"Rusiya yaxşı bilir ki, Dağlıq Qarabağ probleminin həllində belə gedişatın sonu lokal müharibə ilə nəticələnə bilər”.
Bunu Sherg.az-a Minsk qrupunun rusiyalı həmsədri İqor Popovun Almaniyada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi barədə təklifinə münasibət bildirərkən politoloq Arzu Nağıyev deyib.
O düşünür ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun "Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil" bəyanatından sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü labüd idi:
"Nazirlərin görüşü baş tutduqdan sonra isə belə anons yayıldı ki, məsələnin yenidən çözülməsi ilə bağlı mütləq, Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşməlidir. Qeyd etməliyik ki, Azərbaycan hərtərəfli sülh danışıqlarına hər zaman hazırdır. Və bu istiqamətdə beynəlxalq təşkilatların təkliflərinə də müsbət rəy verib, sülhün bərqərar olmasına çalışır. Bununla belə, torpaqlarımızın hərbi əməliyyatlar vasitəsilə azad edilməsi məsələsi daim gündəmdədir və bu variantı heç zaman kənara qoymuruq.
Məlumdur ki, işğalçı dövlətdə müəyyən siyasi problemlər yaşanır, aprelin 2-də isə parlament seçkiləri keçirilməsi nəzərdə tutulub. Düşünürəm ki, Ermənilərin seçki platformasında da müəyyən dəyişiklik olmalıdır. Bu fonda Ermənistanın ən böyük kartı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində olan kartdır. Buna görə, rəsmi İrəvan özü də bu görüşə gedəcəkdir. Eyni zamanda Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğunu unutmamalıyıq. Yeni seçiləcək rəhbərliyin rotasiya məsələsi də hazırda gündəmdədir. Onlar bundan da istifadə etməlidir. Bu səbəbdən xarici işlər nazirlərinin görüşləri mütləq lazımdır ki, detallara aydınlıq gətirilsin”.
A.Nağıyev əlavə edib ki, hər dəfə Ermənistanın danışıqlardan yayınması erməni siyasi elitasının özündə də birmənalı qarşılanmır. Bu məsələnin onlar üçün çox acınacaqlı bitəcəyini anlayırlar:
"Bütün bunları nəzərə alaraq, görüşün keçirilməsinin vacibliyini vurğulamalıyıq. Görüşlərdə konkret məsələlərə aydınlıq gətirmək lazımdır. Ermənistan işğal olunmuş torpaqlarda saxladıqları əsgərimizin nəşini də qaytarmır, bu istiqamətdə müəyyən siyasi gedişatlar edir. Bu problemin həllinin təmin edilməsi üçün Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü mütləq lazımdır”.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşməsi ehtimalından danışıb. O, bildirib ki, həmsədrlər fevralın ortalarında keçiriləcək Münhen təhlükəsizlik konfransı çərçivəsində nazirlərin görüşünü təşkil etməyə hazırdır.
Aysel Aslan