"Ukraynada yaranmış vəziyyət Cənubi Qafqazdakı hadisələrə bənzəyir”.
Bunu Sherg.az-a Donbasda münaqişə tərəflərinin fevralın 5-dək ağır silahları geri çəkməyə dair razılaşmasını dəyərləndirərkən politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında da Ukraynada olduğu kimi sülh vəziyyəti yoxdur:
"Çünki Ermənistan işğal altındakı torpaqları boşaltmır və cəbhə bölgəsində vəziyyəti gərginləşdirir. Eynilə, Ukrayna bölgəsində həmin şərait hökm sürür. Qarabağdakından fərqli olaraq, Donbasda atəşkəsin müddəti elə də uzun deyil. Cəmi iki ildir atəşkəs elan olunub və zaman-zaman pozulur. Çünki hər tərəfin özünün maraqları var. Ukrayna haqlı olaraq, öz ərazi bütövlüyünü təmin etməyə çalışır. Separatçılar isə bəzən əks hücum təşkil etməklə daha çox torpaq əldə etməyə cəhd göstərirlər. Hazırda bütövlükdə Donbas separatçıların nəzarətində deyil. Mən həmin regionda olduqda müşahidələrimdə görürdüm ki, məsələn, separatçılar strateji şəhər olan Mariupol şəhərini və ətrafını ələ keçirmək istəyir, Ukrayna ordusu da buna əks hücumla cavab verir. Fikrimcə, baxmayaraq ki, ATƏT-in vasitəçiliyi ilə müəyyən razılaşmalar əldə olunub, bu razılaşmalara riayət edilməyəcək. Separatçıların daxilində müəyyən qüvvələr var, həmçinin, Ukrayna ordusu hələ tam formalaşmayıb. Onun da içərisində hətta millətçi qruplar var ki, onlar da torpaqlarının işğal altında olması ilə barışmırlar. Hətta komandanlığın əmri olmadan da separatçılara qarşı hücumlar təşkil edirlər. Düşünürəm ki, bu proses uzun müddət davam edəcək. Ona görə, Ukraynada atəşkəsə riayət etmək çətin məsələdir”.
E. Şahinoğlu əlavə edib ki, atəşkəsin beynəlxalq səbəbləri də var. İki il öncədən fərqli olaraq, Ukraynaya, onun problemlərinə maraq azalır:
"Barak Obamanın hakimiyyəti dövründə Ukraynaya böyük dəstək göstərilirdi. Avropadan da eynilə, Ukrayna problemlərinin həllinə daha duyarlı mövqe sərgilənirdi. Hazırda Amerika prezidenti Donald Trampdır və Ukrayna məsələsi onun marağında deyil. Prezident əksinə Rusiya ilə beynəlxalq terrorçulara qarşı birlikdə mübarizə aparmaq üçün yaxınlaşmaq istəyir. O cümlədən Avropada da Ukraynaya maraq getdikcə azalır. Diqqətdən kənarda qaldıqca, Ukrayna hakimiyyəti ehtiyat edir ki, torpaqların işğal altında olması faktı Qərbin diqqətindən yayına bilər. Bu səbəbdən Ukrayna ordusu zaman-zaman separatçıları cəzalandırır, yenidən dünyanın diqqətini o bölgəyə cəlb etməyə çalışır”.
Qeyd edək ki, ATƏT-in xüsusi nümayəndəsi Martin Saydik Donbasda münaqişə tərəflərinin fevralın 5-dək ağır silahları geri çağırmağa razılaşdığını bəyan edib.
Aysel Aslan