Sürücü rayonun mərkəzi ilə heyvanı qanı axa-axa daşıdı, aləm bir-birinə dəydi
Rayonlarda və paytaxtda heyvanların daşınması ilə bağlı qaydalara əməl edilməlidir
Xaçmazın mərkəzində minik avtomobilinin yük yerində heyvanın qanı axa-axa daşınması videosu insanı dəhşəti gətirir. İnsanlar bu qədərmi insanlıqlarını itirib ki, canlıya belə zülm edirlər?!
Bu video "Xəzər Xəbər”də nümayiş olunub, sosial şəbəkələrdə də yayılıb.
Videodan görünür ki, "Jiquli” avtomobilinin açıq yük yerində qoyun daşıyır. Heyvanlardan ikisi sağdır, birininsə boğazı kəsikdir və kəsilmiş hissədən də qan axır. Heyvanın qanı maşının arxa şüşəsi ilə üzü aşağı süzülür. Sürücü bu vəziyyətdə avtomobili idarə edir, həm də Xaçmazın mərkəzi - Bakı prospekti ilə. Videonu arxadan gələn avtomobildə əyləşən çəkib.
Yayılmış video ilə bağlı artıq əlaqədar qurumlar hərəkətə keçib.
Görüntüləri izləyən ekspert Ərşad Hüseynov bildirib ki, minik maşınının damında canlı heyvan daşımaq qayda pozuntusudur, eyni zamanda sürücü başı kəsilmiş heyvanı sallaq halda, qanı axa-axa aparır.
Burada həm "Yol hərəkəti haqqında” qanunun 57-ci maddəsi - yükdaşıma qaydalarını kobud şəkildə pozulub. Qanunda qeyd edilir ki, heyvanlar daşınarkən xüsusi qaydalara əməl edilməlidir. Həmçinin sürücü sanitar-gigiyenik tələbləri də pozub. Hər iki qanun pozuntusuyla bağlı sürücü cərimələnməlidir.
Avtomobilin dövlət nömrə nişanını araşdıran rayon yol polisi bölməsindən "Xəzər xəbər”ə bildirilib ki, nəqliyyat vasitəsi Xaçmaz rayonunun Sayad kənd sakini Əliyeva Pərvər Mirzəbala qızına məxsusdur. Üstəlik, videoda avtomobili idarə edən başqa şəxsin buna icazə verən xüsusi etibarnaməsinin olmadığı da üzə çıxıb. Yol polisləri həmin sürücü haqqında ətraflı araşdırma aparır.
Video ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli "Şərq”ə açıqlamasında Xaçmazdakı olaydan xəbərdar olduqlarını bildirdi:
- Həmin videonu da biz də izləmişik və Dövlət Baytarlıq Nəzarəti Xidməti bununla bağlı rəyini açıqlayıb. DBNX bildirir ki, baş vermiş hal kobud qanun pozuntusudur, nə baytarlıq qaydalarına, nə də heyvan kəsimi qaydalarına uyğundur. Bununla bağlı DBNX hüquq-mühafizə orqanlarına müraciət edib.
Y.Xanvəli qeyd etdi ki, heyvanların bu şəkildə daşınması qəbuledilməzdir:
- Heyvanların daşınmasının qaydaları var. İstər bölgələrdən paytaxta heyvan gətirənlər, istərsə də paytaxtda bir yerdən digərinə heyvan daşınması ilə məşğul olanlar bu qaydalara riayət etməlidir. Heyvanlar sanitar-gigiyenik qaydalara uyğun, təmiz, təhlükəsiz şəraitdə daşınmalıdır. Heyvanların açıq şəkildə avtomobildə daşınması qadağandır. Çünki belə halda heyvanlar avtomobildən yıxıla bilər, bu təkcə sürücü, yaxud sahibkar üçün deyil, ətrafdakı vətəndaşların həyatı üçün də risklidir. Həmçinin heyvan əgər kəsim üçün daşınırsa, bu zaman sanitar normalara riayət edilməsi şərtdir. Heyvanların bu şəkildə, qəddarcasına daşınması insaniyyətdən uzaqdır. İnsan gərək canlıya əziyyət verməsin. Bu, bizim dinimizə də ziddir. Adicə, Qurban bayramında heyvanları kəsilməyə çıxaranda deyirlər, qurbanlıq heyvanla nəvazişlə davranın. Həmin sürücü isə rayonun mərkəzi ilə heyvanı qanı axa-axa aparır. Bu hansı insanlığa sığır?!
Y.Xanvəli vətəndaşları qanunsuz kəsim yerlərindən ət almaqdan çəkinməyə çağırdı:
- Qanuni kəsim yerlərində, eləcə də satış nöqtələrində, bazarlarda satılıq heyvanlar yoxlamadan keçirilir, kəsilmiş heyvanın ətindən nümunə alınaraq analiz edilir və heyvanın sağlam olduğu müəyyənləşdikdə ətlərə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin möhürü vurulur. Bu möhür ətin müayinə olunduğunu və sağlam olduğunu təsdiq edir. Məsləhət görürəm ki, vətəndaşlarımız dövlət nəzarətinin tətbiq olunduğu satış nöqtələrindən ət alsınlar və satıcıdan da ətin müayinədən keçirilməsinə dair baytar rəyini tələb etsinlər. Müayinədən keçirilmiş heyvanlarla bağlı da, ətlərlə bağlı da baytar həkimlər bu rəyi satıcılara təqdim edir. Alıcının tam hüququ var ki, bu rəyi göstərməyi satıcıdan tələb etsin. Pərakəndə, qanunsuz ət kəsimi yerlərindən ət almasınlar. Fırıldaqçılar min cür hiylə işlədir. Başqa-başqa heyvanların ətlərini mal, qoyun əti adı altında satmağa, pul qazanmağa çalışırlar. Dövlət Baytarlıq Nəzarəti Xidməti belə hallara qarşı mübarizə aparır, amma əhali də ehtiyatlı olmalıdır.
Məlahət Rzayeva