10 milyarda yüksəlib: “Facebook”un gəlirlərində rekord artım olub






”Facebook” şirkəti ötən ilin 4-cü rübü və bütövlükdə 2016-cı ilin maliyyə göstəricilərini açıqlayıb.
İKT.lent.az-ın xəbərinə görə, ötən ilin yekunlarına əsasən şirkətin xalis mənfəəti iki dəfədən də çox artıb. Belə ki, 2015-ci ildə şirkət 3,688 milyard dollar mənfəət əldə etdiyi halda, 2016-cı ildə bu rəqəm 177% artaraq 10,217 milyarda yüksəlib. Ümumi gəlir isə 54% artıb və 27,427 milyard dollar olub.
Reklam gəlirlərində artım 57% olub (26,885 milyard), digər ödənişlər 753 milyon dollar təşkil edib.
Dördüncü rübün yekunlarına əsasən gəlir 8,809 milyard dollar (51% artım), xalis mənfəət 3,568 milyard dollar (128% artım) olub.
Gündəlik istifadəçilərin sayı ötən ilin dekabrında orta hesabla 1,23 milyard nəfər təşkil edib ki, bu da bir il əvvəlin müvafiq göstəricisindən 18% çoxdur. Mobil cihazlardan sosial şəbəkəyə daxil olanların sayı 1,15 milyard, ayda bir dəfə də olsa, "Facebook”u açanların sayı isə 1,86 milyard nəfər olub.