“Əli qabarlı valideynlərim hər ad günümdə süfrə açıblar”

Zahid Oruc: “Dolanmalarını torpağın üzərində qurublar. Mən də bir övlad olaraq valideynlərimin əziyyətini itirməmək üçün uşaqlığımı kitab üzərində qurdum”
“Valideynin kölgəsi övladın üzərinə çox düşəndə onlar sağlam düşüncədə böyümürlər, mənəviyyatları zədələnir, psixologiyaları deformasiyaya uğrayır”


Dünən Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Orucun 45 yaşı tamam olub. O, 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əlismayıllı kəndində anadan olub. 1994-cü ildə Azərbaycan Texniki Universitetini bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub.

Sonra Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda elmi işçi kimi çalışıb. 1992-ci ildə Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini, 1999-2000-ci illərdə "Ana Vətən” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 2000-ci ildə Milli Məclisə üzv seçilib.

12 il davamlı olaraq "Parlament Jurnalistlər Birliyi”nin və Azərbaycan Respublikası Milli Məclisinin ən aktiv 10 millət vəkilindən biri kimi bir çox media qurumlarının və ictimai təşkilatların mükafatlarına layiq görülüb.

"Şərq” qəzeti olaraq biz də tez-tez Zahid Oruca müraciət edir, ölkədə baş verən ictimai-siyasi proseslərlə bağlı rəyini öyrənirik. O da xüsusi bir məmnunluq və xarakterindən irəli gələn nəcibliklə vaxt ayırıb, fikirlərini bizimlə paylaşır.

Bu dəfə isə ad günü təəssüratlarını bölüşmək üçün millət vəkilinin vaxtını aldıq.
Ad gününü xüsusi bir tədbir olaraq qeyd etməyi sevmədiyini deyən Zahid Oruc elə bizimlə söhbət zamanı da iş başında olduğunu bildirdi.

1 fevralın onun üçün adi günlərdən biri olduğunu vurğulayan millət vəkili 45-ci yaş gününü də adəti üzrə ailə üzvləri ilə birlikdə qeyd edəcəyini deyib: "Əli qabarlı valideynlərim mənim hər ad günümdə süfrə açıblar. Kənd uşağı olsam da, ailəm ad günümə hər zaman xüsusi diqqət yetirib, bu mənada bir çox yaşıdlarımdan fərqlənmişəm. Yəqin ki, bu da orta məktəbdə əlaçı olduğuma görədir. Dəbdəbəli ad günü mərasimlərini sevməsəm də, danılmaz faktdır ki, insan üçün əlamətdar hissiyyatlar, təəssüratlar hər zaman var. Doğum günləri ilə bağlı insan duyğularının maksimalizmi başa düşülən hadisədir. Əlamətdar günlərin qeyd olunması həm də Allaha şükranlığın bir forması, bərqərar olduğu həyat üçün çox sağoludur. Şübhəsiz ki, biz Roma dövrünə qayıdıb Sezar kimi hansısa bir ayı öz adımızla çağırası deyilik. Əsas odur ki, insan öz ruhunu qoruyub saxlasın və hədəflərini düzgün yönləndirməyi bacarsın.

Ömrü boyu böyük ali ideallar uğrunda mübarizə apardığını vurğulayan millət vəkili 90-cı illərdə Azərbaycanın müstəqilliyi uğrunda gedən azadlıq hərəkatında iştirak edib. Ondan sonrakı illərdə isə parlament üzvü kimi böyük məmnunluq və ləyaqətlə xalqına xidmət edib: "Ailə daxilində də bir övlad və valideyn olaraq öz missiyamı dərk etmişəm. Mənim üçün bu günün ən böyük özəlliyi ondan ibarətdir ki, doğulub boya-başa çatdığım rayonun uca dağlarının qarı paytaxta gəlib. Görünür, bu qar təbiətin mənə bir hədiyyəsidir. Başqa da bir gözləntim yoxdur. Sağ olsunlar, dostlarım, həmkarlarım ad günümlə bağlı təbrik edib, ünvanıma xoş sözlər dedilər. Bəziləri xüsusi açıqca göndərib, bəziləri də telefon vasitəsilə ürək sözlərini bəyan etdilər. Hər birinə öz minnətdarlığımı bildirirəm.

- Ad gününüzlə Milli Məclisin plenar iclası üst-üstə düşdü. Bu vəsilə ilə parlamentdə yığıncaq təşkil etmədiniz?

- Sözün açığı, ad günümü ailə üzvlərim xaricində bir kimsə ilə keçirməyi xoşlamadığımdan belə bir tədbirə ehtiyac görmədim. Amma ad günüm olmasına rəğmən, işimin başındayam. Bu dəqiqə də sizinlə Milli Məclisin foyesindən danışıram. Yeri gəlmişkən deyim ki, parlamentə üzvülüyüm ilk dəfə məhz, ad günümdə təsdiq olunub və ilk iclasa qatılmışam. 2001-ci ilin 1 fevralından üzü bu yana mənim parlament həyatım başlayıb. Bu ya bir təsadüf, bəlkə də bir zərurətdir.

- Bir az da 45 illik ömür səhifənizi vərəqləyək. Ötən bu illər ərzində Zahid Oruc nələrə nail oldu, hansı arzularını gerçəkləşdirə bilmədi?

- "Şərq” qəzetinin rəhbərliyinə yaxşı bəllidir, mənim gəncliyim. Onlarla eyni nəslin nümayəndələriyik və birlikdə Azərbaycan Xalq Hərəkatının içərisində olmuşuq. Onlar da mənimlə razılaşar ki, biz gəncliyimizi normal yaşaya bilmədik. Mübaliğə də olsa, belə bir ifadə var: "Millətə həsr olunan ömür yolu”. Hesab edirəm ki, bu ifadəni birmənalı olaraq bizim nəslin insanlarının hamısına həsr etmək olar. Elə təsəvvür edin ki, gəncliyi o dövrə düşən insanlar birləşib bir ömür yaşayıb, hamısının taleyi biri-birinə bənzəyir.

Valideynlərim Göyçə mahalının Basarkeçər rayonundan Gədəbəyə məcburi köçkün kimi gəliblər. Gəldikləri gündən də hər bir kənd sakini kimi öz həyatlarını, dolanmalarını torpağın üzərində qurublar. Mən də bir övlad olaraq valideynlərimin əziyyətini itirməmək üçün uşaqlığımı kitab üzərində qurdum. Ali təhsilimi Azərbaycan Texniki Universitetində almışam və Universiteti birinciliklə bitirmişəm. Bir müddət elmi işçi kimi çalışdıqdan sonra partiya həyatına qədəm qoydum və gənc yaşlarımdan Milli Məclis seçkilərində mandat qazanaraq respublikamızın mühüm bir bölgəsini, Bərdəni təmsil etmişəm. Tanrıya şükürlər olsun ki, bu yaşıma qədər hər hansı bir mənfi əməl sahibi olmamışam. Siyasi mövqeyimə görə, məni tənqid edənlər, əqidəmi qəbul etməyənlər ola bilər. Hətta olmalıdır da, bu münasibət siyasi həyatın ayrılmaz hissəsidir. Qalan bütün əməllərimə görə, xalqım, seçicilərim qarşısında alnımın açıq olduğu düşüncəsindəyəm. Etiraf edirəm ki, torpaqlarımızın işğalı və Qarabağ düyününə görə, vətəndaşlarımızın talelərində açılan şırımlar olmasaydı, Azərbaycan xalqının uğurları daha böyük olardı. Biz Azərbaycanda elə bir cəmiyyət formalaşdırmalıyıq ki, hər kəs öz qalibiyyəti ilə digərlərinə xidmət göstərmiş olsun. Yəni qalibiyyət fərdi xarakter daşıması ilə yanaşı, ictimai məzmun kəsb eləsin. Əldə etdiyimiz nailiyyətlər eyni zamanda, ətrafımıza, cəmiyyətimizə də fayda gətirsin. Dünyada cəmiyyətin gözündən düşməkdən böyük bəla yoxdur. Mənim üçün ən böyük orden, medal cəmiyyətin mənə münasibətidir.

- Bəs, gələcəklə bağlı nə kimi planlarınız var?

- Çoxlu arzularım var. Ən əsası isə millətimə xidmət uğrunda öz çalışmalarımı davam etdirmək niyyətindəyəm. Media ilə münasibətlərimi hər zamankı kimi üst səviyyədə qoruyub saxlamağa çalışacam. İki övlad sahibiyəm, onları böyütməliyəm. Artıq böyük övladım, oğlum ali təhsil həyatına qədəm qoyub. Mümkün qədər övladlarımı mübariz ruhda böyütməyə çalışıram.
Valideynin kölgəsi övladın üzərinə çox düşəndə onlar sağlam düşüncədə böyümürlər, mənəviyyatları zədələnir, psixologiyaları deformasiyaya uğrayır. Mənsə, övladlarımın bu ruhda böyüməsini istəmirəm. Çalışıram ki, onları elə tərbiyə edim ki, gələcəkdə öz həyatlarını özləri qazana bilsinlər.

P.S "Şərq” qəzetinin kollektivi olaraq, biz də Zahid Orucu 45 yaşı münasibəti ilə təbrik edir, ona can sağlığı və uğurlar arzulayırıq!

Şəymən