Elektron bazaya məişət zorakılığı ilə bağlı siqnallar gələcək

İradə Cavadova: “Əgər operativ tədbirlər görülərsə bu yaxşı bir nəticə verə bilər”



Ölkəmizdə məişət zorakılığı ilə bağlı onlayn məlumat sisteminin yaradılması nəzərdə tutulur. Daimi olaraq KİV-lərdə ailədaxili münaqişələr, yaxud məişət zorakılığı ilə bağlı ölüm hadisələri və intiharlar barədə məlumatlar yazılsa da, bunların heç bir əhəmiyyəti olmurdu. Məişətdə müxtəlif zorakılıqlar, xüsusilə də qadınlara qarşı zorakılıq halları azalmaq yerinə daha da artmağa doğru gedir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov onlayn məlumat sisteminin yaradılması işlərinin BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilən layihə çərçivəsində aparıldığını bildirib: "Həmin layihə çərçivəsində artıq ekspertlər seçilib. Bu il ərzində bu onlayn sistem yaradılacaq və fəaliyyətə başlayacaq”.

E.Səfərov qeyd edib ki, həftənin 7 günü ərzində 24 saat fəaliyyət göstərən "Qaynar xətt”in yaradılması da nəzərdə tutulur.

Məişətdə zorakılığın qurbanı kimi daha çox qadınların olduğunu deyən hüquq müdafiəçisi İradə Cavadova, adətən onların hara və necə müraciət etmələri ilə bağlı çətinlik çəkdiklərini bildirib. Onun sözlərinə görə, onlayn sistemin yaradılması yaxşı bir təşəbbüsdür. Bir şərtlə ki, sistem daimi və operativ şəkildə fəaliyyət göstərsin:

"Prinsip etibarı ilə onlayn sistemin necə qurulucağını bilmirəm, amma ümid edirəm ki, elektron bazaya məişət zorakılığı ilə bağlı bütün siqnallar daxil olacaq. Əgər operativ tədbirlər görülərsə bu yaxşı bir nəticə verə bilər. Yox əgər sadəcə kağız və sistem xatirinə siqnallar daxil olacaq və statistik məlumatlar göndəriləcəksə, hesab edirəm ki, müsbət nəticə yalnız statistika üçün olacaq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə krizis mərkəzləri yaranmışdı. 5 mərkəz fəaliyyət göstərməli idi. Əslində krizis mərkəzləri yaxşı fəaliyyət göstərsəydi və paralel şəkildə onlayn sistem işləsəydi, bu məsələdə daha perspektiv işlər görülərdi. 

İnsanlar regionda məişət zorakılığına məruz qalanda dərhal Bakıya gələ bilmir. Paytaxtda bəzi krizis mərkəzləri var, amma regionlarda olan krizis mərkəzlərinin hansı nəticə verməsi və necə işləməsi ilə bağlı ictimaiyyətin məlumatı yoxdur. Lakin, komitə ciddi təşəbbüslə fəaliyyət göstərərsə və onlayn məlumat sistemi yaranıb normal fəaliyyətə başalayarsa müsbət nəticələrə nail olmaq olar. Çox yaxşı olardı ki, KİV-lərdə, internet səhifələrində və televiziyalarda məişət zorakılığı ilə bağlı maarifləndirmə işi aparılsın. Çünki daha çox əhali televizora baxır və müxtəlif informasiya verilir. Amma zorakılığın profilaktikası üçün verilişlərin və ya sosial çarxın olması qurbanlara müəyyən yardımlar göstərə bilər. Adətən, zorakılıq qurbanları bu əməli törədən şəxsi hansı cəzaların gözlədiyini bilmirlər. Qurban bilməlidir ki, belə olan halda məhz məişət zorakılığı baş verir və bu zaman uşaqlarını necə qorumalıdır.”

Yeganə Bayramova