Dünən Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.
İclasda Azərbaycanda bələdiyyələrin yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı məlumatları dövlət reyestrindən ödənişsiz əldə edə bilmələri ilə bağlı məsələ müzakirə edilib. Toplantıda komitə sədri Arif Rəhimzadə ilə deputat Fəzail İbrahimli arasında mübahisə düşüb.
F.İbrahimlinin replikası komitə sədrinin iradına səbəb olub, nəticədə mübahisə yaranıb. F.İbrahimli əvvəlcə A.Rəhimzadənin müzakirə olunan məsələni tələsik təqdim etdiyini deyib: "Biz bura niyə yığışmışıq? Hər şey belə hazır gəlib və qəbul olunursa, o zaman bizim burda nəsə deməyimizin heç bir mənası yoxdur. Biz deputatların dediyi onsuz da nəyi dəyişəcək ki? Kimdir bizim sözümüzə baxan?”
Onunla razılaşmayan A.Rəhimzadə deputata irad tutub. "Biz bura "ştamp vurmağa” yığışmamışıq. Fikirlərimiz lazımdır və onun üçün yığışmışıq”.
Komitə sədrinin sözünü kəsən F.İbrahimli yenidən hazırkı vəziyyətdə onların çıxışının əhəmiyyətsiz olduğunu bildirib: "Onsuz da siz nə deyirsiniz, biz də "baş üstdə” deyirik”.
Komitə sədri deputatın replikasına narazılığını bildirərək, sözünü kəsib..
Millət vəkilləri arasındakı polemika sosial şəbəkələrdə də müzakirə predmetinə çevrilib.
Sözügedən məsələ ilə bağlı feysbukda status yazan "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də son dövrlərdə Milli Məclisdə qanun layihələrinin bir anda ortaya çıxmasının və bir anda da qəbul olunduğunun müşahidə edildiyini qeyd edib: "İctimai əhəmiyyət kəsb edən qanun layihələrinin ictimai müzakirələri təşkil olunmur, komitə və plenar iclaslara ekspertlər, maraqlı tərəflər dəvət edilmir. Hətta elə qanun layihələrinə rast gəlmək olur ki, onun Rusiya variantından tərcüməsi də yarıtmaz vəziyyətdədir və anlaşılmayandır. Ümumiyyətlə, maraqlı tərəflərin iştirakı ilə ictimai müzakirələrin təşkili baxımından indiki Milli Məclis əvvəlkilərdən çox qapalıdır. Əvvəlki tərkib Milli Məclislərdə əhəmiyyətli bir qanun layihəsi az qala nöqtə-vergülünə qədər diqqətlə incələnir, müzakirələr aparılırdı.
Bu gün oxuyuram ki, Milli Məclisdə deputatlarla komitə sədri arasında qalmaqal olub. Deputatlar qanun layihələrinin hazır vəziyyətdə komitələrə daxil olduğunu bildiriblər, onların fikirlərinə məhəl qoyulmadığından şikayətləniblər. Belə görürəm ki, şikayətlənən tək biz deyilik”.
Millət vəkili Fazil Mustafa isə "Şərq”ə açıqlamasında deyib ki, istənilən qanun layihəsinin müvafiq komitələrdə geniş şəkildə müzakirəsi aparılmalı və maddələrlə bağlı səslənən iradlara ciddi yanaşılmalıdır:
"Bəzi vaxt elə bir ciddi problem yaşanmasa da, müəyyən qanun layihələrinin müzakirəsi zamanı ciddi narazılıqlar olur. Hər hansı bir millət vəkilinin iradları və təklifləri nəzərə alınmayanda haqlı olaraq etiraz edir. Hesab edirəm ki, Milli Məclisin plenar iclası zamanı qanun layihələrinin müzakirəsi genişləndirilməlidir ki, layihədə olan yanlışlıqları düzəltmək imkanımız olsun. Ancaq bir çox hallarda qanunlar operativ şəkildə qəbul olunur deyə, nöqsanları aradan qaldırmaq mümkün olmur.
Qanunun icrası zamanı isə həmin maddənin narazılıq doğurması kimi faktlarla üzləşirik. Fəzail müəllimin etirazı da bununla bağlıdır ki, qanunu qəbul ediriksə, daha mükəmməl formada hazırlanmasına nail olaq. Qəbul olunan qanunlarda sonradan ortaya çıxan yanlışlıqlar Milli Məclisin nüfuzuna xələl gətirməsin deyə biz qanun layihələrinin geniş şəkildə müzakirəsini zərurət hesab edirik”.
Şəymən