“Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi”
Yağış yağır, rəqs eyləyir gur damlalar
İnci-inci, sıra-sıra nur damlalar.
Əbəs yerə, suyu nura bənzətməyiblər. Elə ona görə də gündəlik həyatımızda ən çox istifadə etdiyimiz də sudur. Axı, insanlar suyun əhəmiyyətini hələ çox qədimdən dərk etmiş və ona yüksək qiymət vermişlər.
Su paklıq rəmzidir...
Hələ lap qədim zamanlarda ulu babalarımız "İnsan sudan və torpaqdan yaranıb” demişlər. Hər şeydən təmiz sudur, hər şey su ilə təmizlənir kimi deyimlər də var. Su paklıq, təmizlik, təravət rəmzidir. Onlar torpağı "ata”, suyu isə "ana” adlandırmışlar. Həmişə aydın görünən hər bir şeydə nəsə bir sual olur. Elə suya aid də belə bir sual yaranır. Su nədir? Yoxsa Allahın insanlara, kainata bəxş etdiyi hər zərrəsi milyonlara bərabər bir möcüzəmi? Su həqiqətən həyatın möcüzəsidir.
Şollar suyu: Bakıya nəfəs verən həyat mənbəyi!
Şirin su ehtiyatlarının qismən məhdud olduğu və qeyri-bərabər paylandığı Azərbaycanda sudan səmərəli istifadə tarixin bütün dövrlərində aktuallığını saxlayıb. Bu problem özünü daha çox şirin su ehtiyatlarının məhdud olduğu Abşeron yarımadasında büruzə verib. Abşeron yarımadasında içməli su problemini həll etmək üçün bir əsr əvvəl Şollar-Bakı Su Kəməri çəkilib.
"Şollar suyu!” Bir çox Azərbaycan vətəndaşının yaddaşında, gündəlik sosial həyatında bu altı hərfdən ibarət olan ifadə təkcə içməli su ilə bağlı olan xatırlama deyil artıq. Bu ifadə həm də demək olar ki, neçə onilliklərdir ki, Azərbaycanın tarix gündəliyində də öz yerini almış məfhuma çevrilib. Ən keyfiyyətli içməli su, eyni zamanda, Azərbaycan paytaxtı Bakıya, həm də yol buyu keçdiyi ərazilərə müasir dövrün deyimi ilə desək, brend su olaraq firavan həyat bəxş edən Şollar suyu, həm də maraqlı tarixi ilə fərqlənir. Şollar suyu, həm Şamaxı zəlzələsindən sonra quberniyanın mərkəzi olaraq yenicə diqqətləri öz üzərinə cəlb edən Bakı şəhəri üçün də nicat, xilas missiyasına çevrildi. Bu, sözün əsl mənasında, doğrudan da, belə idi.
Bakını bürüyən vəba xəstəliyi... Hacı Zeynalabdin Tağıyevin narahatlığı...
1890-cı ildə şəhər dumasının üzvü Hacı Zeynalabdin Tağıyev və böyük maarifçi-ziyalı Həsən bəy Zərdabi şəhər əhalisinin su təchizatının yaxşılaşdırılması ilə bağlı səylər göstərirdilər. Həmin dövrdə Bakını vəba xəstəliyi bürüyürdü. Bu fakt, ozamankı Bakı üçün ən böyük həyəcan siqnalı idi. Səbəblərdən biri də Kürdən gələn suyun həddən artıq çirkli olması idi. 1898-ci ildə Hacı öz vəsaitindən 3 min manat qızıl pul ayırır və şəhər idarəsinin işçisi İbad Əliyevi Odessaya ezamiyyətə göndərir. Mühəndis orada müsabiqə elan edir. Bakıya ən sərfəli su kəməri təklif edənə 3 min manat veriləcəyini bildirir. Qurultayda iştirak edən milliyyətcə isveç, ingilis təbəqəsi, Almaniyanın Frankfurt-Mayn şəhərində çalışan məşhur hidravlik mühəndis L.Lindley bu təklifi qəbul edir, Azərbaycanda içməli su mənbələri axtarır və Şollar bulaqlarını bəyənir.
Şollar kəmərinə qədər Bakının su təchizatı necə idi?
1892-ci ilə qədər, əsasən, quyu sularından istifadə edilirdi. Suvarmaq məqsədilə bir çox quyulardan istifadə edilsə də, içmək üçün yalnız 61 quyunun suyuna şəhər sanitar idarəsi tərəfindən icazə verilmişdi. Qeydiyyatdan keçmiş 121 nəfər su satan var idi ki, onlar da dövlətin vergisini ödəyirdilər. Xolera xəstəliyi meydana gələndən sonra bir çox quyular bağlandı.
Varlı təbəqə içməli suyu bulaqlardan da çəkirdi. Qala divarları çəkiləndən sonra su üç qapı tərəfdən çəkilib şəhərə verilmişdi. O zaman su, əsasən, saxsı borularda çəkilirdi və ya yonulmuş daşlardan istifadə edilirdi. Rus imperiyası Bakını işğal edəndən - 1806-cı ildən sonra şəhərdə su qıtlığı yaranır.
Bakıya ilk su kəməri çəkilməzdən əvvəl, əhali içmək üçün aşağı keyfiyyətli quyu suyundan, daha sonralar - XIX əsrin əvvəllərində isə, duzsuzlaşdırılmış dəniz suyundan istifadə edib.
Buz kimi Şollar !
1917-ci ilin yanvarında Bakı əhalisi təmiz bulaq suyu olan Şollardan istifadə etməyə başlayıb. Həmin il fevralın 18-i isə tarixə "Bakı-Şollar” Su Kəmərinin açılışı günü kimi düşür. "Naxır bulağı” deyilən yerdə keçirilən rəsmi mərasimdə neft milyonçuları, kəmərin layihələndirilməsində və icrasında əməyi olan xarici qonaqlar, ruhanilər iştirak edib. Qazı Məhəmməd Kərim əlində "Quran” bu işdə əməyi olan hər kəsə, o cümlədən, Hacı Zeynalabdin Tağıyevə minnətdarlığını bildirərək, dualar oxuyur. Elə su kəmərinin kranını açmağı da Hacı Zeynalabdinə həvalə edir.
Ulu öndərin memarı olduğu əsas su layihəsi...
Həyatımız və sağlamlığımız üçün ən dəyərli nemət olan təmiz içməli su problemi ulu öndər Heydər Əliyevi narahat etməyə bilməzdi. Odur ki, 2002-ci ilin dekabrında ümummilli lider insanların sağlamlığı, rifahı naminə Bakı şəhərinə təmiz su çəkilməsi ilə bağlı müvafiq tapşırıqlarını verir. O, SSRİ dönəmində yeni mənbələrin və infrastrukturun yaradılması ilə su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin problemləri mərhələlərlə həll edilib. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən sonra içməli su təsərrüfatında ciddi dönüş yaranıb.
Heydər Əliyevin memarı olduğu su layihəsi su təhcizatı sahəsində bir çox işlər görülüb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə su layihəsinin ümumxalq tikintisinə çevrilməsi, ölkənin əksər tikinti və sənaye müəssisələrinin bu işə cəlb olunması nəticəsində həm şollar, həm də digər su kəmərlərinin yenidən bərpası, tikintisi reallaşır. Ceyranbatan sutəmizləyici qurğularının 3-cü mərhələsinin inşası da Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi altında məhsuldarlığı saniyədə 2,22 kubmetr olan qurğu 1978-ci ildə istismara verilib. Paytaxt Bakının tullantı su infrastrukturunun inkişafını nəzərdə tutan "Böyük kanalizasiya” layihəsinin işlənib hazırlanması və reallaşdırılması 1970-80-ci illərə təsadüf edir. Ulu öndərin birbaşa nəzarəti altında həmin dövrdə Azərbaycanın ən böyük tullantı sutəmizləyici qurğusu olan Hövsan Aerasiya Stansiyası, həmçinin, bu gün də paytaxtda yaranan tullantı sularının kənarlaşdırmasında arteriya rolunu oynayan "Sənaye zonası”, "Şəhərkənarı” və "Sahil” kollektorları inşa edilib.
2003-cü ilin oktyabrında Prezident İlham Əliyevin xalqın etimadını qazanaraq Prezident seçilməsi ilə ölkəmizin həyatında yeni inkişaf mərhələsi başlandı. Ölkə başçısı əhalinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatlarına qərar verdi. 2004-cü ilin iyununda su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında imzalanmış Sərəncama əsasən, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Məhz dövlət başçısı İlham Əliyevin imzaladığı fərmanlar əsasında Bakı şəhərində xidmət göstərilən əhalinin 80 faizə yaxını fasiləsiz içməli su ilə təmin edilir.
Şollar suyunun ölkəmiz üçün əhəmiyyətini dəyərləndirən millət vəkili Zahid Oruc qeyd edir ki, "Şollar suyunun çəkilişi ötən əsrin əvvəllərinə təsadüf edir. Hacı Zeynalabdin Tağıyevin bu sahədə rolu böyük və danılmazdı. Hərçənd sonrakı illərdə bununla bağlı əks fikirlər də olub ki, Şollar su kəmərinin çəkilişində onun rolu olmayıb. Lakin müəlliflik məsələsində mübahisələrə yer vermədən yalnız onu qeyd etmək lazımdır ki, Azərbaycan bu gün içməli su mənbələrinə görə çox da zəngin deyil. Xaçmazın ucqar kəndindən çəkilən və 110 illik tarixi olan Şollar suyu Bakı əhalisini içməli, tərkib elementləri ilə zəngin su ilə təmin edir. 21 əsrdə Qəbələ-Oğuz su kəmərinin çəkilişi həyata keçirildi. 1 milyarddan artıq vəsait xərcləndi. Amma tərkib elementlərinə görə yenə də Şollarla müqayisə etmək mümkün deyil. Əlbəttə ki, su ehtiyatı hər bir dövlətin strateji sərvətidir. Çünki bu Türkiyə və Suriya , Türkiyə və İraq arasında su ilə bağlı məlum düşmən münasibətlər, müharibə münasibətləri mövcuddur. Tarixdən də məlumdur, bu gün də real həyatımızda şahidi olduğumuz Dəclə-Fərəc çayı arasında olan mübahisələr bu gün də davam edir. Azərbaycanda təəssüf ki, həm Şollar, həm də digər şirin su mənbələrinə münasibətdə məsuliyyətli davranışın şahidi deyilik. Bizdə suya qarşı bir laqeydlik mövcuddur. Mən özüm Qarabağ bölgəsini təmsil edirəm. Bu problemi illərlə yaşamışıq. İriqasiya xarakterli suları əksər hallarda artezian quyuları vasitəsilə təmin etmişik. Ayrı-ayrı evlərdə şirin sular sadəcə axıb gedir. Bəs Bakı əhalisinin suya münasibəti necədir? Yenə qeyd edirəm, bizdə suya qəribə bir laqeydlik hiss olunur. Paytaxtda da suya münasibətdə yanlışlıqlara yol vermişik, bu gün də onun fəsadlarını hiss edirik. Su nə qədər həyat mənbəyi, yaşamın, varlığın simvoludursa, bir o qədər də təhlükə mənbəyinə çevrilə bilir. Biz təəssüf ki, bunu hələ də tam dərk edə bilməmişik. Biz evlərimizdə də bunun zamanla şahidi ola bilirik. Su bu gün ticarət sektorlarının az qala mühüm avadanlığına çevrilib. Avropa ölkələrində siz bunu görə bilməzsiz. Çünki içməli təmiz su birbaşa mənbələrdən qəbul olunduğundan eləcə də istifadə edilir. Qaldı Şolların tərkib hissəsinə, həqiqətən zəngin elementləri olan Şollar suyunun əhəmiyyəti böyükdü. Ona görə də bunu milli sərvət kimi qəbul etmək lazımdır. Azərbaycanda Kürü və Arazı çıxmaq şərtilə ölkə ərazisində su ehtiyatlarının məhdud səviyyədə olmasını nəzərə alaraq, gələcəkdə suyun neftdən baha ola biləcəyini də düşünməyə əsas verir. Buna görə də şirin içməli su mənbələrini qorumaq, suya maddi milli sərvət kimi yanaşmaq lazımdı. Suya qənaətlə yanaşmaq lazımdı. Bu gün müxtəlif bölgələrdən gələn suları etiketləşdirir və məişətimizə daxil edirlər, müxtəlif mineral ehtiyatlarla zəngin olduğunu təqdim etməyə çalışsalar da, onların heç biri Şollarla oponentlik edə biləcək sular deyil. Bu sular Şolları əvəz edə bilmir. Elə hesab edirəm ki, təbiət resursları içində öndə məhz Şollar suyuna önəm vermək lazımdı. Suyu neft qədər dəyərləndirmək lazımdı. Eyni zamanda, sudan qənaətlə istifadə qaydalarının təbliği istiqamətində işlər görmək vacibdi. Təhsil ocaqlarında, orta məktəblərdə suyun həyat mənbəyi olması, tükənən resurs olduğu, sudan qənaətin əhəmiyyəti istimətində layihələr hazırlamaq lazımdı. Yekun olaraq onu qeyd edim ki, suya münasibətimizi bir qədər formalaşdırmağa çalışmalıyıq. Suya münasibətdə mədəni dəyər formalaşmalıdı. Su sistemlərinin idarə olunması və oradakı mexanizmlərin keyfiyyəti də o suya münasibətin tərkib hissəsidi. Dövlət səviyyəsində su sahəsinin inkişafı istiqamətində işlər görülür. Cəmiyyətdə təbitə qarşı doğmalıq hiss olunmalıdır. Misal üçün, Almaniyada yol kənarında əkilən ağacların belə pasportu, qeydiyyat kitabçası var. Nə qədər qəribə səslənsə də, oradakı hər bir ağacın pasportlaşmasının şahidi olacaqsız. Biz təkcə canlılara , yəni insana pasport verdiyimiz halda, Almaniyada ağacı da canlı varlıq kimi qəbul edib, onu qeydiyyata alırlar ki, onun varlığı, mövcudluğu qəbul olunsun. Yəni o ağacı asanlıqa dövriyyədən çıxarmaq olmaz. Ona görə də təbiətin əsas mənbəyi olan suya dəyər vermək, ona qənaətin ən praktik yollarından istifadə etmək lazımdır. Xüsusilə də Şollar suyu qədər zəngin tərkibli içməli suyun qədrini bilmək lazımdı. Suya qənaət etmək həyatımızın tərkib hissəsinə çevrilməlidir”.
Tahirə Məmmədqızı
Yazı "Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür