Xəstəlik aşkar olunarsa, cütlüyün ayrılması öz seçimləridir
Analizə gedən hər kəs cavabların müsbət və ya mənfi olmasından asılı olmayaraq mütləq psixoloji dəstək almalıdırlar
Ötən ay ərzində nikaha daxil olmaq istəyən 9 min 471 nəfər şəxsin icbari tibbi müayinəsi həyata keçirilib. Bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Qurum rəsmisi mart ayında 9 nəfərdə QİÇS, 36 nəfərdə isə sifilis xəstəliyinin aşkarlandığını bildirib.
Qeyd edək ki, "Ailə Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında” qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiqi ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların mütləq tibbi müayinədən keçməli olduğu bildirilir. Cütlüklərdə hansısa xəstəliyin aşkar edilməsi, onların sonrakı taleyi ictimaiyyətdə bir sıra suallar yaradır. Bəzən nikaha girmək istəyən gənclər xəstəliyə birlikdə qalib gəlmək istəsələr də, valideynlərin məsələdən xəbərdar olması vəziyyətin dəyişməsinə səbəb olur.
"Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi”nin sədri Zülfiyyə Mustafayeva "Şərq”ə açıqlamasında bildirib ki, əgər hər hansı bir xəstəlik aşkar olunarsa, cütlüyün bir-birindən ayrılmaması onların şəxsi seçimidir və heç kəs buna qarışa bilməz. Birlik sədrinin sözlərinə görə, analizə gedən hər kəs cavabların müsbət və ya mənfi olmasından asılı olmayaraq mütləq psixoloji dəstək almalıdırlar:
"Qanun layihəsi zamanı təkliflər vermişdik ki, insanlar analizlərdən əvvəl nə kimi yoxlanışa getdiyini bilməlidir. Əgər hansısa xəstəlik aşkar olunursa, cütlüklərə bildirilməlidir ki, bu zaman münasibətlər necə tənzimlənir, gələcəkdə uşaq istəyirlərsə, təhlükəsiz şəkildə dünyaya gətirmək üçün hansı addımlar atılmalıdır? Həmçinin onların hansı tibbi orqanlara müraciət etmələrinə dair göstərişlər verilməlidir. Çünki analizin cavabını aldıqdan sonra xəstəlik aşkar olunarsa, bu zaman peşəkar olan tibb müəssisələri var. Məsələn, talassemiya aşkar olunubsa, Talassemiya Mərkəzinə, QİÇS aşkar olunubsa, Respublika QİÇS-lə Mübarizə Mərkəzinə yönləndirilməlidirlər”.
Z.Mustafayeva həmçinin analiz nəticəsinin anonimliyinin də vacib olduğunu vurğuladı. Onun sözlərinə görə, hər bir insanın xəstəliyi onun şəxsi sirridir. Əgər gənclərdən birində xəstəlik aşkar edilibsə və ailənin içində müzakirə olunursa, bu, anonimliyin pozulması deməkdir:
"Həkimlərin xəstəlik barədə kənar adama məlumat bildirməsinə qanun icazə vermir. Yoluxucu xəstəliklər olsa belə, bu, həkim və pasiyentin arasında qalan bir məsələ olmalıdır.
Əgər tərəflər ayrılmağa qərar verəcəklərsə, bu onların öz seçimidir. Hər iki tərəf qarşılıqlı razılıq ilə ayrıla da bilərlər. Amma birlikdə olmağa qərar verirlərsə, onlara müəyyən qaydaların öyrədilməsi vacibdir. Xəstəlik daşıyıcısı olan insanların çox rahat şəkildə yaşamaq imkanları var. Bir şərtlə ki, tərəflərdən biri sağlamdırsa, onun sağlamlığı qorunmalıdır. Əgər qadın dünyaya uşaq gətirəcəksə, bu daha önəmlidir. Onların mütləq şəkildə lazımlı informasiyaya yiyələnmələri əsasdır. "Bir-birimizi sevirik, əl-ələ verək, analizlərin cavabı vacib deyil” kimi düşüncələr olmalı deyil. Çünki bu, gələcəkdə qadın və onun dünyaya gətirəcək körpəsi üçün faciə ola bilər. Ona görə də onlar müvafiq tibb müəssisəsinə yönləndirilməli və məsləhətlər almalıdırlar”.
Yeganə Bayramova