Görünən Bakıya nə bələdçi!?
Amma deyirlər ki, qarlı yollarda ən böyük problemi hazırlıqsız sürücülər törədir
Yanvar ayının ilk həftəsindən etibarən İstanbula hakim kəsilən şaxtalı hava şəraiti artıq paytaxt Bakıda hökm sürür. İki gündür yağan qar Bakını ağ örpəyə bürüyüb. Xüsusən də, paytaxtın Yasamal rayonunun sakinləri əməlli-başlı "Sibir həyatı” yaşayır. Əslində burada bizim üçün yeni heç nə yoxdur.
Çünki hər dəfə qış öz sərt üzünü göstərəndə, yağıntının miqdarı normadan çox olanda paytaxt Bakının müxtəlif ünvanlarında yaşayan vətəndaşlar biri-birindən fərqli problemlərlə qarşılaşırlar. Azərbaycanda dövlət qurumlarının fəaliyyətini qiymətləndirmək üçün havaların bir balaca soyuması və qarın yağması kifayət edir. Yolların palçığa qərq olması, şaxta səbəbi ilə buz bağlaması nəqliyyatın hərəkətində bəzi problemlərə yol açır. Evlərə elektrikin verilişində fasilələr yaranması, mavi yanacağın təzyiqində
azalma, su xəttində donma hallarının müşahidə olunması məişət qayğılarının birə-beş artmasına gətirib çıxarır. Bu dəfə də Bakı qarı fərqli qarşılamadı. Sadaladığımız problemlər ayrı-ayrılıqda hər biri özünü göstərdi. Hər nə qədər aidiyyəti qurumlar əksini iddia etsələr də, görünən Bakıya nə bələdçi!?
Belə havada yollara hazırlıqsız çıxırlar
"Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qarlı-şaxtalı hava şəraitinə baxmayaraq yollarda hərəkətin normal olduğunu deyib. Onun sözlərinə görə, Ziya Bünyadov prospekti, Bakı-Sumqayıt yolu, "20 Yanvar” dairəsində yollar tam açıqdır.
O, digər ərazilərdən aldığı məlumatlara əsasən, hərəkətin fasiləsizliyinin təmin olunduğunu deyib: "Gecəboyu və səhər saatlarında bizim balansımızda olan küçə və prospektlərdə tədbirlər həyata keçirilib. Xüsusilə Bakı-Sumqayıt yolu, Bakı dairəvi yolunda qabaqlayıcı işlər həyata keçirilib”.
A.Nəcəfli sürücülərin Bakı-Sumqayıt yolunda məhdudiyyət yaranması ilə bağlı saytımıza verdiyi məlumatlara da aydınlıq gətirib: "Oradakı məhdudiyyət yolun buzlu olmasından deyil. Hazırlıqsız sürücülərin yola çıxması ilə bağlıdır. Biz dəfələrlə xəbərdarlıq edirik ki, hazırlıqsız olaraq yola çıxmayın. Bu gecə Bakı dairəvi yolunda bir neçə avtomobil yolda qalmışdı. Bu da sürücü məsuliyyətsizliyilə bağlı olub. Əksəriyyəti sovet istehsalı, protektoru yeyilmiş, şinləri mövsümə uyğun olmayan maşınlar və təcrübəsiz sürücülərdir. Yollarda qalanda isə yolların təmizlənmədiyi iddiasını irəli sürürlər. Onlar həm bizim texnikamızın hərəkətinə mane olurlar, həm də digər hərəkət iştirakçılarına maneə yaradırlar”. "Azəravtoyol” rəsmisi sürücülərə interneti izləyib, məlumatları oxumağı tövsiyə edib: "Qışda yay paltarı geyinib çöldə gəzmək olmaz. Avtomobil də belədir. Yay şinlərilə qışda sürmək olmaz”.
Bakıda ictimai nəqliyyatın hərəkəti çətinləşib
Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsi Mais Ağayev isə paytaxtda müşahidə edilən qarlı və şaxtalı havanın paytaxtın küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaratdığını deyib. M.Ağayev Bakı Nəqliyyat Agentliyinin müşahidə kameralarından əldə edilən məlumata əsasən deyib ki, səhər saatlarında paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib: "Qarlı və şaxtalı havada sərnişin avtobuslarının fasiləsiz və təhlükəsiz hərkətini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində çalışır. Paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcılara, xüsusən də 77, 205, 53, 31, 39, 50, 64, 94, 211 nömrəli marşrut xətlərinin müvəqqəti istismarçılarına paytaxtda davam edən kəskin hava şəraiti ilə əlaqədar xətlərə buraxılan avtobuslarda intervala əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, avtobusların texniki cəhətdən saz vəziyyətdə olması barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların qaraj və avtoparklardan reysə çıxmalarını təmin etmələri barədə təkrar və ciddi xəbərdarlıq edilib”.
O qeyd edib ki, istismarda olan sərnişin avtobuslarının hərəkəti yolun qarlı və buzlu olması səbəbindən sərnişinlərin və digər nəqliyyat iştirakçıları üçün təhlükə yaradacağı müşahidə olunarsa, avtobusların fəaliyyəti müvəqqəti dayandırılmalıdır.
Qışa ümumi hazırlıq yüksək səviyyədədir
Qarlı hava şəraiti ilə əlaqədar paytaxtda və bəzi bölgələrdə təbii qazın və elektrik enerjisinin verilişində problemlərin yaranması ilə bağlı şikayətlərə aydınlıq gətirən aidiyyəti qurumlar isə heç bir problem yaşanmadığını deyib.
"Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev ölkə ərazisində hökm sürən hava şəraiti ilə əlaqədar olaraq, "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının 24 saat xidmət göstərdiklərini deyib: "Əhali tələbata uyğun olaraq təbii qazla təmin olunur. Hava şəraiti ilə bağlı hələlik nə rayonlarda, nə paytaxtda, nə də Bakıətrafı ərazilərdə təbii qazın verilməsində hər hansı bir ciddi problem yaranıb. Əgər hər hansı qəza halları baş verərsə, "Azəriqaz” İstehsalat Birliyinin Təmir-tikinti idarəsinin işçi heyəti lazımi avadanlıqlarla, maşın mexanizmləri ilə tam təmin olunub ki, baş vermiş qəzaları tam aradan qaldırsınlar”.
"Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev abonentlərin fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunduqlarını bildirib: "Hava şəraiti ilə bağlı hələlik nə rayonlarda, nə paytaxtda, nə də Bakıətrafı ərazilərdə elektrik enerjisi təminatında ciddi problem yaranmayıb. Qışa ümumi hazırlıq yüksək səviyyədədir. Maşın mexanizmlərimiz,
materiallarımız, avadanlıqlarımız, dağlıq rayonlarda və aran yerlərindəki işçi qrupumuz hazır vəziyyətdədir. Yay fəsli ərzində dayaqlar dəyişdirilib, qəzalı vəziyyətdə olan yerlər yenidən bərpa olunub. Bir sözlə desək, qışa hazırlıq üçün xeyli işlər görülüb. Nə qədər hava kəskinləşsə də elektrik enerjisinin verilməsində heç bir problem yaşanmayacaq”.
AZAL da aviareysləri təxirə salmayıb
Hava şəraitilə bağlı "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təxirə salınan reysi olmadığını vurğulayan qurumun mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib ki, bu cür hava şəraiti aviasiya üçün təhlükəli deyil:
"Ona görə də biz tam ştatda çalışırıq. Təxirə salınan reysimiz də yoxdur. Sərnişinlər aldıqları bilet üzrə uçuşlarını həyata keçirə biləcəklər”.
Güclü qar qəzalara səbəb oldu - xəsarət alanlar var
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun sözlərinə görə, yol və meteoroloji şərait nəzərə alınmadığı üçün paytaxtda bu saata qədər xəsarətlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb: "Hazırda yol polisi gücləndirilmiş iş rejimində çalışır. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyətinin Qış Qarajı ilə birlikdə yollarda fasiləsiz xidmətə başlayıb”.
V.Əsədov eyni zamanda, problemli ərazilərin nəzarətə götürüldüyünü qeyd edib: "Şəhərin yüksək hissələrində ehtiyat üçün yolların kənarlarına qum və buz topaları tökülüb, texnikalar hazırlıqlı vəziyyətə gətirilib. Hazırda yollarda vəziyyət normaldır, amma paytaxtın yüksək ərazilərində sürüşmə ehtimalları var. Sürücülər, xüsusilə Yasamal ərazisində sürüşmə ehtimalının yüksək olması səbəbindən diqqətli olmalıdırlar. Onlardan xahiş edirik ki, bu günlərdə şəxsi avtomobillərdən az istifadə etsinlər, əsasən ictimai nəqliyyata üstünlük verilsin. Zərurətdən dolayı şəxsi avtomobildən istifadə edənlər dövlət nömrə nişanlarının qarını hər 100 metrdən bir təmizləsinlər”.
Qurum rəsmisi valideynlərə müraciət edərək qarla oynayarkən uşaqlara nəzarət etmələrini tövsiyə edib: "Onların qapalı ərazilərdə oynamasını təmin etsinlər”.
Şəymən