Bayram yaxınlaşdıqca bazar süni-saxta düyülərlə dolub




Plov nəinki Novruz bayramının, ümumiyyətlə, bütün bayram süfrələrinin şahı hesab olunur. Amma elə bir zəmanəyə gəlib çıxdıq ki, plovu da ürəklə yeyə bilmirik. Onun nə cür düyüdən hazırlandığını, plov adı altında mədəmizə nə ötürdüyümüzü bilmədiyimizdən.

Plovu ki, şübhə içində, düyüyə quzu qurda baxan kimi yedin, daha onun nə ləzzəti?! Bu şübhələr də son bir neçə ildə artmağa başladı. Bir neçə il əvvələ kimi çoxumuz "Xan”, "Şahənşah”, "Mümtaz”, "Sultan” düyülərini alıb bəh-bəhlə bişirir, hələ öyünürdük də ki, nə gözəl aş süzmüşük. Düyü dənə-dənə qalıb, əzilməyib.

Sən demə, fırıldaqçılar düyü bişirən xanımların "başını bişirirmiş”. Süni - saxta düyü istehsal edib, bazara ötürür, camaat da görünüşünə, dənəvər qalmasına aldanıb alırmış. Son zamanlar "indi ən asan yemək plovdur. Düyünü tök qazana, qaynat, nə qədər qaynasa da, əzilmir, biri-birinə yapışmır. Arvadın üzünü ağ eləyir” fikri əsassız yaranmayıb. Amma üzümüzü "ağ eləyən” düyünün mədəmizin və ümumilikdə sağlamlığımızın başına hansı oyunlar açdığını təxmin etmək o qədər də çətin deyil.

Belə şayiələr gəzir ki, "süni” deyilən düyülər əsasən nişastadan və undan hazırlanır, tərkibinə sintetik materiallar və plastik maddələr qatılır. Bu düyülər əsl düyüdən daha şəffafdır, bişərkən əzilmir. Deyilənə görə, hazırda satışda olan düyülər əsasən Çindən gətirilir, amma burada

Hindistan, Pakistan düyüsü adı altında qablaşdırılır. Bazarda məşhur İran düyüsü tapmaq isə ümumiyyətlə mümkün deyil. Çünki İran düyü ixracına qadağa qoyub.

Yerli düyünü də bazarda tapmaq çətindir. Birincisi, azdır ona görə. İkincisi də qiyməti bahadır. Sadə azərbaycanlının cibinə uyğun deyil. Əmək haqqına göz dikmiş ailə 8 manatlıq düyünü necə alsın?! Məcburdur, marketdən 3-4 manata "Məhəbbət”, ya da "Tamaşa” düyüsü almağa. Bəs saxta düyünü əsl düyüdən necə ayırd etmək olar?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, əsl düyünü zahirən görkəminə, ətrinə, bişdikdə isə nəticəyə uyğun ayırd etmək olur:

- Əsl düyülər ağappaq qar kimi olmur. Rəngi bir qədər tünd, qarışıq sarımtıl-boz olur. Düyülər hamısı sanki dəzgahdan çıxmış kimi eyni ölçüdə deyil, fərqli boyda, ölçüdə olur. Biri xırda, biri orta boylu, yan yörəsi əyri-üyrü. Əsl düyünün ətri də gözəldir. Bişdikdə isə əsl düyülər həlim salır, saxta düyülər kimi tez bişmir, suda bir qədər qaynadıqdan sonra yumşalır. Dadından da bilinir ki, keyfiyyətli düyüdür. Biz hər zaman bildirmişik ki, keyfiyyətsiz məhsulun keyfiyyətli adı altında satılması istehlakçı hüquqlarının pozulmasıdır. Bazarlarda süni düyülərin olması təəccüblü deyil. Süni kürü də var və Azərbaycanda da istehsal olunur. Onun balıq kürüsü ilə heç bir əlaqəsi yoxdur. Müəyyən standartlar və texniki şərtlər əsasında istehsal olunur və satılır. Bu cür də süni düyü var. O da xüsusi texnologiya ilə istehsal olunur. Bu, mürəkkəb bir şey deyil, sadəcə, nişastadan, qırılmış düyülərin una çevrilib qatılmasından və digər qida maddələrindən hazırlanan süni düyü istehsalı mövcuddur. Lakin o düyülərin içində plastik olması, kimyəvi maddələrin olması istisna olunur. Belə bir şey mövcud deyil. Bu düyülər müxtəlif qida üçün yararlı olan maddələrdən hazırlanır və insan həyatı üçün təhlükəli deyil. Azərbaycanda da belə düyülərin olması istisna olunmur. Lakin istehlakçıların aldanmaması üçün gərək həmin düyünü satanlar onun süni düyü olması haqqında alıcıya məlumat versinlər. Əks halda, bu, istehlakçıların aldadılması kimi başa düşülür. Bu da cinayət tərkibli əməldir. Amma harda görünüb ki, satıcı məhsulun saxta olduğunu desin. Kimdən soruşursan, başlayır malını tərifləməyə. Deyirlər, Hindistan düyüsüdür, Pakistan düyüsüdür və s.

Düyünün yaxşısını pisindən ayırd etməyə gəlincə, E.Hüseynov bunun ən sadə yolunun düyünü cücərtmək olduğunu dedi:

- Bir qaba bir neçə ədəd düyü qoyub üzərinə su əlavə edirsən, bir neçə gün keçir, əgər düyü cücərdisə, deməli, saxta deyil, yox əgər cücərməyibsə, deməli, saxtadır. Bəzi alıcılar məhsulun xarici görünüşünə, brendə aldanır. Reklamçılar hansısa düyünü reklam edir, sadəlövh camaat da elə düşünür ki, reklam olunursa, deməli, yaxşıdır. Saxta düyülər yerli düyülərdən ucuz olduğundan alıcı bəzən ona üstünlük verir. Amma unutmaq lazım deyil ki, mədəmiz zibil yeşiyi deyil. Az olsun, saz olsun. Keyfiyyətli düyüdən hazırlanmış plovdan az miqdarda yemək keyfiyyətsiz, saxta düyünün plovunu iki boşqab yeməkdən daha faydalıdır. Mən əhaliyə yerli istehsal olan düyülərimizdən - Astara, Lənkəran, Şəki bölgəsinin düyüsündən almağı məsləhət görürəm.

Məlahət Rzayeva