“Cavab gözləyirəm...”

Rafiq Hüseynov: “Görək, konsiliumda həkimlər nə qərara gələcək”

Azərbaycanın dəyərli insanlarından biri - tanınmış diktor, Respublikanın xalq artisti Rafiq Hüseynovun xəstələnməsi ölkə ictimaiyyətini sarsıdıb. Rafiq Hüseynov xalqımızın dəyər verdiyi, hörmət bəslədiyi, sevdiyi şəxslərdəndir. O bu gün də Azərbaycan televiziyasının, Azərbaycan efirinin siması və Azərbaycanın səsi sayılır. "Azərbaycanın səsi” ifadəsi, bəlkə də bəzilərində musiqi, ifa sənəti assosiasiyası yarada bilər. Rafiq Hüseynov Azərbaycanı həm görünüşü, kişi cazibəsi, danışıq tərzi və səs tembri ilə tanıdan şəxsdir. Uzun illər həmin cazibəli baxışlar və çəkici səs insanları ekran başına kilidlədi.

Orta nəsil Rafiq Hüseynovun ekranda göründüyü illəri yaxşı xatırlayır. Rafiq Hüseynov və Roza Tağıyeva. Bu diktor tandemi uzun illər Azərbaycan efir məkanının ən uğurlu cütlüyü oldu. Ən ciddi xəbərləri səsləndirmək onlara - xüsusən də kişi səsinə üstünlük verilərək Rafiq Hüseynova tapşırıldı. Hətta Yeni il şənliklərində "Mavi işıq”larda hər kəsin nəzərləri ekranda Rafiq Hüseynovu axtarırdı. Sanki Rafiq Hüseynov əlində qədəh "Yeni iliniz mübarək” deməsəydi, yeni il gəlməyəcəkdi.

İndi bu sevimli insan xəstələnib... Qayğıya, dəstəyə, xoş arzulara ehtiyacı var. Hamımız xəstələnirik, ağır günlərimiz olur. Və bilirik ki, belə vaxtlarda iki kəlmə xoş söz, mehriban yanaşma insanı necə həyata bağlayır.

Nəzərə alsaq ki, Rafiq Hüseynov bütün xalqın sevimlisidir, ona ünvanlanmış duaların bu günlər daha çox olması şübhə doğurmur.

Dünən Rafiq müəllimlə təkrar əlaqə saxlayıb, sağlıq durumu və müalicə məsələləri ilə bağlı yeniliklərin olub-olmamasını öyrəndik.

Rafiq müəllim bildirdi ki, sabah (bu gün - red.) konsilium olacaq. Başda akademik Əhliman Əmiraslanov olmaqla həkimlər yekun rəylərini bildirəcək. Türkiyədən də mütəxəssis dəvət edilib və artıq Bakıdadır. O da öz fikrini bildirəcək. Xatırladaq ki, R.Hüseynovun ağciyərində xərçəng xəstəliyi aşkarlanıb. Xəstəliyin ən yaxşı Almaniyada müalicə edildiyi bildirilir. R.Hüseynov isə "bunun üçün çoxlu pul lazımdır. Hansı ki, mən ömrümdə o qədər pul görməmişəm” açıqlamasını verib.

R.Hüseynov bizimlə söhbətində xarici ölkələrdən birində müalicə olunmaq variantı üzərində düşündüyünü də dedi:

- Görək, konsiliumda həkimlər nə qərara gələcək. Amma İran, Türkiyə variantı da istisna deyil. Hələ cavabı gözləyirəm.

Görkəmli insanın sənət dostlarını da aradıq. Onların ürək sözlərini həmkarlarına çatdırmalarını istədik.

"Şərq”ə danışan tanınmış diktor, xalq artisti Sabir Ələsgərov əziz dostunun xəstəlik xəbərindən məyus olduğunu dedi:

- Biz Rafiq müəllimlə 30 ildən çox bir yerdə işləmişik. Hamının ona böyük hörməti olub. Uşaqdan-böyüyə hamının sevimlisi olub. Çox yaxşı insandı, yaxşı yoldaşdı, dostdu. Həmişə arzu edirdim ki, Rafiqin ailəsi olsun. Şükür ki, ailə qurdu, övladı dünyaya gəldi. Bundan sonra da mən ona xoş günlər diləyirəm, Allah eləsin, bu xəstəlik ondan yox olub getsin.

S.Mirzəyev R.Hüseynova dövlət səviyyəsində dəstəyin vacib olduğunu dedi:

- Mənə çatan məlumata görə, Rafiqin dostları bu işlə məşğuldur. Bizim çox yaxşı dostlarımız var. Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Oqtay Mirqasımov Rafiqin müalicə olunmaq məsələsini diqqətdə saxlayırlar. Eşitmişəm ki, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya müraciət etmək istəyirlər. Yəqin ki, dövlətimiz bu işi üzərinə götürəcək. İnanıram ki, Rafiq Hüseynov kimi xalqın sevimlisi olan bir insanın müalicə məsələlərinə dövlətimiz biganə qalmayacaq. Rafiq müəllimə Allahdan şəfa diləyirəm.

Sevilən diktorumuz Ofelya Sənani də Rafiq Hüseynova cansağlığı arzuladı və ona mütləq kömək edilməli olduğunu dedi:

- Ona kömək etmək lazımdı. Rafiq müəllim bizim ən yaxşı diktorumuzdu. Xalq onu sevib. Hər adam xalqın sevgisini qazana bilmir. Amma Rafiq Hüseynovu hamı sevir. Ona mütləq kömək edilməlidir. Hayıfdı... Gərək onu itirməyək. Rafiq müəllim indi də çalışır, cavanlara dərs keçir. Məni də dəvət edirlər ki, gəl, master-klass keç. Amma səhhətim imkan vermir. Başa sala bilmirəm ki, sağlıq durumum buna icazə vermir. İnsult keçirmişəm. Bir gün yaxşı oluram, iki gün pis. Prezident təqaüdçüsüyəm, bu təqaüdün hesabına dərmanlarımı alıram. Amma Rafiq müəllim heç Prezident təqaüdçüsü də deyil. Mən Rafiqi yaxşı başa düşürəm. Bu xəstəlik çox pul tələb edir. O xəstəliyin dərmanları respublikada olmayan dərmanlardı. Çox bahalıdırlar. Lap Rafiq müəllim burada əməliyyat olunsa da, yenə də onun maddi dəstəyə ehtiyacı olacaq. Mən Əhliman müəllimə çox inanıram. Bizim həkimlərin də səriştəsinə, təcrübəsinə söz ola bilməz. 5 il əvvəl qızımı Əhliman müəllim əməliyyat elədi, onu mənə və həyata qaytardı. Ona görə də mən Əhliman müəllimə çox minnətdaram. Amma deyilənə görə, Almaniyada ağciyərdəki şişi kəsib götürürlər. Orada bu işin mütəxəssisləri var. Bəlkə buna görə Rafiq müəllimə Almaniyada əməliyyat olunmağı məsləhət görürlər. Bunun üçün də vəsait lazımdır. Rafiq müəllimin çox yaxşı dostları var. Xalq rəssamı Fərhad Xəlilov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət hazırlayıb. Biz xalq artistləri də müraciəti imzalamışıq. Mən inanıram ki, Mehriban xanım Rafiq Hüseynovun əməliyyatı və müalicəsi olunmasına diqqətlə yanaşacaq. Ümidim təkcə Mehriban xanımadır. Qayğıkeş xanımdır, hər şeyi başa düşəndir. Mədəniyyətimizin, milli dəyərlərimizin mühafizəsi, inkişafı yolunda çalışır. Rafiq Hüseynov da Azərbaycan xalqının sevimlisidir. Azərbaycan televiziyasının, diktorluq məktəbinin inkişafında onun böyük rolu var. İnanıram ki, dövlətimizin köməyi ilə sağalacaq. Biz hamımız ona tezliklə sağalmasını arzulayırıq.

Ofelya xanım söhbətimizin sonunda Roza Tağıyevanın da Rafiq müəllimin xəstəliyi barədə məlumatlı olduğunu və ona şəfa arzuladığını dedi.

Mədəniyyət və Turizm Nazirliyinin baş məsləhətçisi Zöhrə Əliyeva da "Şərq”ə açıqlamasında tanınmış diktor, Xalq artisti Rafiq Hüseynovun xəstəliyi barədə məlumatlı olduqlarını bildirdi:

- Rafiq müəllimin xəstəliyi barədə məlumatlıyıq. Yəqin ki, dostları onunla maraqlanır. Mən inanıram ki, Rafiq müəllimə heç kim biganə qalmayacaq. İnsani müdaxilə, hər hansı dəstək lazım olarsa, əlbəttə, nazirlik də kömək göstərməyə hazırdır. Biz hamımız Rafiq müəllimin məktəbini keçmişik. Bütün televiziya işçiləri, kino xadimləri onun xətrini istəyir, ona dəyər verirlər. Rafiq müəllim əsl məktəbdi. İnanıram ki, ona gərəkən diqqət və dəstək göstəriləcək.

"Şərq” qəzetinin baş redaktoru və qəzetin kollektivi Rafiq Hüseynova Uca Allahdan şəfa diləyir, tezliklə sağalıb yenidən efirə və Azərbaycanın səs məkanına qayıtmasını arzulayır. Səsiniz həmişə gəlsin, Rafiq müəllim!