xəyyamın rübailərini hər dəfə rus araqlarının iç etiketlərində oxuyanda dostlarla orada yazılmağa layiq olan Azərbaycan klassiklərinin şeirlərini seçirdik. Məsələn, Nizami Gəncəvinin "Leyli və Məcnun”dakı bu xitabı,

"Ah çəkib, of deyən yetməz kəmalə!

Saqi, zaman keçir, durma, qardaşım!

Şərab ver, doludur fikirlə başım!

O, bir çıraq olsun yolçu keçəndə,

Gəncləşsin qocalar onu içəndə.

Yaxud Füzulinin

"Arayişi-söhbət eylə, saqi!

Ver badə, mürüvvət eylə, saqi!

Bir cam ilə qıl dimağımı tər!

Lütf eylə, bir iltifat göstər!

Qəm mərhələsində qalmışam fərd,

Nə yar, nə həmnişin, nə həmdərd”. və s.

bu mövzulu yüzlərlə şeir xatırlanırdı. İçki adlarına Nizaminin, Füzulinin, Xətainin adının verilməsinə etiraz edənlər dünya mədəniyyətindən min ağac uzaqlıqda olan adamlardır. Azərbaycanı bu adamların öhdəsinə buraxsan xış dövrünə qaytararlar ölkəni. Hər bir yeniliyi öz şəxsi mənfəətlərinə görə ölçüb-biçən bu adamlar içki şüşəsinin üstündə Nizaminin şeyxliyinin deyil, öz çürük dini inanclarının, guya, əldən getdiyini düşünürlər. Bu adamlara bir balaca səlahiyyət versən, "Azadlıq” meydanında qız-gəlini daş-qalaq etməkdən belə çəkinməzlər. İkincisi, dünyanın heç bir ədəbiyyat institutunda Nizami Gəncəvi, Xətai, Füzuli şeyx kimi, din təəssübkeşi kimi araşdırılmır. Alman klassik şairi Getenin Hafizə, Nizamiyə böyük vurğunluğu olub. Gete hətta Nizami Gəncəviyə şeir də həsr edib. Ancaq o şeirdə Nizami Şərqin böyük mollası kimi yox, böyük filosof-şairi kimi qiymətləndirilir. Nizamini dünyaya molla kimi tanıtmaq - bundan əbləh bir fikir gələ bilərmi insan ağlına? Bir şair ki, özü öz dili ilə deyirdi:

Saqi, harda qaldın? Mən meypərəstəm!

Doldur piyaləni, onsuz da məstəm!

O, göz yaşım kimi saf olan şərab

Aşiq məzhəbində sayılır səvab!”.

Şəymən