Azərbaycan yeni çağırışlara vaxtında reaksiya verir
Ölkəmizin sosial-iqtisadi inkişafı möhkəm təməllər üzərində qurulub
"Apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik. Azərbaycan iqtisadiyyatı inkişaf edib və əsas vəzifələr icra edilib. İqtisadiyyatın əsas göstəriciləri müsbətdir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, kənd təsərrüfatı 2.6 faiz, ölkənin qeyti-neft sənayesi isə 5 faiz artıb: "Baxmayaraq ki, neftin qiyməti dünyada 3-4 dəfə aşağı düşüb, əvvəlki illərdə aparılmış işlər və keçən il apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik. Əlbəttə, bu gün dünyada davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə də öz mənfi təsirini göstərib. Mən hesab edirəm ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bilib. Keçən il 100 mindən çox daimi iş yeri yaradılıb. Bu proses 2004-cü ildən bu günə qədər davam edir. Biz Dövlət Neft Fondunun valyuta ehtiyatlarını qoruya bilmişik, bu da hesab edirəm ki, çox əlamətdar hadisədir”.
"Bizim valyuta ehtiyatlarımız bu gün və sabah üçün lazım olacaq”
Prezident bildirib ki, neftlə zəngin olan ölkələrin böyük əksəriyyəti öz valyuta ehtiyatlarının bir hissəsini xərcləyiblər: "Biz isə çalışırdıq ki, valyuta ehtiyatlarını qoruyaq və buna nail olduq. Çünki bizim valyuta ehtiyatlarımız bu gün və sabah üçün lazım olacaq və bütövlükdə bizim iqtisadi imkanlarımızı, iqtisadi müstəqilliyimizi möhkəmləndirən amildir. Bizim 2016-cı ildə gördüyümüz işlərə dünyanın mötəbər beynəlxalq iqtisadi qurumları da yüksək qiymət verib. Bunların arasında dünyanın ən böyük qeyri-hökumət iqtisadi qurumu - bütün dünya liderlərini, dünyanın siyasi, iqtisadi elitasını birləşdirən Davos İqtisadi Forumu Azərbaycanla bağlı verdiyi hesabatda yenə də müsbət rəy bildirib”.
"Prezident bir daha vurğuladı ki, məmur xalqın xidmətçisidir”
Millət vəkili Musa Quliyev deyib ki, Prezident İlham Əliyevin söylədiyi fikirlər, yekun nitqi bir daha onu göstərdi ki, Azərbaycan bir sabitlik adasıdır. Deputat bildirib ki, dünyada gedən mənfi proseslərin təsirlərinə baxmayaraq, Azərbaycanda inkişaf var: "Bu inkişafın artıq yeni meyilləri ortaya çıxmaqdadır. Sosial müdafiə təmin olunur, əhalinin güzəranı daim dövlətin diqqət mərkəzindədir. Əhali ilə dövlət başçısı arasında sıx birlik var”.
M.Quliyev əlavə edib ki, Prezident 2014-cü ildən bu yana regionların sosial- iqtisadi inkişafına dair üç dövlət proqramının nəticələri barədə fikirlərini söylədi və onların nə qədər böyük əhəmiyyəti olduğunu vurğuladı: "Birinci proqramın Azərbaycanda infrastrukturun yaradılmasında çox mühüm əhəmiyyəti olduğunu söylədi. İknci proqramda Azərbaycanın regionlarında emal sənayelərinin, yeni iş yerlərinin, qeyri-neft sektorunun inkişafına təkan verə biləcək layihələrin həyata keçirilməsinin uğurlu nəticələrini qeyd etdi. Üçüncü mərhələdə əhalinin məşğulluğunun təmin edilməsi, qeyri-neft sektorunun gəlirləri hesabına büdcənin formalaşması, ixrac sənayesinin artırılması imkanlarını vurğuladı. Dövlət başçısı bir daha qeyd etdi ki, artıq Azərbaycan öz inkişafının yeni mərhələsinə, post-neft dövrünə qədəm qoyub. Amma bundan sonra da on illərlə neft və qaz Azərbaycan xalqına xidmət edəcək. Lakin buna baxmayaraq, biz ümummilli gəlirlərimizi və dövlət büdcəmizi qeyri-neft gəlirləri hesabına formalaşdırmalıyıq. Prezident kənd təsərrüfatında görülmüş çox böyük işlər barədə danışdı, müsbət fikirlərini söylədi, qarşıya qoyulan məsələlərin
öz həllini tapdığını dedi. Kənd təsərrüfatında pambıqçılıq kimi ənənəvi sahələrlə yanaşı, fındıqçılıq, badam əkini və digər sahələrin inkişafına önəm verdi və dövlət dəstəyindən danışdı. Bütün bu işgüzar mühit ölkə Prezidentinin diqqəti və qayğısı altındadır. Bu diqqət və qayğı hər zaman davam edəcək. Dövlət başçısı turizm sahəsinin uğurlarından danışdı, gələcəkdə bu sahənin inkişafı üçün potensialımızın olduğunu vurğuladı”.
"Dövlət büdcəsinin 40 faizi sosial sahənin maliyyələşməsinə həsr olunub”
Millət vəkili deyib ki, Azərbaycanın beynəlxalq iqtisadi reytinqində də yüksəliş olub: "Baxmayaraq ki, ötən il ağır il oldu, həm neftin qiyməti aşağı düşdü, həm dünyada böhran dərinləşdi, Azərbaycan öz iqtisadi reytinq səviyyəsini bir az artırdı. Həm biznesin inkişafı, həm sahibkarlıq mühitinin yaxşılaşdırılması, o cümlədən sosial müdafiənin təmin olunması baxımından da bizim reytinqlərimiz yüksəlib. Bu ilin dövlət büdcəsi nisbətən yığcam olmasına baxmayaraq, 40 faizi sosial sahənin maliyyələşməsinə həsr olunub”.
M.Quliyev deyib ki, bütövlükdə Prezident qarşıya qoyulan məsələləri şərh etdi və qarşıda duran problemlərin həlli yollarını da göstərdi:
"Daxili istehsalın genişləndirilməsinin, idxal məhsullarından asılılığın aşağı salınmasının, Azərbaycan brendi altında məhsulların daha çox xarici bazarlara çıxarılmasının vacib olduğunu vurğuladı. Göstərdi ki, bütün bunlar Azərbaycanın həm iqtisadi əlaqələrinin möhkəmlənməsinə, həm də dövlət büdcəsinin milli gəlirin artmasına səbəb olan faktorlardır. Cənab Prezident məmurlara öz ciddi tapşırıqlarını və tövsiyələrini verdi, əhali ilə, vətəndaşla münasibətdə nümunə olmağı tapşırdı. Rüşvət, korrupsiya, monopoliya hallarının qarşı mübarizənin daha da sərtləşəcəyi mesajlarını verdi, eyni zamanda rəftarın daha sivil, mədəni, yumşaq formada aparılması, bürokratik əngəllərin aradan qaldırılması məsələlərinə də toxundu. Bir daha vurğuladı ki, məmur xalqın xidmətçisidir, məmur xalqın xidmətçisi olanda vətəndaş dövlət münasibətləri də səmimi və sıx müstəvidə qurulur. Bütövlükdə bu müşavirə bir daha göstərdi ki, Azərbaycanın sosial-iqtisadi inkişafı möhkəm təməllər üzərində qurulub. Ölkəmiz yeni çağırışlara vaxtında reaksiya verir. Ümumdünya böhranının ölkəmizdə hiss olunmayacaq dərəcədə yumşaq keçməsi də bizim strateji xəttimizin düzgün müəyyən edildiyini təsdiqləyir”.
İsmayıl