İran Qarabağda müharibənin başlanmasını istəmir

Ermənistan müdafiə nazirinin Tehrana səfəri hərbi xarakterlidir



İran və Ermənistanın müdafiə nazirləri Hüseyn Dehqan və Vigen Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər. Münaqişəyə dair fikir mübadiləsi aparan tərəflər münaqişənin hərbi yolla həllinin mümkün olmadığını vurğulayıblar. Erməni nazir İranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində oynadığı rolu alqışlayıb.

Xatırladaq ki, Sarkisyan Tehrana iranlı həmkarının dəvəti ilə gedib. Nazirlərin əsas məqsədi iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirmək olub. İran tərəfinin düşmən ölkə nümayəndəsini qəbul etməsi və görüş zamanı səslənən sərsəm fikirlər Azərbaycan ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. 
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, Hüseyn Dehqanın erməni həmkarını İrana dəvət etməsi siyasi məsələdən daha çox hərbi xarakterlidir: 

"Son zamanlar cəbhə xəttində atəşkəs mütəmadi pozulur. Erməni ordusu daha çox itkilər verir.
Savaşın yenidən başlama təhlükəsi var. İranı narahat edən əsas məsələ budur. Əgər Qarabağda müharibə başlayarsa, İran düşmən ölkənin Azərbaycana uduzmasını istəməyəcək və buna mane olmaq üçün əlindən gələni edəcək. İranlı nazirin dəvəti Ermənistanla hərbi-texniki əməkdaşlığı yenidən masaya yatırtmaq və cəbhədəki vəziyyəti birbaşa müdafiə nazirinin dilindən eşitməkdir”. Ekspert bildirib ki, Xarici işlər naziri Elmar Məmmədyarovun açıqlamasına görə, Rusiya Azərbaycan və Ermənistan XİN rəhbərlərini görüşdürmək istəyir: "Görünür, İran bu məsələdə kənarda qalmaq istəmir və bölgənin problemlərində öz ağırlığını ortaya qoymağa çalışır. Xüsusən, son dönəmlər Suriya böhranın həlli prosesində Rusiya və Türkiyə ilə əməkdaşlıq edən İranın fəallığı artmaqdadır. Ancaq fars rejiminin işğalçı Ermənistana silah satması, hərbi dəstək verməsi Azərbaycanla münasibətlərə ciddi zərbə vura bilər. Müsəlman bir ölkənin xristian və təcavüzkar dövlətlə sıx münasibətdə olması qəbuledilməzdir”.

İsmayıl