"Tələblərə cavab verməyən saytlar sıradan çıxacaq" - Aydın Quliyev




"Ölkəmizdə media orqanlarının qeydiyyatdan keçməsində və fəaliyyətində tam liberal mühit yaradıldığına görə KİV-lərin sayı sürətlə çoxalıb”.

Bunu Sherg.az-a dövlət qeydiyyatına alınan Kütləvi İnformasiya Vasitələrinin sayının çoxalmasından danışarkən "Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

O bildirib ki, KİV-lərin sayının artması daha çox ötən illərdə qeydiyyata alınan media orqanlarının hesabına baş verir:

"Son bir neçə ildə daha çox elektron informasiya portalları fəaliyyətə başlayıb. Çap mediası ilə bağlı qeyd etməliyik ki, qeydiyyata alınma məsələsində liberal mühit olduğuna görə,əvvəllər qəzet və jurnalların sayında yüksək artım var idi. Amma bu gün tədricən ələnmə prosesi gedir. Elektron medianın qeydiyyatdan keçənləri arasında normal fəaliyyəti ilə seçilənlər olduqca azdır. Düşünürəm ki, zamanla bunlar bir az da ələnəcək. Beləliklə, əsl çap mediasının qayda qanunlarına əməl etmək istəyən və əməl edən media orqanları gündəmdə öz mövqelərini qoruyub saxlayacaqlar. Digərləri isə qeydiyyatdan keçmələrinə baxmayaraq, mexaniki olaraq dövriyyəni tərk edəcəklər”.

A.Quliyev deyib ki, elektron media orqanlarının artmağının keyfiyyətə təsir etməsi məsələsində bir çox həmkarları ilə razılaşır. Onun sözlərinə görə, xüsusilə internet informasiya vasitələrinin fəaliyyətinin tənzimlənməsində normativlərin qəbul olunmasına ehtiyac yaranıb:

"Bu qeyd etdiyim kimi media orqanlarının qeydiyyatdan keçirilməsində liberallığın təmin olunmasından irəli gəlir. Düzdür, belə qaydaların tətbiqi media azadlığı baxımından beynəlxalq ictimaiyyətdə Azərbaycana baş ucalığı gətirir. Amma internet medianın sayının hədsiz çoxalması dövlətin və milli təhlükəsizliyin təhdid altına düşməsini də gündəmə gətirir. Keyfiyyət məsələsi öz-özünə tənzimlənə bilər. Çünki saytların sayı çox olsa da, cəmiyyət daha çox sanballı saytlara üstünlük verib, onların fəaliyyətini izləməyə başlayacaq. Tələblərə cavab verməyən elektron informasiya portalları sıradan çıxacaq. Fikrimcə, burada dövlət təhlükəsizliyinə və milli təhlükəsizliyə təhdid yaradan amillərdən söhbət gedirsə, elektron medianın fəaliyyətinin tənzimlənməsinə ehtiyac var. Ümid edirəm ki, dövlət bu barədə ölçü götürəcək”.

Qeyd edək ki, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin ötən günlərdə baş tutan geniş kollegiya iclasında dövlət qeydiyyatına alınan KİV-lərin sayının 5 100-ü ötməsi barədə statistika açıqlanıb.

Aysel Aslan