"İran rəhbəri Ermənistanın işğalçı dövlət kimi tanısa, Azərbaycan torpaqlarından çıxmalı olduğunu bəyan etsəydi, onda bu görüşün ən gözəl nəticəsi olardı”.
Bunu Sherg.az-a Azərbaycan prezidenti İlham Əliyevin İran səfərinin nəticələrini şərh edərkən "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.
O bildirib ki, İranın Azərbaycan problemlərinə münasibəti dəyişmədiyindən bu tip görüşlərdən qeyri-adilik, fərqlilik gözləməyə ehtiyac yoxdur:
"Prezidentlər arasında iki sənəd imzalanıb. Bu sənədlərdən biri çirkli pulların yuyulması haqqında, ikincisi isə Astara-Astara dəmir yol xəttinin çəkilməsi ilə bağlıdır. Azərbaycan prezidenti İran ali rəhbəri ilə görüş keçirib. Bu görüş iki prezident arasında 3 il ərzində 8-ci görüşdür. Prezident İlham Əliyev 3-cü dəfədir ki, İrana səfər edir. Bakıda baş tutan ötən görüşdə tərəflər arasında on səkkiz sənəd imzalanmışdı. Bu dəfə isə 2 sənəd imzalanıb. Hesab edirəm ki, Azərbaycanla İran arasında daha çox iqtisadi-ticarət əlaqələrin genişləndirilməsi, eyni zamanda nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsinin sürətləndirilməsi, Azərbaycanın İrandan keçən beynəlxalq perspektivli layihələrə qoşulması kimi məsələlər müzakirə olunub”.
Azərbaycan rəsmilərinin bütün beynəlxalq təşkilatlardakı çıxışlarında, ikitərəfli görüşlərdə bir qayda olaraq, torpaqlarımızın işğalını diqqətə çatdırdığını deyən S. Soltan bildirib ki, bu görüşdə də prezident İlham Əliyev həmin problemə toxunub:
"İran isə əvvəlki illərdən fərqli olaraq, buna o qədər də əsaslı yanaşmayıb. Həsən Ruhaninin Azərbaycanın ərazi bütövlüyü məsələsini dilinə gətirməməyi, üstəgəl, onun işğalçını göstərməməsi nəticənin əldə olunmasına şərait yaratmır. İran rəhbərliyi ümumiyyətlə, bütün görüşlərdə Azərbaycan torpaqlarını işğal edən Ermənistanın adını çəkmir. Sadəcə olaraq, məsələnin dinc yolla həll olunmasını, atəşkəsə əməl edilməsini deyir. Bu iki məsələni biz də istəyirik. Azərbaycan ərazisini işğal etmiş qüvvələr torpaqlarımızdan çıxarılsın, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun, atəşkəsə əməl olunsun. Azərbaycanın müttəfiqi olan dövlətlər işğalçı dövlətin adını çəkir. Amma İran heç vaxt Ermənistanın işğalçı olduğunu, Azərbaycan ərazilərindən çıxıb getməli olduğunu dilinə gətirmir. Əksinə, İran tərəfi davamlı sürətdə Ermənistanla əməkdaşlığı genişləndirir. Bu isə onun işğalçılıq siyasətini davam etdirməsinə dəstəkdir. Hesab edirəm ki, İranın bu mövqeyi Azərbaycanın güclənməyini istəməməyindən irəli gəlir. Ümumi nəticə olaraq, səfər daha çox iqtisadi-ticarət əməkdaşlığın gücləndirilməsinə yönəlib”.
Qeyd edək ki, prezident İlham Əliyev martın 5-də İrana səfər edib. İran prezidenti Həsən Ruhaninin dəvəti ilə reallaşdırılan səfər müddətində iqtisadiyyat və digər sahələrlə bağlı sənədlər imzalanıb.
Aysel Aslan