Ekspert Müdafiə Nazirliyinin təşəbbüsünü alqışladı

Savadlı elm və din adamlarının hərbi hissələrdə görüş keçirməsi ordumuzun xeyrinə olacaq





Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb. Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Sənədə əsasən, dini radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə keçiriləcək tədbirlərin yeri, icra vaxtı müəyyən edilib.

Müdafiə Nazirliyinin tabeliyində olan idarələrdə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə və digər mövzularda müzakirələr aparılacaq. Görüşlərdə müxtəlif kateqoriyalardan olan hərbi qulluqçuların, tarixçilərin, elm xadimlərinin və xüsusən ilahiyyatçı alimlərin iştirakı ilə "dəyirmi masa”lar keçiriləcək. Belə demək mümkündürsə, əvvəllər hərbi hissələrə, əsgər və zabitlərlə görüşə daha çox müğənnilər, artistlər gedirdisə, indi hərbi xidmətçilərin ziyarətçiləri elm adamları və din xadimləri olacaq.

 Məsələni şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi-ekspert Üzeyir Cəfərov "Şərq”ə açıqlamasında qurumlar arasındakı əməkdaşlığı çox yüksək qiymətləndirib. Ekspert vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri yarananda onun tərkibində xüsusi dini şöbə fəaliyyət göstərirdi: 
"Təəssüflər olsun ki, sonradan Müdafiə Nazirliyində təmsil olunan bəzi şəxslər məsələyə fərqli rəy verdilər. Nəticədə həmin sahə ilə məşğul olan şəxslər işlərindən uzaqlaşdırıldı. 1990-cı illərdə Qafqaz Müsəlmanları İdarəsi çox savadlı bir din adamını Müdafiə Nazirliyinə təhkim etmişdi. Həmin dövrdə hərbiçilərlə ilahiyyatçıların koordinasiyası təşkil olunurdu. Amma son illərdə bilməyərəkdən bu əlaqələr sıradan çıxarılıb. Biz müsəlman ölkəsiyik, insanlarımızın içində namaz qılan, oruc tutan, hətta xristianlıq və başqa dinlərə qulluq edən şəxslər olur. Bunları nəzərə almaq lazımdır”. Hərbi ekspertin sözlərinə görə, hərbi hissələrdə, böyük kollektivlərdə din üzrə mütəxəssislər olmalıdır: "Məsələ gündəmə gələn kimi bəziləri deyir ki, "ordu hara, din hara, düz gələn şey deyil”. Xeyr, belə düşünmək mənasızdır. Düşmən orduda xüsusi keşişlər fəaliyyət göstərir, eyni zamanda ABŞ, Rusiya, ümumiyyətlə, dünyanın əksər ölkəsində silahlı qüvvələrin tərkibində dini şəxslər olur. Niyə müsəlman ölkəsi olan Azərbaycanda olmasın? Din xadimləri hərbi hissələrdə milli-mənəvi dəyərləri aşılayacaq, radikalizm əleyhinə çıxışlar edəcəklər. Nəticədə gənclər pis yola düşməyəcək. Mən bu təşəbbüsü alqışlayıram. Hətta təklif edirəm ki, Komitə sədri, hörmətli Mübariz Qurbanlı təkcə Müdafiə Nazirliyi ilə deyil, Daxili qoşunlar, Sərhəd xidməti və digər güc strukturları ilə bu məsələni görsün. Qısa zamanda siz nəticəni görərsiniz”. 

Ü.Cəfərov bildirib ki, hərbi hissələrdə orucluq və bəzi dini bayramlar zamanı müəyyən problemlər yaşanır: 

"Bəzən komandirlər dindar əsgərlərin dini tələbatını ödəyə bilmirlər. Başa düşən zabitləri isə əsgərlərə ibadət üçün şərait yaradırlar. Bu da həmin komandirlərin milli dəyərlərə bağlılığından irəli gəlir. Hesab edirəm ki, bu işin qanunvericilik şəklinə salınması çox müsbət olacaq. Özü də hərbi hissələrdə maarifləndirici tədbirlər 6 aydan bir yox, daha tez-tez keçirilməlidir. Dünya dəyişir, zərərli cərəyanlar çoxalır, gənclər təsir altına düşürlər. O qədər lazımsız ştatlar yaradılıb ki. Amma zəruri sahələr kənarda saxlanılıb. Məncə, savadlı dini kadrları bu işə cəlb etmək lazımdır. Onların ordumuza ancaq xeyri dəyə bilər”.

İsmayıl