Cocuq Mərcanlıya qayıdış sürətlənib

Biləcəridə məskunlaşan köçkün qadın artıq əşyalarını toplayıb, günlərini sayır



"Cocuq Mərcanlıda ilk olaraq tikiləcək evlərin və çəkiləcək yolların girişləri minalardan təmizlənir. Ərazidə texniki-tədqiqat işlərini tamamlamaq üzrəyik”.

Bunu ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov deyib. Onun sözlərinə görə, qarlı hava şəraiti onların işlərinə mane olduğundan müəyyən ləngimələr var. Bu səbəbdən hələ evlərdə təmizləmə əməliyyatlarına başlanılmayıb:

"Dağılmış evlərin içərisində partlamamış hərbi-sursatların olması ehtimalı var. Həmin ərazilərdə xüsusi texnikalardan istifadə edərək təmizlənmə işlərini həyata keçirəcəyik. Əraziyə giriş yollarının təmizlənməsi işləri aparılır. Giriş xətlərinin açılmasını həyata keçirmişik. Hazırda ölçmə və işarələnmə işləri aparılır”, - deyə baş əməliyyat mütəxəssisi vurğulayıb. Xatırladaq ki, Cocuq Mərcanlı kəndində minatəmizləmə əməliyyatlarının aparılacağı ərazinin ölçüsü müəyyənləşdirilib. Belə ki, 300 hektar ərazidə əməliyyatlar aparılacaq. Son məlumata görə, "Azərpoçt” MMC poçt rabitə operatoru Cocuq Mərcanlı kəndində poçt şöbəsi açacaq. Məlumata görə, şöbənin açılması məsələsi kənddə abadlıq işlərinin aparılması zamanı nəzərə alınacaq.

BMT Cocuq Mərcanlıya qayıdışda iştirak etmək istəyir

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov BMT nümayəndəsi Vinsent Koçeteli qəbul edib. Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi barədə ətraflı məlumat verən Ə.Həsənov deyib ki, münaqişənin həllində vasitəçilik missiyası həvalə olunmuş ATƏT-in Minsk Qrupu heç bir irəliləyişə nail ola bilmir. BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdikləri qərar və qətnamələrin tələblərini Ermənistan hələ də yerinə yetirmir və bu işğalçı ölkəyə qarşı da heç bir təzyiq edilmir: "Bu, ən böyük ədalətsizlik və beynəlxalq hüquq normalarının pozulmasıdır. Bu, bizdə bir daha elə bir təsəvvür yaradır ki, beynəlxalq hüquq qüvvədə deyil və bu, dünyada beynəlxalq münasibətlərə təsir edən dövlətlər tərəfindən tətbiq olunur”. Ə.Həsənov işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı Prezidentin imzaladığı sərəncam haqqında qonaqlara ətraflı məlumat verərək bildirib ki, kənd 1994-cü ildə ulu öndər Heydər Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. BMT nümayəndəsi də Cocuq Mərcanlıya qayıdış prosesində iştirak etmək niyyətində olduğunu bəyan edib.

Cocuq Mərcanlıya qayıtmaq istəyənlərin sayı artır

Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar hazırlıq işləri intensiv şəkildə həyata keçirilir. Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib ki, kənddə köhnə əmlakların müəyyənləşdirilməsi və qiymətləndirilməsi, ərazilərin minalardan təmizlənməsi işləri həyata keçirilir. Həsənov bildirib ki, Cocuq Mərcanlı kəndində yaşamaq istəyən ailələrin sayı artmaqdadır. Hazırda Biləcəri qəsəbəsində zavod ərazisində məskunlaşan Billurə Hüseynova artıq əşyalarını toplayıb, günləri saydığını deyir: "Əhd eləmişəm ki, kəndimizə qayıdan gün orada dizlərim üstündə sürünəcəyəm. Kəndimizdən uzaqda bu 24 ili çox ağır, pis vəziyyətdə keçirdik. Zülm çəkdik. Sağ olsun Prezidentimizi! Bizi öz kəndimizə, evimizə, əkib-becərdiyimiz o torpaqlara qaytaracaq. Əkin işləri görəcəyik. Mal-heyvan saxlayacağıq. Biz heç vaxt bakılı olmadıq. Elə adamlar var ki, Bakıya gələn kimi, dilini, ləhcəsini dəyişirlər. Amma mən heç vaxt dəyişmədim. Öz kəndimi, evimizi arzulayıram. Bu zavodun ərazisindən Yanar Dağ görünür. Uşaqlar həmişə axşam yanar dağa baxıb deyirlər ki, ana ora Lələtəpədir?!”.

"Prezidentin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı təşəbbüsü tarixi addımdır”

ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti, siyasi analitik Piter Teys deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı təşəbbüsü tarixi addımdır. Ekspert əminliklə bildirib ki, Maliyyə Nazirliyi və digər dövlət qurumları kəndin bərpası və sakinlərin öz evlərinə qayıtması proqramını effektiv şəkildə icra edəcək: "Prezidentin işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı bu qərarı təqdirəlayiqdir. Gələcəkdə buraya yatırılan vəsaitlər Azərbaycanın daxili iqtisadiyyatının inkişafına kömək edəcək”. Teysin fikrincə, beynəlxalq ictimaiyyət, eləcə də Avropa İttifaqı xüsusi fondlar yaratmaqla Azərbaycana öz dəstəyini nümayiş etdirməlidir.

İsmayıl