4 terrorçu zərərsizləşdirildi, 3-ü məhv edildi, biri sağ ələ keçdi
“Amma son zamanlar elə tiplər meydana çıxır ki, onlar qoçuluq edirlər, uzun saqqal saxlayır, adamları döyürlər, söyürlər, təhdid edirlər”
Bakıda terror aktları törətməyə hazırlaşan 4 nəfər terrorçu zərərsizləşdirilib. Dövlət Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr şöbəsindən bildirilib ki, xaricdəki terror qruplaşmalarına tabe olan bur qrup şəxsin Azərbaycanda terror aktları planlaşdırması ilə bağlı quruma məlumat daxil olub.
DTX-nin təxirəsalınmaz tədbirləri nəticəsində Azərbaycan vətəndaşları - "Abu Hafsa” ləqəbli M.Ulubəyovun, "Abdulqərib” ləqəbli Q.Dəmirovun, "Əbdülxalid” ləqəbli F.Sadıqovun və "Abdullah” ləqəbli S.Məmmədovun tutulması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı qrup üzvləri avtomat və tapançadan atəş açaraq təhlükəsizlik əməkdaşlarına müqavimət göstəriblər. 3 terrorçu xüsusi xidmət orqanları tərəfindən məhv edilib. Bir terrorçu isə sağ ələ keçib.
Əməliyyatla bağlı "Şərq”ə açıqlama verən kriminalist-tədqiqatçı İlqar Altay deyib ki, hazırda xüsusi xidmət orqanlarının əsas missiyası Azərbaycanda dini ekstremizmin qarşısını almaqdır:
"Burada söhbət kiçik dini ektremizmdən getmir. Bilirik ki, ölkədə xarici qüvvələrin, terrorçu qrupların tabeliyində olan, onların təsiri ilə hərəkət edən xeyli radikal şəxslər var. Onlar xaricdən maliyyələşir və güclü şəkildə şəbəkələşirlər. O baxımdan DTX təhlükəsizlik məsələnin önəmini düzgün qiymətləndirərək, həmin adamları izləyir və zəruri əməliyyatlar keçirir. Dəfələrlə demişəm ki, Azərbaycanda ekstremizmin yaranma səbəbi dini radikalizmdir. Dini radikalçılıq gözümüzün qabağında cəmiyyətdə başlayır və böyüyür. Təəssüflər olsun ki, bizim camaat ənənəvi normal dindarlarla radikal şəxsləri ayırd edə bilmir”.
Ekspert vurğulayıb ki, normal dindar səliqəli geyinən, savadı, tərbiyəsi olan ruhani tipli adamdır:
"Amma son zamanlar elə tiplər meydana çıxır ki, onlar qoçuluq edirlər, uzun saqqal saxlayır, adamları döyürlər, söyürlər, təhdid edirlər. Belələri radikal dindarlardır və getdikləri istiqamət dini ekstremizmdir, terrorçuluqdur. Ona görə də birdən-birə ortaya çıxan terrorçulara və onlara qarşı keçirilən əməliyyatlara təəccüb etməməliyik. DTX-ya və polisə silahlı müqavimət göstərmək nə deməkdir? Bu banditizmdir. Axı onlar necə namaz qılan, ibadət edəndir ki, günahsız adamlara atəş açırlar. Din barədə sual verirsən, cavab verə bilməyən kimi şiddətə baş vururlar. DTX və digər qurumlar öz işini görür, amma cəmiyyət də üzərinə düşəni etməlidir, həmin insanları ayırd etməyi bacarmalıdır. Dini ekstremizm xalqın birliyinə qarşı çıxır, dinlilər və dinsizlər kimi bölücülük yaradır. Onlarla ciddi mübarizə aparmaq lazımdır”.
İsmayıl