Narınc Rüstəmova: “Söyüş söyən ailələri araşdırsaq, görərik ki, özünə güvəni az olan ailələrdə vulqar sözlərdən daha çox istifadə edilir”
Söyüşün biri bir qəpikdir...
Aqşin Yenisey: “Biz anlayışlarla düşünə bilmirik. Düşünə bildiyimiz bütün anlayışlar da kökündən yanlışdır!”
Narınc Rüstəmova: “Söyüş söyən ailələri araşdırsaq, görərik ki, özünə güvəni az olan ailələrdə vulqar sözlərdən daha çox istifadə edilir”
Narınc Rüstəmova: “Söyüş söyən ailələri araşdırsaq, görərik ki, özünə güvəni az olan ailələrdə vulqar sözlərdən daha çox istifadə edilir”
Nizami Cəfərov: "Bizim uşaqlıq illərimizə baxanda indiki cavanlar bir o qədər də söymür”
Bir çoxları söyüş söyməyi, jarqonlardan istifadə etməyi normal hal kimi qəbul etsə də, cəmiyyət olaraq söyüş söyən insanlara qarşı münasibətimiz birmənalı deyil. Əksəriyyət danışığında kobud ifadələrə yol verən insanları tərbiyəsiz adlandırır, həmin insanı etik davranış mədəniyyətindən bixəbər biri kimi qələmə verir. Məhz bu nöqteyi-nəzərdən söyüş söymək məsələsi ölkəmizdə hər zaman müzakirə predmeti olub.
Bəzi ailələr lap kiçik yaşlarından övladlarına söyüş öyrədir, sonra isə müasir uşaqların tərbiyəsinin pozulmasından danışırlar. Ən pisi də odur ki, söyüş sadəcə uşaqların tərbiyəsini pozmur. Bir çox hallarda onların qanı bahasına başa gəlir.
Təbii ki, insanların müxtəlifliyi kimi, hisslərini ifadə etmək bacarığı da fərqli olur. Kimi əsəbiləşən zaman özünə qapanmaqla, sakit tərzdə əsəblərini cilovlamağa çalışır ki, bunun da nəticəsində çox zaman özü ziyan çəkir, digəri isə qışqırıb-bağırmaq, sındırıb-dağıtmaqla və bununla bəzən ətrafındakıları incitməklə daxilindəki aqressiyadan xilas olmağa çalışır.
Şair Aqşin Yeniseyin şəxsi feysbuk hesabında bu məsələyə toxunması isə mövzunu yenidən gündəmə gətirib. A.Yenisey qeyd edib ki, Rusiyada olduğu kimi Türkiyədə də ana söyüşünün biri bir qəpikdir. Bu, onun göstəricisidir ki, artıq ana məfhumu bu cəmiyyətlərdə mifik-poetik yaradıcı müqəddəslikdən həqiqi dəyərinə, yəni doğuşu reallaşdıran bioloji cins səviyyəsinə endirilib:
"Bizim düşüncəmizə görə, ana başqasını yox, məhz bizi doğduğu üçün müqəddəsdir, sanki, o, istəsəydi bizim yerimizə başqasını da doğa bilərdi. Məsələn, ayaqqabı alırmış kimi deyə bilərdi ki, ay oğlan, bunun "kariçnisin” ver və s. Eləcə də vətən anlayışı. Vətən bizim üçün ona görə müqəddəsdir ki, biz, sadəcə, başqa vətəndə deyil, məhz onda doğulmuşuq və kim bilir, başqa vətəndə doğulsaydıq, başımıza nələr gələrdi. Vətən sağ olsun, ona görə ki, bizə yiyə durub, qoymayıb başqa vətənlərdə doğulaq. O, bizə yaşaya bildiyimiz yox, doğula bildiyimiz yer, ərazi kimi müqəddəsdir. Başqaları öz vətənini yaxşı yaşadıqları coğrafi ərazi kimi sevdiyi halda, biz vətəni doğulmağımıza əngəl olmayan mifik bir xeyirxah kimi sevirik. Sanki, vətən istəsəydi, qoymazdı burda doğulaq. Analarımıza deyərdi, gedin o yanda doğun! Bunu yazmaqda iki məqsədim var; 1. Biz anlayışlarla düşünə bilmirik. 2. Düşünə bildiyimiz bütün anlayışlar da kökündən yanlışdır!”.
Psixoloq Narınc Rüstəmova isə söyüşə meyilli insanların adətən özünəinamlarının az olduğunu deyib. Onun sözlərinə görə, insan aqressiv, hətta çox xoşbəxt olarkən söyüşdən istifadə edir. Bu zaman insanın özünə nəzarəti azalır:
"Təsəvvür edin ki, güləndə bəzən qeyri-iradi olaraq möhkəmdən gülürük, hətta gözlərimiz yaşarır. Ümumiyyətlə isə iradəcə zəif insanlar söyüşə daha çox meyilli olurlar. Böyüklərə bu adəti tərgitmək elə də asan deyil. Məsələn, 25 yaşında bir oğlan üçün söyüşü tərgitmək, 5 yaşında uşaqdan daha çətindir. Əsəbi halda neqativ hissləri başqa səmtə yönəldə biləcək başqa üsul tapmaq lazımdır”.
Psixoloq bunun üçün ailə tərbiyəsinin olduqca vacib olduğunu deyib:
"Söyüş söyən ailələri araşdırsaq, görərik ki, özünə güvəni az olan ailələrdə vulqar sözlərdən daha çox istifadə edilir. Ailə başçılarının söyüşə meyilliliyi uşaqda da özünü göstərir və bu, zəncirvari olaraq, davam edir. Bizim cəmiyyətdə söyüş etik qaydalara zidd olaraq qiymətləndirilir. Bu baxımdan bəzən insanlar cəmiyyət içində söyüş söyməsələr də, evdə kifayət qədər bu üsula müraciət edirlər, hətta uşaqlarını da buna sövq edirlər. Lakin nəzərə almaq lazımdır ki, uşaqları söyüşə meyilləndirmək uşağın psixoloji inkişafına mənfi təsir göstərir. Bu gün bizim valideynlər uşağa söyüş öyrədir ki, əmini söy, dayını söy və bundan zövq alırlar. Uşaq isə özünə tənqidi yanaşa bilmədiyinə görə söyüşü cəmiyyət arasında istifadə edir. Bu da birbaşa olaraq, ətrafdakıların qınağına səbəb olur və təbii ki, digər valideynlər öz uşaqlarını belə bir uşaqdan uzaqlaşdırmağa çalışırlar. Bunun da nəticəsində uşağın sosiallaşması zəifləyir, dostları azalır, onu söyüş söydüyünə görə ələ salırlar”.
Kişilərin söyüşə daha çox meyilli olduğunu vurğulayan N.Rüstəmova qeyd edib ki, bəzən cəmiyyət arasında özünü tanıtmaqda çətinlik çəkənlər söyüşdən daha çox istifadə edir. Bu proses şüuraltı gedir. Hər halda, nə qədər çıxılmaz vəziyyətdə olsaq da, fikrimizi ifadə edərkən nalayiq sözlərdən çəkinməliyik. Ən azından ona görə ki, belə sözlər ətrafdakıların bizi yanlış anlamasına və nəticədə hörmətsiz münasibətinə səbəb ola bilər. Hörmətsiz biri olmağı isə heç kim istəməz...
Millət vəkili, akademik Nizami Cəfərov isə hesab edir ki, söyüş söyməyin kökü xalqların emosionallıq dərəcəsindən asılıdır. Onun sözlərinə görə, bizim söyüş söyməyə meyilli olmağımızın bundan başqa izahı yoxdur:
"Məsələn, almanlar və ingilislər emosional millət deyillər. Onlarda nə söyüş, nə qarğış, nə də yalvarış var. Bu xalqlar öz hisslərini adi sözlərlə ifadə etmək bacarığına sahibdirlər. Amma fransızlarda, italyanlarda, ispanlarda emosianallıq var. Onlar öz hisslərini ifadə edərkən söyüşdən də, qarğışdan da istifadə edirlər. Biz də emosional xalq olduğumuza görə, öz hisslərimizi ifadə edərkən söyüşdən və qarğışdan, alqışdan çox istifadə edirik”.
Söyüşlərin də bir yaradıcılıq nümunəsi olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, hər bir xalq öz dilinə və ənənələrinə uyğun şəkildə bu sözlərdən istifadə edir. Kim necə düşünürsə, dil də ona uyğun ifadə edir:
"Onu deyim ki, bizim uşaqlıq illərimizə baxanda indiki cavanlar bir o qədər də söymür. Görünür, bu da müasir dövrün, elmin- texnikanın inkişafı, təhsilin səviyyəsi ilə əlaqədardır”. N.Cəfərovun sözlərinə görə, insanların söyüşdən istifadə etməsi ailə tərbiyəsindən asılı olsa da, ətraf mühitlə daha çox bağlıdır: "Bizim mentalitetə görə ailədə söyüş söyməzlər. Nadir hallarda şahidi oluruq ki, hansısa oğul atasının, anasının, bacısının yanında söysün. Bizim ailələrdə emosiyalar daha çox yalvarmaq və qarğışla ifadə olunur. Ancaq ruslar üçün fərqi yoxdur, ailə, böyük-kiçik yeri gözləmirlər”.
Şəymən