“Nəvələrinə baxan nənələrə müavinət vermək əvəzinə dövlət pensiyaları artırsa, nəticə daha effektiv olar”
Türkiyədə pilot layihə fəaliyyətə başlayır. Ölkənin əmək və sosial müdafiə naziri Mehmet Müəzzinoğlunun sözlərinə görə, layihə işləyən valideynlərin övladlarına baxan nənələrlə bağlıdır. Pilot layihə həmin nənələrə ödənişlərin edilməsini nəzərdə tutur.
Nazir layihənin bu ilin martından reallaşdırılmağa başlanacağını qeyd edib.
Məqsədlərinin isə qadınların məşğuliyyətini artırmaq və onlara tam iş günü işləmək imkanı verməkdən ibarət olduğunu deyib. Pilot layihə 4 əyalətdə başlayacaq və 5000 ailəni əhatə edəcək. 6 aydan sonra, işlərin gedişindən asılı olaraq, Türkiyənin digər yerlərində də tətbiq olunacaq.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə "Şərq”ə açıqlamasında prinsip etibarı ilə layihənin təqdirəlayiq olduğunu deyib. Amma hüquq müdafiəçisi bu addımın ailə dəyərlərini zədələyəcəyini də istisna etmir:
"Əvvəla onu deyim ki, bu layihə ikibaşlıdır. Bir tərəfdən nəvələrlə nənələr arasında bir körpü yaranacaq. Anaları işləyən uşaqların təlim-tərbiyəsi ilə nənələri məşğul olacaq və onlar nəzarətsiz qalmayacaq. Amma bir məsələ də var ki, bu günə qədər öz nəvələrinə baxan nənələr də artıq maddiyyat güdəcəklər. Əgər bu pilot layihə özünü doğrultsa, heç bir qadın öz nəvəsinə müavinətsiz baxmayacaq. Ola bilsin ki, bir neçə ildən sonra layihənin maliyyələşdirilməsi dayandırılsın. Bəs o zaman nə olacaq? Dövlət pulu vermir deyə nənələr nəvələrinə baxmaqdan imtina edəcək?”.
Bu layihənin Azərbaycanda həyata keçirilmə ehtimalına gəldikdə isə M.Zeynalovanın sözlərinə görə, nəvələrinə baxan nənələrə müavinət vermək əvəzinə dövlət pensiyaları artırsa, nəticə daha effektiv olar:
"Onsuz da əksərən işləyən gəlinlərin uşaqlarına qayınanaları baxır. Əgər evdə nənə varsa və işləmirsə, heç bir qadın dayə tutmur. Nənələr sevə-sevə öz nəvələrini böyüdüb, tərbiyə edirlər. Bunun üçün də pensiyalar artırılmalıdır ki, nənələr öz nəvələri ilə vaxt keçirə, onlarla birlikdə səyahət edə bilsinlər. Amma Türkiyə nəyə görəsə daha fərqli, nisbətən qəliz model seçdi. Ona görə qəliz deyirəm ki, bu pilot layihə düzgün istiqamətləndirilməsə, ailə münasibətlərində xoşagəlməz nəticələrə yol aça bilər. Bir müddət sonra övlad anasına qarşı "Dövlət mənim uşağıma görə sənə filan qədər pul verir, amma sən yaxşı baxmırsan”, "Uşağımın üstünə niyə qışqırırsan, pulunu ki alırsan” kimi ittihamlar da irəli sürə bilər. Maddiyyat istənilən münasibətləri zədələmək iqtidarındadır. Türkiyənin həyata keçirdiyi bu layihədə isə artıq nənələr doğma biri yox, daha çox dayə xarakteri daşıyacaq. Halbuki nənə missiyası tamamilə başqadır. Bir növ keçmişi gələcəyə ötürən bir körpüdür. Azərbaycan hər nə qədər dünyəvi ölkə olsa da, müəyyən dəyərlər sisteminə sahibdir. Bu dəyərlər arasında isə bizi ən çox sevindirən icma xarakterli ailələrin olmasıdır. Xüsusən də bizdə ailənin bütün üzvləri biri-birinə dəstək olur, çətin günlərin öhdəsindən birlikdə gəlirik. Hər halda Türkiyə bu addımı atıb və biz də real nəticələrə baxıb, bir dəyərləndirmə aparmalı və ancaq ondan sonra bu sistemin Azərbaycanda tətbiqi ilə bağlı müəyyən müzakirələr aparmalıyıq”.
Şəymən