Bəzi qruplar ÜAK-ın fəaliyyətinə maneə törətmək istəyirlər

Məsələnin ciddi şəkildə araşdırılmasına ciddi ehtiyac var


Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvinə dair iclası təxirə salınıb. Məlumata görə, Ədliyyə Nazirliyinin nümayəndəsi iclasa gəlmədiyi üçün proses aprelin 25-nə təyin olunub. Nazirlikdən verilən açıqlamaya görə, ÜAK fəaliyyəti sırasında Rusiya qanunvericiliyini pozub:
"Rusiya Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən nəzarət-təftiş tədbirləri zamanı ÜAK-ın Rusiya qanunvericiliyini, eləcə də öz nizamnaməsinin müddəalarını pozduğu aşkarlanıb”. Qurumdan bildirilib ki, nazirlik müvafiq qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Ancaq pozuntular aradan qaldırılmayıb. 

Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən siyasi ekspert Elçin Mirzəbəyli deyib ki, məhkəmə qərarının təxirə salınması nazirlik nümayəndəsinin iclasa gəlməməsi ilə bağlıdır. Ancaq Ədliyyə Nazirliyi nümayəndəsinin məhkəməyə hansı səbəblərdən qatılmadığını bilmirik: 

"Ola bilsin, nazirlikdə bununla bağlı vacib müzakirələr davam etməkdədir. Bir məqamı nəzərə çatdırım ki, nazirliyin konkret müraciəti sayəsində məhkəmənin sadəcə iki qərar qəbul etmək hüququ var. Ya ÜAK-ın qeydiyyatı ləğv olunacaq, ya da müraciət rədd ediləcək. Məhkəmənin alternativ qərar qəbul etməsi mümkün deyil. Diaspora təşkilatları ilə bağlı qərarları ancaq Ədliyə Nazirliyi verə bilər. Ancaq maraqlı burasıdır ki, nazirlik indiyə qədər Konqresin fəaliyyəti ilə bağlı hansısa qərar qəbul etməyib. Əgər ciddi qanun pozuntusu var idisə, o zaman nazirlik ÜAK-a xəbərdarlıq etməli və səhvi düzəltmək üçün vaxt verməli idi. Məncə, bu prosedur həyata keçirilməyib və nazirlik özü qanun pozuntusuna yol verib”.

Politoloq bildirib ki, məsələnin siyasi aspektlərini bir neçə tərəfdən dəyərləndirmək lazımdır: 

"Rusiya ənənəvi şəkildə Azərbaycana qarşı təzyiq metodlarından istifadə edir. Doğrudur, indiki məqamda siyasi hakimiyyəti hədəf göstərmək üçün əlimizdə əsas yoxdur. Ola bilsin, hansısa qrupların bu işdə marağı olub. Görünür, bəzi qüvvələr ÜAK-ın normal fəaliyyətinə maneçilik törətmək istəyirlər. Məsələnin ciddi şəkildə araşdırılmasına ciddi ehtiyac var. Sözün açığı, indiki halda belə bir qərarın qəbul olunacağını gözləmirəm. Lakin ehtimallar az olsa da, Rusiyadan hər şey gözləmək mümkündür”.

İsmayıl