İran səfiri məscid məsələsinə görə XİN-ə çağırıldı




"Şuşa məscidi ətrafında Ermənistan tərəfindən qazıntı işlərinin aparılması Ermənistanın qəsdən Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasətinin tərkib hissəsidir".

Bunu virtualaz.org saytına açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi xatırladıb ki, Şuşa şəhərində Yuxarı və Aşağı Gövhərağa məscidləri ilə bərabər, Saatlı məscidi, Vaqifin Mavzoleyi, Natavanın evi, karvansaray kimi abidələr dağıdılıb, yandırılıb, talan edilib. Ağdam məscidi vandalizm objektinə çevrilib. Bununla bərabər, işğal olunmuş Azərbaycan ərazilərində Qafqaz Albaniyasına məxsus xristian kilsələlərinin qəsdən Ermənistan tərəfindən tarixi-arxitektur üslubunun dəyişdirilməsi və erməniləşdirilməsi kimi siyasət yürüdülür.

"Ermənistan ərazisində olan Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti yaşayır. Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdiriməsi məqsədilə "yenidən təmir edilib" və onun Azərbaycan xalqına məxsus arxitektur üslubu qəsdən dəyişdirilib", - Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistanın bu kimi əməlləri 1954-cü il Haaqa və ya "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya" və həmin Konvensiyanın 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu üzrə üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır.