"Mövsümdə qiymətlər bir az da çox yüksəlməli olur”



2017-ci ilin yanvar-mart aylarında ötən ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsulları 10 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8.6, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 11.8 faiz artıb.
Məlumatda o da bildirilib ki, 2017-ci ilin fevralına nisbətdə isə martda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,3 faiz bahalaşıb.

Son bir ayda şabalıdın, qozun, narın, lobya dəninin, balqabağın və baş sarımsağın qiymətində də bahalaşma müşahidə edildiyi bildirilib. DSK qeyd edir ki, mart ayında heyvandarlıq məhsullarından südün, mal, qoyun və quş ətinin istehsalçı qiyməti də qalxıb.

Kənd təsərrüfatı məhsullarının qiymətlərinin bahalaşması ilə bağlı "Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov bahalaşmanı qaynaqlandıran bir sıra səbəblərin olduğunu deyib: 

"Əvvəla, yaz mövsümü ilə əlaqədar əhalinin aqrar məhsullara tələbatı artıb. İkincisi, manatın məzənnəsi real olaraq stabil xarakter daşısa da, nəzərə almaq lazımdır ki, bütövlükdə keçən il ərzində milli valyutamız 15 faizədək, bu ilin yanvarında isə 8 faiz civarında ucuzlaşıb. Aqrar məhsulların istehsalı isə elə bir sahədir ki, bu, orada özünü dərhal deyil, tədricən göstərir. Yəni, devalvasiya amili kənd təsərrüfatı məhsullarının qiymətlərinə tədricən oturur. Üçüncüsü isə, biz, bir sıra kənd təsərrüfatı məhsulları ilə özümüzü yaxşı təmin edə bilmirik. Odur ki, əhalinin sözügedən məhsullara tələbatı obyektiv olaraq artır və mövsümdə qiymətlər bir az da çox yüksəlməli olur”.

Şəymən