Kreml hesab edir ki, Azərbaycanla təhlükəsizlik məsələlərinə dair əməkdaşlıq güclənərsə, bölgəyə terrorçu axınının qarşısını xeyli dərəcədə almaq mümkün olar
Patruşevin Bakıda müzakirə etdiyi mövzular daha aktual idi
Prezident İlham Əliyev aprelin 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident deyib ki, Azərbaycan-Rusiya arasında təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıq ümumilikdə əlaqələrimizin uğurlu inkişafının əsasını təşkil edir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ilə Rusiyanın həyata keçirdiyi daimi təmaslar və bir çox məsələlərin birgə həlli böyük önəm daşıyır. Prezident əminliyini ifadə edib ki, Patruşevin ölkəmizə səfəri qarşılıqlı fəaliyyətin, təhlükəsizlik sahəsində əməkdaşlıq işinə öz töhfəsini verəcək. Nikolay Patruşev isə bildirib ki, Azərbaycan və Rusiya dövlət başçıları arasında olan xoş münasibətlər digər qurumların da səmərəli fəaliyyətinə təkan verir. Əlaqələrin inkişafında təhlükəsizlik məsələlərinin böyük rol oynadığını deyən qonaq vurğulayıb ki, təhlükəsizlik təmin olunarsa, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın inkişafında da problem olmaz.
Xatırladaq ki, Patruşev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə də görüşüb və regiondakı problemləri müzakirə ediblər.
Mövzu ilə bağlı "Şərq”ə danışan Qabil Hüseynli deyib ki, Patruşevin Azərbaycana səfəri yerində atılmış addımdır. Çünki Təhlükəsizlik Şurasının baş katibi bundan öncə Ermənistana səfər edib və siyasi rəhbərliklə müzakirələr aparıb:
"Onun düşmən ölkəyə səfəri seçkiqabağı dövrə təsadüf edirdi. Çox güman ki, tərəflər arasında bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi də müzakirə mövzusu olub. Ancaq Azərbaycanda müzakirə ediləsi mövzular daha çox və aktual idi. Vurğulamaq lazımdır ki, Sankt-Peterburq şəhərində baş verən hadisədən sonra Moskva hökumətinin terrorla mübarizə siyasəti ciddiləşib. Rusiya terror aktının yenidən baş verməməsi üçün ciddi çalışır. Kreml hesab edir ki, Azərbaycanla təhlükəsizlik məsələlərinə dair əməkdaşlıq güclənərsə, bölgəyə terrorçu axınının qarşısını xeyli dərəcədə almaq mümkün olar.
Moskva düşünür ki, Orta Asiyadan gələn terrorçular Azərbaycan və ya Türkiyə vasitəsi ilə Rusiyaya keçirlər. Ona görə də Azərbaycanın geo-strateji əhəmiyyəti hər zaman Rusiyanı düşündürür. O baxımdan güman edirəm ki, təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib. Şübhəsiz ki, Dağlıq Qarabağ məsələsində də müzakirələr aparılıb. Rusiya artıq başa düşür ki, Ermənistanın danışıqlar masasından çəkilməsi Moskvanın prosesə müdaxiləsi ilə əlaqələndirilir. Bu isə Rusiyanın dünyadakı imicinə ciddi zərbə vurur”.
İsmayıl