9-cu sinifə çatan şagirdlərin valideynləri daha diqqətli olmalıdır

Bu yaş dövründə uşaqlarda elə hallar baş verir ki, gözdən qaçırmaq faciəyə belə səbəb ola bilər
Yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid, bioloji, psixoloji, fizioloji, ictimai inkişafın müşahidə olunduğu dövrdür. Yeniyetməlik dəyişmə müddətidir. Şəxsiyyətin ortaya çıxmasının reallaşdığı, sorğuların başladığı, qarışıqlıq və qərarsızlıqlar müddətidir. Valideynlərdən ayrılıb müstəqilliklərini qazanmaq istəyinin olduğu, lakin eyni zamanda yetkin olmanın tələbi ilə məsuliyyətlərdən qaçmadır.
Bütün bunları nəzərə alsaq yeniyetməlik heç də asan keçmir. Üstəlik, bu yaş dövründə bir də imtahanların, universitetə hazırlıq dönəminin başlanmasını əlavə etsək, vəziyyət bir az da qəlizləşir. Hərdən valideynlər şikayətlənir ki, bu yaşlarda olan övladları aqressiv hərəkət edir, əvvəllər təkrarlanmayan davranışlar sərgiləyir. Buna görə elə yeniyetmə valideyni olmaq da asan deyil. 
Yeniyetmə artıq valideyndən uzaqlaşma, onların səhvlərini tapmaq, zəifliklərinin fərqinə varmağa və yoldaşlarına daha çox yönəlməyə başlayır. Bu nöqtədə də valideynlərin qorxuları dövrəyə girir. Övladlarının səhv dostluqlar quraraq yanlış istiqamətə yönəlməsi, risk alma, aqressiv davranışların artması, dərs yükünün, imtahan stressinin onların psixologiyasına təsiri valideynləri haqlı olaraq narahat edir. Bu narahatlıqdan doğan sorğu-sualın və öyüd-nəsihətin başlandığı nöqtədə, yeniyetmə valideynlərindən uzaqlaşmağa başlayır. Burada yarana biləcək emosional qırıqlığı nəzərə alaraq bir mütəxəssisdən, psixoloqlardan yardım almaq və çətin prosesin öhdəsindən gəlmək həm yeniyetməni həm də valideyni rahatlaşdırar.
Mövzu ətrafında Sherg.az-a danışan psixoloq Aytən Ələkbərova yeniyetməlik dövründə, xüsusilə imtahan, dərs yükünün çoxaldığı dönəmdə müəllimlərin də valideynlər qədər üzərinə məsuliyyət düşdüyünü diqqətə çatdırıb. 
Psixoloq deyir ki, xüsusilə 9-cu sinif şagirdlərinin böyük məsuliyyətlə cəmiyyətə addım atması, adaptasiyası sosiallaşma, güvən problemləri əhatə etdikcə onların özgüvənlərini həddindən artıq aşağı salan müəllimlər və valideynlər də bir tərəfdən sıxışdırmağa başlayırlar:
"Valideynləri ona görə qeyd etməliyik ki, onlar övladına psixoloji təsir edərək, "imtahandan yaxşı çıxmasan, məktəbdən qovacaqlar” - deyib, daim qorxu içərisində saxlamaqla uşaqlarda olan özünə inam hissini əngəlləyirlər. Müəllimlər də həmin formada təsir edir, onları imtahanlara, dərslərə düzgün hazırlaya bilmirlər. Aqressiv davranan müəllimlər şagirdlərə hədə qorxu gəlirlər ki, imtahanları verə bilməyəcəksiniz, sənədlərinizi verib, sizi məktəbdən qovacağıq. Əminliklə deyə bilərəm ki, bu yeniyetmələrin qayğılarının artmasına, öz həmyaşıdları arasında ruhdan düşməsinə gətirir çıxarır. Buna qədər bir neçə 9-cu sinif şagirdləri ilə konsultasiyalarda bu barədə söhbətlər aparmışıq. Bir qənaətə gəldim ki, yeniyetmələrin həmin yaş dövründəki psixologiyası haqqında valideynləri və müəllimləri daha geniş məlumatlandırmaq lazımdır. Çünki həqiqətən, belə halların artması ilə şagirdləri intihara meylləndirən vəziyyətlər yaranır. Əlbəttə, cəmiyyət tərəfindən fikir səsləndirilər ki, şagirdlər yaxşı oxusunlar, bu qorxunu da yaşamasınlar. Amma söhbət məhz həmin yaxşı oxuyan uşaqların stress anında belə vəziyyəti yaşamasından gedir. Onlar məsuliyyətdən bu hissi yaşayır. Yaxşı oxumayan şagirdin müəllimləri də, valideyni də əvvəldən bilir ki, uşaq dərslərində zəifdir.
Hətta konsultasiyalarımdan yadıma gələn bir ailənin övladı var. Deyir ki, Aytən xanım təsəvvür edin, mən sınaqlara girəndə o dərəcədə həyəcanlanıram ki, elə bilirəm ürəyim gedəcək. Bu hallarla qarşılaşdıqdan sonra bir neçə məktəbdə yeniyetmələrin psixologiyası, onların dərslərinə yanaşması, imtahan stressi barədə araşdırmalar apardım. Araşdırma apardığım şəhər məktəblərinin birində şahidi oldum ki, direktor bu yaş həddində olan, yaxşı oxuyan şagirdləri dərsdən sonra təmənnasız məşğələlər üçün saxlayır. Hətta müəllimlərdən belə tələb edir ki, siz bu şagirdlərə ikinci dəfə dərs keçin. Baxmayaraq ki, müəllimlərin maaşı azdır, onlar da direktorun sözündən çıxmır, şagirdlərlə ciddi məşğul olurlar. Buna görə də yeniyetmələrin imtahan stressini, onların bu keçid yaş dövrünün problemlərini müəyyən qədər həll etmək mümkünləşir. Bu yaş dövründə övladı olan valideynlər bir az daha diqqətli olmalıdırlar. Təzyiqdən, basqıdan vaz keçməlidirlər. Bunlar istənilən münasibəti korlayan ünsürlərdir".
Hər şeydən öncə valideynin öz övladını tanımalı olduğunu deyən A. Ələkbərova psixoloqlara müraciət edən valideynlərin həqiqətən məsuliyyətli olduğunu diqqətə çatdırıb. Psixoloqun sözlərinə görə, onlar bugünün tələblərinə rəğmən, övladlarını həm hazırlığa qoyub, həm psixoloqa müraciət etməklə uşaqlardakı bu vəziyyəti aradan qaldırmağa çalışırlar. Buna baxmayaraq, yenə də cəmiyyət olaraq, müəllim olaraq, valideyn olaraq üzərimizə böyük məsuliyyət düşür:
"Öz övladım da 9-cu sinifdə oxuyur. Biz bu barədə söhbətlər aparır, imtahanlara hazırlaşırıq. Çalışıram ki, onun imtahan qorxusunu aradan qaldırım. Nəzərə almalıyıq, uşaqlar elə yaş dövründə imtahanların əhatəsinə düşür ki, onların cinsi yetişkənlik dövrü başlayır. Bu övladlarımızın psixikasında müəyyən dəyişiklikliyə səbəb olur. Uşaqların heç zaman hiss etmədiyi vəziyyətlə qarşılaşması, üstəgəl imtahan qorxusu, ətrafdakı sıxışdırmalar o vəziyyətə gətirir ki, rahatlıqla əsəb xəstəliklərinin təməlini qoya bilər. Bu baxımdan müəllimlərdən və valideynlərdən xahiş edirəm ki, bu dövrdə övladlarımızla həssas davranaq. Uşaqlara oxumağın lazım olduğunu aşılayaq, eyni zamanda cinsi yetişkənlik dövründə bu prosesləri elə tərzdə başa salaq ki, xaotik olaraq, bundan istifadə edib, adətə çevirməsinlər. Yeniyetmələr dərk etsinlər ki, bədənimizdə gedən proses nədən ibarətdir”.
Aysel Aslan