Telekanallarımız sarılıq xəstəliyinə tutulub. Adətən, "sarı” sözü mətbuata yönəlik işlədilir. Bir vaxtlar Azərbaycanda "sarı mətbuat” vardı. Amma mətbuat bu xəstəlikdən tez qurtuldu. Kökləri sağlam idi, ona görə. Qurumuş və qurumaqda olan əyri-üyrü budaqlar budandı və yeni pöhrə verdi. Televiziyalarımız isə xəstəliklə mübarizə aparan kimi görünmür, əksinə, sanki "sarılıq” xəstəliyindən qan alıb cana gəlirmiş kimi ondan əl çəkmək istəmir.
Dövlət televiziyasını çıxmaq şərtilə hazırda fəaliyyətdə olan istənilən telekanalın günlük, ya həftəlik proqramına baxsaq, şou ağır gəlir. Super-müasir texnologiya sayəsində kanalları hər saniyə dəyişmək imkanına malik tamaşaçının özəl telekanallarda izlədiyi reklam+anonslar+şou+qaynayan qazandı. Telekanallarımız bu "kvartet”in əsarətindədi. Məsələn, Azərbaycandan kənarda yaşayan birisində belə təəssürat yarana bilər ki, ANS telekanalında "Adam içində” və "Xalqın artisti”ndən başqa veriliş yoxdu. "Lider” telekanalı "Evimin qonaqları” ilə "Bir "Könül”ə, "Space” "Sevimli şou” və "Etiraf”a, ATV telekanalı başdan-ayağa ucuz şoulara, "Xəzər” televiziyası isə "Yolçu” ilə "Səyyah”a bağlıdı.
Nə acı mənzərə; ANS telekanalının siması daha Mirşahin deyil. Elgizdi, Ulviradı. Bərbad!.. ATV kanalı Zaurla Nanədi. Müsibət!.. "Space” Mikayıl, İlham Mirzəyevdi. Dəhşət!.. "Lider”in siması Sərxan Kərəmoğludu. Lap ağlamalı...
Telekanallar məhkəmə rolunda
Televiziyanın sosial problemləri işıqlandırması alqışlanmalıdır. Ailə-məişət problemləri də müzakirə obyekti ola bilər. Amma bizim teleaparıcılar müzakirə ilə mühakiməni səhv salıb. Onlar müzakirə etmir, mühakimə edir və hökm verirlər. Belə bir xəstə - qeyri-sağlam yanaşma tərzi demək olar bütün teleaparıcılara məxsusdu. "KVN Planet Parni iz Baku” teleaparıcıların bu xüsusiyyətini çox gözəl, yerli-yataqlı səhnələşdirib.
Zaur Baxşəliyev ötən verilişlərinin birində əmr edir; söndürün o mikrofonu! Mən daha sənə söz verməyəcəm!. Və bunu verilişinə dəvət etdiyi bir qadına - qayınanaya deyir. Kişinin xoşu gəlməyib, arvadın danışığından. Hökm əlindədi. Səsini kəsdirir. Müsahibləri ilə hökmlə danışmaq bir çoxlarına xasdı.
Halbuki verilişə dəvət olunan ən əvvəl qonaqdı. Bu insanlar evlərinə gələn qonaqlarla da görəsən, bu tonda danışırlar?!
Ekspertizaya ehtiyacı olan ekspertlər
Telekanalların ikinci ən böyük çatışmayan cəhəti ekspert seçimidi. Bütün verilişlərin daimi ekspertləri var. Və onlar əsasən işsiz, peşəsiz, uzaqbaşı, heç bir əsaslı fəaliyyəti olmayan qeyri-hökumət təşkilatlarının rəhbərləri, təqaüdə çıxmış keçmiş məmurlardı. Ən "qiymətli” ekspertlərsə müğənnilər, şou-biznes əhlidir. Məsələn, ANS-in "İncə maraqlar” verilişinin daimi eksperti müğənni Almaz Ələsgərovadı. A.Ələsgərova həmçinin Rövşanənin "Bazar səhəri”nə də tez-tez qonaq olur. Söhbət yalnız bu müğənni xanımdan və təkcə müğənnilərdən də getmir. Ümumiyyətlə, telekanallarımızın xalq içində reputasiyası zədəli şəxsləri efirə ekspert qismində dəvət etməsi adət halındadı. Ya müğənni dəvət edəcəklər, ya da falçı. Ekranların bəzəyi falçılardı. Görün, telekanalların falçılara meyli hansı dərəcədədi ki, Sərxan Kərəmoğlu "evinin qonaqları”nı falçısız təsəvvür edə bilmir.
Nahaq deyilməyib, elin gözü tərəzidi. Bizim camaat kimlərəsə xala-xətri üçün əl çala bilər. Üzə düşər, tərifləyər. Ancaq ekran qarşısında əyləşib hansısa bir verilişi izləyəndə orada ömür hekayəsi məlum birisini başqalarına ağıl verən qismində gördükdə, reaksiyası bu olacaq; hələ sən özün doğru-dürüst adam ol, sonra başqasına dərs ver”. Tamaşaçı iradında haqlıdır. Muğam müsabiqələrində münsiflər heyətinin tərkibinə baxın. Oradakılardan hansı birinin yerində olmadığını deyə bilərik? Heç birinin. Hamısı da muğam bilicisi, ustad sənətkarlardı. Doğru ünvan, doğru seçim. Təsəvvür edə bilərsinizmi, o münsiflərin arasında Cavanşir Məmmədov əyləşsin?.. Amma "Sevimli şou”da Cavanşir Məmmədov səsini muğam ifaçısına çatdırmağa cəhd edir. Həqiqətən, şoudur!..
Bərbad "kopirovka”
Özəl telekanalların digər çirkinliyi dünyaca məşhur telelayihələri azərbaycansayağı bərbad hala salmaqdır. O qədər nümunə var... Dünyanın ən inkişaf etmiş ölkələrində tamaşaçıya təqdim olunan musiqi yarışmalarının ən bərbad forması məhz bizdədi. Məsələn, Türkiyə efirində "O səs Türkiyə” yarışması artıq neçənci dəfədir ki, düzənlənir. Hamının maraqla, böyük şövqlə izlədiyi bu yarışma bizim "Space” telekanalında "Sehirli pərdə” telelayihəsi ilə özünün bəlkə də ən aşağı səviyyəsini yaşadı. O yarışma şəxsən mənim üçün Kamran Həsənlinin məşhur italyan müğənnisi Toto Kutunyonu yamsılamasıyla yadda qaldı. Bu yarışma "sirli-sehirli” pərdəsiylə "Möhtəşəm yüzil”də Sultan Süleymanın hərəmxanasından başqa bir şeyi xatırlatmırdı. Götürək, "Xəzər” telekanalında yeni mövsümdə yayımlanan "Bağışla” layihəsini. Düşünürsən ki, yəni, bizim televiziya, teleaparıcılıq sənəti bu qədərmi sıfır səviyyəsindədi? İnsanı təəccüb bürüyür. Verilişin aparıcısı (bilmirəm, bəlkə də müəllifi) DC Aynurdu. Təsəvvür edin, "dc”lik edən xanım indi tam ciddi, həyati anlam daşıyan bir layihədə görünür. Hansı şəkildə: Makarenko rolunda. Qadınları heç demirəm, zavallı uşağı kamera qarşısına əyləşdirib gələcəkdə atasına qarşı necə davranmalı olduğunu ona təlqin etmək haqqını sizə kim verib? Bizim televiziyalar nəinki dünya telelayihələrini ən aşağı səviyyədə "kopirovka” edir, hətta müəllif proqramlarında studiyaların tərtibatını da "oğurlayırlar”. Məsələn, Nanə Ağamalıyeva. Hamıya məlum idi ki, Nanənin "Gün keçdi” verilişindəki studiya Saba Tümerin "əsəri” idi. Bircə rəfdə ayaqqabısı çatışmırdı. Bir də qəhqəhəsi!..
Efirimiz musiqi sədaları altında qışqır-bağır və ağlaşmadan ibarətdi. O verilişdəki dava yoxdu, göz yaşı axıb sel olmur, o, reytinqli hesab edilmir. Nəyin bahasına olursa-olsun bu həyati vacib elementlər verilişə salınmalıdı. Qoy lap qondarma, falş olsun, studiyada əyləşənlər bir-birinə hücum etsin, saçyolduya çıxsınlar, lap əla! Elgizin canı sağ olsun. Sinəsini irəli verib "reklam, reklam” deyib, fasilə yaradacaq, əvəzində veriliş reytinq "qıracaq”.
Telekanallar "ləpirçi” rolunda
Azərbaycan telekanallarındakı "qoyma, öldüm” süjetli verilişləri izləyəndə insanda ölkəmiz haqqında daha mənfi bir fikir formalaşır; Bu ölkə əhalisinin 50 faizi itkindi. Həqiqətənmi?! Bəs hardandı "Səni axtarıram”ı, indi də onun əkiz bacısı "Gözüm yolda”nın studiyasını dolduran bu camaat? Bir veriliş artıq itkin düşənlərimizə yetmədi, ikincisinə ehtiyac yarandı. Kimi axtarır studiyanı dolduran bu adamlar? Və bu "xoşqədəmli” səfirlər dövlət orqanlarından güclüdür yəni? İnsanlar studiyanı doldurmaq üçün telekanalların ala qapıları önündə saatlarla gözləyir, teleaparıcılar da xilaskar missiyasını könüllü üzərlərinə götürüblər.
Belə çıxır ki, Azərbaycanın iki əsrlik tarixə malik Daxili İşlər Nazirliyi strukturu, əməliyyat-axtarış şöbəsi, milisi, polisi, əməliyyatçıları, hüquqşünasları, məhkəmə sistemi heç bir işlə məşğul deyilmiş. Ancaq televiziyalarda "axtarış”, "alimentkəsmə”, "boşandırma”, "evləndirmə” proqramları düzənlənəndən sonra insanlarımız ağ günə çıxıb, problemlərinin həllini yalnız indi tapırlar. Daha dövlət büdcəsindən maliyyələşən strukturlara, dövlət komitələrinə, idarə və təşkilatlara niyə bu qədər vəsait ayrılır? Ölkənin bütün məsələlərini telekanallar həll etmək iqtidarındadır. İtkin düşəni tapırlar, evlənmək istəyəni evləndirirlər, küsəni barışdırırlar. Hətta kimin nədən, kim tərəfindən öldürüldüyünü də ekstrasenslər ölənin məzarı başında geniş ictimaiyyətə açıqlayır. Qatili, cinayətkarı tutmağa nə var. Həyatımız çox kolaylaşıb da, xəbərimiz yoxmuş... Görəsən, niyə ev, mənzil problemi olanlar, doğması, yaxını itkin düşənlər aidiyyətli dövlət orqanlarına müraciət etmir, televiziyalara üz tutur? Bəlkə bu insanların müraciətlərinə, ərizələrinə indiyədək hökumət idarələrində baxılmayıb? Efirdə şəstlə əyləşən bu hüquqşünaslar, vəkillər insanların hüquqlarını məhkəmə salonlarında niyə müdafiə etməkdənsə, studiyaya gəlməyi üstün tutur. Hətta bəzən millət vəkilləri də özünü şouya "qapdırır”. Bir ara Türkiyə telekanallarında insanların həyat hekayəsinə həsr olunan verilişlər vardı. Sadəlövh izləyici oradakılara baxıb gözünün yaşını sel kimi axıdırdı. Sonra məlum oldu ki, bu, sadəcə, canlandırma imiş. Artıq barəsində məhkəmə hökmü çıxarılmış cinayət işlərini alır və onu səhnələşdirirlər. Ekranın bir ucunda da bunu qeyd edirdilər. Hayıf, tökülən göz yaşlarına. Bəzi teleseriallara da "hayəl ürünlüdür” xəbərdarlığı edilir. Bəlkə bizim telekanallardakı tok-şoular və "prostoy” şoular da "hayəl ürünlü”dür? Elədirsə, efir etikası xətrinə əhalini xəbərdar edin. İnsanlar əllərinə fotoları alıb mağdur görkəmdə əyləşməsinlər. Aparıcının göstərişi ilə ağlayıb-sızlayıb, sonra da "çatlayıb” yerə sərələnməsinlər. İnsanlara, lütfən, acıyın.
Yaddan çıxmamışkən, diqqət tələb edən bir məqamı da vurğulayaq. Hava proqnozunun təqdimatı məsələsini. Şoulaşmış telekanallarımız hava proqnozuna da şou kimi yanaşır. Hidrometeoroloji məlumatları oxumaq üçün "90-60-90”ları seçir, əyinlərinə də cəmi uzunluğu yarım metrdən artıq olmayan libas geyindirib ekran qarşısına çıxarırlar. Hansı ölkənin televiziyasında analoji hal var, lütfən qoy desinlər. Hava proqnozu tam ciddi bir mövzudur. Adətən televiziyalar hava haqqında danışmaq üçün sırf bu sahənin mütəxəssislərini dəvət edirlər. Azərbaycan televiziyaları xaric. İzləyə bildiyimiz heç bir əcnəbi telekanalında indiyədək bizimkilər kimi hava proqnozunun təqdimatı ilə rastlaşmamışıq. Bu məsələdə "Space” telekanalı lap irəli gedib. Ayırd etmək olmur, hava haqqında məlumatdır, yoxsa aparıcının və ayrı-ayrı istirahət mərkəzlərinin reklamıdır. Üstəlik, bir "yenilik” də ediblər. Müğənniləri (yenə də müğənni!) dəvət edirlər. Bir-iki ağız oxuyurlar, bu da olur onların reklamı. Və qürurla da deyirlər ki, belə bir təqdimat indiyədək görünməmişdi. Onu biz etdik! Desəniz, əcaib-qəraib işlər ancaq bizdən çıxar. Bizdən - Azərbaycan telekanallarından.
Və əsas məqamlardan daha biri. Telekanalların bərbad efir siyasətində Milli Teleradio Şurasının susqunluğu. Və çarəsizliyi. MTRŞ televiziyalarda ədəbi dil normalarının pozulması monitorinqini aparır. Televiziyalardan ədəbli olmağı tələb edə bilmirsinizsə, belə bir səlahiyyətiniz yoxdursa, apardığınız monitorinq nəyə yarar? Kim, hansı televiziya sizin nəticələri legitim sayacaq ki?!
Qısası, artıq uzun illərdir ki, telekanallar özünün "sarı” dövrünü sürdürür. Və ondan əl çəkəcək kimi də görünmürlər. Nə qədər ki, televiziyalar efirə ancaq gəlir mənbəyi kimi baxır və proqram siyasətini də gəlirə görə müəyyən edir, "sarı televiziya” dövrü hələ uzun çəkəcək. Xeyirlisi, onlardan bilmərrə imtinadır.
Sonda bir xeyirli dua: "Sarı televiziya” müqabilində getdikcə ciddiləşən, dolğunlaşan, məna və məzmun kəsb edən mətbuatın sağ əli telekanalların başına.