Qarlı, şaxtalı havada dərsləri dayandırmaq da olardı
“Aşağı səviyyədə davamiyyətlə tədrisin davam etdirilməsi o qədər də effektiv deyil”
Srağagündən başlayaraq, paytaxt və bölgələrə yağan güclü qar bir çox sahələrə öz təsirini göstərib. Artıq bütün məktəblərdə şagirdlərin davamiyyəti aşağı düşüb.
Məsələ ilə bağlı Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama verib. Təhsil Nazirliyi bölgələrdə yerləşən məktəblərdə şagird sayının az olduğunu deyib. "Dağlıq və dağətəyi rayonlarımızda kəskin hava şəraitinin dəyişməsi ilə bağlı məktəblərdə davamiyyət kifayət qədər zəifləyib. Bu da daha çox hava şəraiti ilə bağlıdır. Həmin rayonların məktəbləri ilə əlaqə saxlayıb yaxın müddət ərzində hansı rayonlarda davamiyyətin kəskin aşağı düşdüyünü müəyyən edə biləcəyik. Hər bir ünvana bu barədə suallar göndərmişik. Bir azdan cavablandıracağıq”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi də paytaxtdakı məktəblərin davamiyyəti ilə bağlı məlumat verib: "Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində təlim prosesi normal şəkildə davam edir. Hava şəraitinin kəskin dəyişməsi və güclü qarın yağması ilə bağlı bəzi valideynlərin övladlarını məktəbə göndərə bilməməsi səbəbindən davamiyyət 75-80 faiz təşkil edir”.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib ki, hər il qış aylarında hava şəraitinin kəskin dəyişməsi və güclü qarın yağması ilə bağlı bəzi valideynlərin övladlarını məktəbə göndərə bilməməsi səbəbindən davamiyyət ümumi təhsil məktəblərində ciddi şəkildə aşağı düşür.
Sərt hava xəbərdarlığı edilən zaman məktəblərin bir neçə günlüyə tətil edib-etməməsi məsələsinə gəlincə isə ekspert burada diqqəti cəlb edən bir neçə nüansın olduğunu vurğulayıb: "Əvvəla onu deyim ki, Bakıda yerləşən məktəblər yaşayış yerlərinə yaxındır və şagirdlərin məktəbə getməsində nəqliyyat problemi bütün hava şəraitində o qədər də yaşanmır. Lakin valideynlər bəzən ciddi səbəb olmasa belə soyuq hava şəraitində övladlarını dərsdən yayındırırlar.
Bəs ciddi nəqliyyat problemi, yolların bərbad olduğu, məktəblərin yaşayış yerindən uzaq olan dağ, kənd rayonlarının insanları neyləsin?
Regionlarda məktəblilər ağır şərtlərlə dərsə davamlı olaraq gedirlər.
İkincisi, bildiyiniz kimi, orta məktəblərdə birinci yarım illiyin bitməsi ilə Yanvarın 27-dən başlayan 5 günlük tətil başa çatdı. Yaxşı olardı ki, Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinə redaktə xarakterli dəyişiklik edilsin və hava şəraiti normal tədrisin aparılmasına uyğun gəlmədiyi günlərdə orta məktəblər müstəqil şəkildə tədrisi dayandırmaq səlahiyyətinə sahib olsunlar. Hava şəraitinə görə dərslərin dayandırıldığı günlər növbəti həftələrin dərs olmayan şənbə, bazar və bayram günləri ilə əvəz olunsun.
Aşağı səviyyədə davamiyyətlə tədrisin davam etdirilməsi o qədər də effektiv deyil. Çünki şagirdlər bu zaman dərsdən geri qalırlar. Hətta bəzən belə havalarda müəllimlər belə dərsə gələ bilmirlər. Lakin onlar proqrama uyğun olaraq bu dərsi keçmiş kimi qeyd edib, dərsə gəldikləri zaman yeni mövzuya keçirlər”.
Bir neçə il bundan əvvəl Azərbaycanda Təhsil Nazirliyi nəzdində elektron təhsil resurslarının yaradıldığını, fəaliyyəti haqqında fərmanlar verilib, dövlət büdcəsində kifayət qədər vəsait ayrıldığını xatırladan K. Əsədov hesab edir ki, belə hava şəraitində alternativ tədris vasitələrindən istifadə edib normal tədrisi davam etdirmək olar:
"Sənəd üzərində ilk növbədə dərslərin hamısında müasir texnologiyalardan istifadə olunur. Ağıllı lövhələrdən istifadə edilir, dərslər prezentasiya şəklində izah olunur, dərslərin daha maraqlı və izahlı keçməsi üçün müəllimlər tərəfindən slaydlar hazırlanır. Neçə illərdir ki, ilin məktəbi, ilin müəllimi müsabiqəsində məktəb və müəllimlər qalib gəlib böyük məbləğdə pullar alırlar. O pullar elektron tədrisin yaradılmasına sərf olunmalı idi ki, şagirdlər dərsə gəlməyəndə məktəbin internet saytına daxil olub həmən dərsin elektron variantı ilə tanış olmalı, müəllimin dərsini dinləməli idilər. Bəs hansı məktəblərdə bu yaradılıb?
Mən təklif etmişəm ki, uşaqlar dərsə getmədən bu layihəni izləsinlər. Sadəcə, hər bir məktəbli dərsdə iştirak etməsinə baxmayaraq, nəsə yadından çıxa bilər, ev tapşırığını yerinə yetirərkən nəyisə bacarmaz və s. Bu baxımdan, həmişə onun ixtiyarında mənim təklif etdiyim yeni layihə "Dərs TV”də istədiyi mövzunun video dərsi olacaq. Şagird bütün fənlər üzrə istədiyi dərsə baxa biləcək və nəyisə başa düşməyibsə, təkrar baxmaq imkanı olacaq. Hətta, bir neçə dəfə təkrar qulaq asa biləcək. Və ya bəzən şagirdlər hansısa səbəbdən dərsə gələ bilmirlər. "Dərs TV” onlara imkan yaradacaq ki, sinif yoldaşlarından geri qalmamaq üçün proqramdan istifadə edə bilsinlər. Bu layihəyə oxşar hər il bir neçə layihəyə pul ayrılsa da, ortada real heç nə yoxdur.
Hesab edirəm ki, hava şəraitinə görə məktəblərdə tətilin davamı haqqına elan verilməsi o qədər də ciddi problemə səbəb olmaz. Çünki dünya təcrübəsində hava şəraiti şagirdlərin normal dərsə gəlməsinə imkan verməyəndə yerli icra orqanları ilə razılaşdırılma əsasında dərslər dayandırılır”.
Şəymən